Архив тегов | Azərbaycan toyları

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 27. TOYLAR: YEMƏYƏ GÖRƏ QINANMAQDAN OĞURLUQ ÜSTÜNDƏ TUTULMAQ YAXŞIDIR…

1961-ci il yanvarın 1-dən SSRİ-də denominasiya şəklində pul islahatı keçirilib. 1947-ci ildə buraxılan pullar 1961-ci ilin birinci kvartalında məhdudiyyət qoyulmadan 10:1 nisbətində təzə pullara dəyişdirilib. Buna “gizli devalvasiya” da deyirlər. Əhalinin alıcılıq qabiliyyəti 2 – 2,5 dəfə aşağı düşür.

İlk baxışdan heç nə dəyişmir, dəyişən pulun kütləsidir. Əslində isə denominasiya əhalinin öz təsərrüfatlarında yetişdirdiyi məhsulların, məişət xidmətlərinin qiymətinə ciddi təsir göstərirdi.

Lələm deyirdi ki, pul dəyişməmişdən qabaq ayaqqabını Salyanda dörd manata yamatdırırdın. İndi dörd manat olub qırx qəpiyə. Pinəçi ən azı bir manat istəyir.

Eləcə dəlləyə baş qırxdırmaq ya üz vurdurmaq.

Toylara denominasiyya qədər 30 manat atırdılar. Otuz manat on dəfə kiçiləndən sonra 3 manat atan adam “qara siyahı”ya düşürdü. Toyun yemək yerinə keçid balı göy “beşlik” olurdu. Pullular qırmızı onluq atırdılar. Qız toylarında bir müddət “üçlük” atmaq böyük rüsvayçılıq sayılmırdı.

Toyxananın yeməkyerini müvəqqəti kafe adlandırmaq olardı, hərçənd yeməklərin çeşidinə və keyfiyyətinə görə o, bəzi ölkələrdə evsizlər üçün açılan xeyriyyə yeməkxanalarına daha çox bənzəyirdi. Toyxanadan aralıda olan yeməkyerinin  girişində qoyulmuş stolun arxasında pulyığan və onun yazanı otururdu. Qonaq üçlüyünü ya beşliyini yazdırır, yeməkyerinə keçirdi. 1960-cı illərdə yemək çeşidsiz və standart idi: üçlük atana da, beşlik atana da kasada bozbaş verirdilər. Kasa yarıdan bir az çox doldurulurdu. Əlbəttə, ətlə yox. Pomidordan ya tomat pastassından qıpqırmızı qızarıb qovrulmuş soğanla dada gəlmiş suyun içində kartofun böyüyünün üçdə biri ya kiçiyinin yarısı və uzağı əlli qram ağırlığında ət tikəsi üzürdü. Hər kişiyə yüzqramlıq daş stəkanda araq da verilirdi və arağın da başı yarım olurdu. İnsafla desək, 60-cı illərdəki araqlar saxta deyildi, yetmişinci illərin əvvəllərində mal damlarında saxta araq istesalı başladı.Yəni ucuz, əslində içilməsi təhlükəli olan oğurluq spirt alıb Kür suyuyla qarışdırır, şüşələrə töküb saxta zavod kağızı yapışdırırdılar. Toy eləyənlər pula qənaət üçün saxta araq alır, yəni əziz övladlarının toylarına çağırdıqları insanları bilə-bilə zəhərləyirdilər.

Oğlan məcburi evləndirilməyibsə, qız zorla qaçırılmayıbsa ya ata-anasının zoruyla verilməyibsə, toy bəylə gəlinin də, onların valideynlərinin də həyatında ən əlamətdar hadisədir. Ancaq mənim uşaqlıqda gördüyüm toylara el şənliyi demək olarmı? Mənə elə gəlir ki, olmaz.

Elə yeməkyerinin qapısının ağzında pulyazanın oturmağı bizim toyarı şənlik statusundan mərhum edirdi. Hələ dəvətnamə olmayan vaxtlar kənddə qapı-qapı düşüb təkidlə toya dəvət edirdilər. Yəni acizanə xahiş edirik gəlib bizim gədənin toyunu öz hüzurunla şərəfləndirəsən… Ancaq belə təkidlə dəvət edilən insan yemək yerində qarnı doymayanda və bozbaşının qalan suyuna doğramaq üçün  yemək paylayandan daha bir parça çörək istəyində qiyamət qopurdu. Bəyin atası, anası, nənəsi, cicisi, bibisi yemək yerinə nəzarətçi təyin edilmiş adamdan tələb edirdilər ki, “doyub-dolanmayan” kimdisə, onu atsın qırağa…

Toylardan sonra bəzən aylarla kimin nə qədər yediyi barədə biabırçı söhbətlər gedirdi…

Mənə elə gəlir ki, yeməyə görə qınanmaqdan oğurluq üstündə tutulmaq yaxşıdır. Yediyini qonağın, hətta yaxın qohumsa da, başına qaxmaq bizim milli xassəmizdir… Qonağın dalınca nə deyirlər? “Mal kimi yedi… Pota kimi basdı… Gəirdiyini də özü tıxdı…”

Toyxanadan, yemək yerindən başqa toyda daha bir strateji məkan var idi: yemək bişirilən yer. Sıra ilə ocaqlar qurulur, teştlər, qazanlar asılırdı. Mən uşaq olanda kənardan aşpaz da gəlirdi. Kəndimizn xeyli toyunda lələmin dayısı qızı Narxanım xala aşpazlıq eləyərdi. Çox döyüşkən, hazırcavab, zarafatcıl arvad idi. Bəzən ağzından hətta kişini də qızarda bilən sözlər çıxırdı. Sonradan kəndimiz öz aşpazlarını yetişdirdi… Mal-heyvanı “farağatlayandan” sonra bəlkə evdə yavan çörək də yeməyə macal tapmamış, indi toyxana ətrafında qaçdı-tutdu oynayaraq acıyıb ürəyi axan azyaşlı uşaqlar həndəvərini qovrulmuç soğanın ətri bürümüş yemək yerinə yaxın gedirdilər ki, bəlkə aşpaz bozbaşın suyundan iki-üç qaşıq boşqaba töküb verələr.

Uşaqları toy yiyəsi qabağına qatıb qovurdu…

Məgər el şənliyi ilk növbədə uşaqar üçün deyil?

Bəlkə hərə evində olanını büküb gətirsəydi, daha yaxşı olardı? Əsl el şənliyi belə olmurmu?

Mən 60-cı illərin toylarından danışıram, əlbəttə, adamlar çox kasıb idilər. Ancaq sən beş-on uşağı başına yığıb qabaqlarına yarım kasa bozbaş suyu ilə para təndir çörəyi qoymursansa, bu, kasıblıqdan deyil. Bu o deməkdir ki, öz elədiyin toya nə özün şadsan, nə gələnləri şənləndirmək fikrin var. Sənin fikrin xərcini çıxarmaq, “irəli düşmək”, ən pis halda “əl-ələ baş-başa” çıxmaqdır…

 Əksəriyyətində uşaqların dərsliyindən başqa kitab olmayan evlərin hər birində göz-bəbəyi kimi qorunan, ailənin qızıl-gümüşü ilə bir yerdə saxlanılan, az qala hər sətri əzbərlənsə də, vaxtaşırı çıxarılıb baxılan bir kitab, daha doğrusu dəftər var idi: toyun pul hesabatı. Nəinki ölkənin tarixini, hətta doğmalarının, əzizlərinin dünyaya gəldiyi ya öldüyü günü bilməyənlər lap əlli il qabaq hansı toya nə qədər pul atdıqlarını, kimin onlara nə qədər borclu qaldığını, gecə yarısı yuxudan ayıltsaydın, səhvsiz söylərdilər. Toya gəlib borcundaz az verənin qapısına da gedirdilər, yolda tutub adam içində abrını da alırdılar…

Sonralar, bəlkə də 70-ci illərin əvvəllərindən, bozbaş kasası xeyli qatılaşdı, üç adama bir araq şüşəsi qoyurdular. Toy yerində arağın satılmağı da o vaxt ya daha əvvəl başlandı. Verilənlə doymayan puluyla araq ala bilirdi. Toyda araq satmaq da “çax-çuxa” çevrilirdi…

Əlbəttə, yəqin ki, lap min il qabaq, ən kasıb adamların da toyu el şənliyi olub. Yəni yığılıblar, çalıb-çağırıblar, atılıb-düşüblər. Varlı kasıbın, yetimin qarnını doydurub, kasıb toyuna elliklə kömək eləyiblər. Toylar sonradan tədricən əsasında “əvəz-əvəz” prinsipi duran üzücü marafona, borca salan, müflis edən bəhsləşməyə çevrilib…

Bizim toylarda pərtlik, narahatlıq keçirməmək üçün gərək dərin qalın olaydı…

Sonradan toy texnologiyası dəyişdi. Toyxanalar yığışdı, toyxanaların yerinə “məclis  (Milli məclisdən qabaq) gəldi, onun da yerini “şadlıq sarayı” tutdu.

Şadlıq…

Mənə deyirdilər ki, indi (yəni ən azı on il əvvəli deyirəm, son dəfə Azərbaycanda olduğum vaxtı) toylarda yeddi-səkkiz yemək verilir, tökülüb qalır, yeyilmir…

Məsələnin əxlaqi, yəni sadə dillə desək, insanlıq tərəfini götürsək, vəziyyət əslində daha da xarablaşıb. Bir ailədən toya adətən bir nəfər gedir. Deyək ki, yüz, iki yüz, üç yüz, lap min manat yazdırır və partlayanacan yeyir. İçəndirsə — içir də, ürəyin istəyən içkilər var. Yəni verdiyi bir ətək pula bir ton basır içəri. Ancaq verdiyi pul ailə büdcəsindəndir. Tək adam bir toyda yeyib-içməyə ailənin bir həftəlik, on günlük büdcəsini xərcləyir, ailənin qalan üzvləri həmin müddətdə yavan çörək yeyir…

Adamların başına yerimir ki, hamının da olmasa, əksəriyyətin kasıb olduğu vaxt həmişəlik keçdi. İndi varlı da var, kasıb da. Bunu, əlbəttə görürlər, ancaq nəticə çıxarırlar. Kasıb varlının yerişini yerimək istəyir, var-yoxdan çıxır, sələmçi, bank əsarətinə düşür…

Qəribədir ki, israfçılıq edənlər də, “millət acından ölür” deyənlər də eyni adamlardır. Yaşayışlarında nizam yaratmağa heç kimin əzmi çatmır…

ardı var

22. 01. 2025, Samara

əvvəli burda:

ƏRƏBQARDAŞBƏLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 26. TOYLAR: QİSMƏTİN TOYU