
Əhməd Cavadın “Azərbaycan, Azərbaycan” şeiri Səməd Vurğunun “Azərbaycan” şeirinin qaralamasına bənzəyir. Elə bil ki, Səməd Vurğun Əhməd Cavadın şeirini götürüb onu sovet qiyafəsinə salıb. Ancaq Əhməd Cavadın şeiri Səməd Vurğunun şeirindən çox gülməlidir. Şeiri axıracan oxuyub çıxmaq çətindir, çünki o qədər gülürsən ki, nəfəsin qaralır.
“Dağlarının başı qarlı”
Sonra Səməd Vurğun bu misrada iki hərfi dəyişib: “Dağlarının başı qardır”.
“Sinəsi yaşıl ormanlı”.
Orman – yəni meşə. Hərçənd “orman” “dağ”a qafiyə deyil. Həm də Azərbaycana “sinəsi meşəli” demək şişirtmədir və hətta uydurmadır. Hardadır Azərbaycanın meşələri? Bizim tikinti materialları həmişə Rusiyadan gəlməyib?
“Dərələri şirin barlı”.
Dərədə nə bar? Özü də dərədə yabanı nə isə bitirsə, çox güman ki, şirin olmaz…
“Səhraların sünbüllüdür”.
Səməd Vurğun da “Aygün” komik poemasında Azərbaycan çöllərinə səhra deyir. Azərbaycan Afrika deyil, Azərbaycanda səhra yoxdur. Və əgər torpaq “sünbüllüdürsə”, hardan səhra oldu?
“İl müdam üstü güllüdür”.
Belə səhra olar? “İl uzunu üstü güllü”!
“Bağçaların bülbüllüdür”…
Əlinə qələm alan azərbaycanlı “bülbül” deyir, ancaq vaxtında o quşa bir ad qoya bilməmişik, fars sözü işlədirik…
“Durna gözlü bulaqların”
Bunu da Səməd Vurğun çırpışdırıb. Hərçənd bulaq niyə “durna gözlüdür”, başa düşmürəm, çünki ömrümdə bulaq görməmişəm…
“Ormanında maral gəzər”.
Yəni meşədə maral gəzir.
“Göllərində qazlar üzər…”
İndi Cəfər Cabbarlının şeirinə baxaq:
Göllərində ördəkləri üzərlər,
Çöllərində maralları gəzərlər,
Güllərindən gəlinlər tac bəzərlər,h
Ceyran gözlü qızları var ölkəmin.
Cəfər Cabbarlıya görə, marallar meşədə yox, “çöllərdə gəzərlər”. Göllərdə də qazlar yox, ördəklər üzərlər…
Kefli İskəndər demuşkən, bu şairlər məni dəli edəcəklər… Bu sadalamalarda məhz Azərbaycana məxsus nə var? Hansı ölkədə qaz, ördək yoxdur? “Göllərində qazlar üzər” misrasının müəllifinə şair demək olarmı?
“Darvazamızı fələk vurubdu…”
“İlxında ayğır kişnəşir!”
“Başqa ölkələrin ilxısında atlar kişnəmir? Verdinin “Riqoletta” operasından hersoqun ariyasını oxuyur?
“Naxrında buğan güləşir…”
Burda gülməkdən dayanmaq olmur… “Naxrında”… “Naxırında” misraya yerləşmir, ona görə Əhməd Cavad ixtisar edir. “buğan güləşir”. Azərbaycanın buğası kimlə və ya nə ilə güləşir? Öz-özüylə? Naxırçı ilə?
“Qayaların əlvan mərmər!”
A kişi, ağ eləmə, nə mərmər. Qaya Afrikada da qayadır, Azərbaycanda da. Nə mərmər…
“Belində var qızıl kəmər…”
Azərbaycanın beli harasıdır? Qızıl kəmər müəllif nəyə deyir?
“Sinən odu şölə salır!
Dünya səndən işıq alır!
“Şeir” 1919-cu ildə yazılıb. 1919-cu ildə dünya Azərbaycandan işıq alırdı?
“Verməyəndə, zülmət qalır!”
Bu misra elə bil indi yazılıb, İlham Əliyevin neft-qaz şantajını xatırladır…
Onu deyim ki, yanacağımız olsa da, özümüz zülmət, his-pas içində olmuşuq. Bizim kəndə işıq 1961-ci ildə çəkilib. Qaz isə beş-altı il əvvəl. Qaz lampaları Avropa şəhərlərində 15-ci (!) əsrdən qoyulmağa başlanıb. Zülmətdə qalan kim olub?
“Arpa, buğda, düyün çoxdur!”
Arpanı, buğdanı deyə bilmərəm, ancaq düyümüz çox olmayıb, düyümüz İrandan gəlib…
“Yer üzündə yoxdur tayın!”
Nədə? Elmdə? Texnikada? Əhalinin rifahında? Təzə dövlət qurulur,müharibə, aclıq, epidemiya — tərifçi şairlərin gecəsi-gündüzü yoxdur…
“Gur-gur axar neçə çayın!”
Hə, neçə çay?
Sonra yenə quşlar sadalanır:
“Laçının var, tərlanın var!”
Sonra
Çoxlu şirin dastanın var!
Bu iki mirsa arasında hansısa məna, məzmun əlaqəsi var?
Sonrasına, yəni axırına baxın:
Qorxun yoxdur, düşmanın var!
Əslində müəllif demək istəyib ki, düşmənin var, ancaq qorxmursan. Ancaq fikrin düzgün ifadəsində qafiyə itir. Müəllif yeganı düzgün fikrini də qafiyəyə qurban verir…
Rusların sözü var: “Dva sapoqa para”. Bir-birinə çox oxşayan, hətta fərqlənməyən şeylər ya adamlar haqqında deyirlər: “Bir çəkmənin iki tayı”. Bunu Səməd Vurğunun Və Əhməd Cavadın “Azərbaycan” şeirləri haqqında demək olar. Hansı müəllifin necə insan, necə vətəndaş olduğuna baxmayaraq.
Yazıq Azərbaycan… Yazıq Azərbaycan uşaqları…
02. 05. 2024, Samara
