Mənə bir nəfər “Azərbaycan saatı” kanalını nişan verib tövsiyə edir ki, baxım və şərh də yazım. Mən də o insana sual verirəm: “Azərbaycan saatında” mənim son iyirmi ildə danışmadığım bir şey deyilirmi? “Azərbaycan saatı” məni oxuyub şərh yazırmı?
İndi məsələnin ayrı tərəfinə toxunum. Rəqəm adlandırmağa qorxuram, çünki bu sahədə peşakar deyiləm, ancaq güman edirəm ki, televiziya kanalı, lap ən sadəsi də, böyük sərmayə tələb edir. Studiya, avadanlıq, kameralar, mikrofonlar, işçilərin maaşı. Bir ətək pul. On minlərlə, bəlkə yüz minlərlə dollar.
İndi mənim çıxardığım qəzeti götürək. Bu qəzetə indiki məzənnə ilə yüz əlli dollardan da az pul gedir. Ancaq Samarada beş adam tapılmır ki, bu xərci boynuna götürsün. Əfəlləmiş kompütüri təzələmək üçün elə qənaətə keçirsən ki, üst-başın tökülür…
İndi təsəvvür edək ki, Həmin Qənimət Zahid ya Emin Milli Almaniyaya ya Türkiyəyə yox, Samaraya (Novosibirskə, Nijni Novqorada və s.) gəliblər. Və burda azərbaycanlıları yığıb deyirlər ki, studiya yaradırıq, ayda beş-on min dollar lazımdır. Bu sözlərii eşidən soydaşlarımız Qənimət Zahidi ya Emin Millini daşa basmasalar da, üzlərinə tüpürərlər. Vallah, belədir. Yüz dollarlıq qəzetin xərcini çəkməyən insanlar studiya xərci çəkərlərmi?
Qənimət Zahidin ya Emin Millinin televizorunun effekti ona görə sıfra yaxındır ki, onun xərcini Azərbaycan milləti yox, almanlar, fransızlar, isveçlilər, amerikalılar çəkirlər. Azərbaycanlılar isə Qənmət Zahidin televizoruna hind kinolarına baxdıqları kimi baxrlar. Avropalılar, amerikaılar gılib azırbaycanlıların əvəzinə küçəyə çıxmayacaqlar, oğru məmuru, müstəbid polisi rerində oturdmayacaqlar. Bunları azıərbaycanlılar özləri eləməlidirlər, unları eləməyə isə əzmləri, qeyrətləri yoxdur.
“Molla Nəsrəddin” jurnalının ona görə maarifçilik effekti var idi ki, onun xərcini xalq özü çəkirdi.
Qənimət Zahidin televizoruna baxan soydaşlara: gətirin “Azərbaycan saatına” xərclənən pulun ondan birini verin bizə, görün nələr yaradırıq! Heç olmasa, adama yüz rubl verməyə hazırsınız?
O ki qaldı bilavasitə Qənimət Zahidin televizoruna, mən bir dəfə bir verilişin bir hissəsinə baxdın. Bir ailə göstərirdilər. Bu ailə xarabalıqda yaşayır. Divarlar uçur, yəni heyvan heyvanlığıyla orda qalmaz. Kişi də arvad-uşağı yığıb başına hökumətdən şikayət edir.
Mən Əliyev rejimini, yumşaq desək, sevmirəm. Heydər Əliyevin rejimini də sevmirdim. Ancaq mənə elə gəlir ki, heydərəliyevə, ilhaməliyevə, kəmaləddin heydərova və s. baxmayaraq, Azərbaycanda ev tikmək olar. Qaranquş qaranquşluğuyla palçığı yumurlayıb özünə yuva tikir. Əgər əlli-ayaqlı kişi arvad-uşağıyla xarabalıqda yaşayırsa, bu insan əlini ağdan-qaraya vurmaq istəmir. Bu adamın kişi adına haqqı yoxdur. Ya başqa süjet: bir müharibə əlilinin bərbad vəziyyətdə olan evini göstərirlər. Qonşular deyirlər ki, hə, hökumət ev vermir buna. Mən özümü qonşulara tuturam: bəli, hökumət oğrudur, ancaq hökumət kənd camatını qoymur ki, yığışıb iki həftənin içində sağlamlığını onların yolunda qoymuş bu veterana bir ev qaralasınlar?
Elə hesab edirəm ki, tapşırığı yerinə yetirib şərh yazdım…
Ancaq Qənimət Zahidin televizoruna baxmağa vaxtım və həvəsim yoxdur. Öz xırda işim mənim üçün daha vacibdir…
07.03. 2016