Архив тегов | Azad Qaradərəli

“KULİS.AZ” SAYTININ REDAKTORUNA MƏKTUB

Hörmətli redaktor!

Azad Qaradərəli ilə əməkdşınızın söhbətinin video yazısına baxıb çox hiddətləndim. Çünki Sizin həmsöhbətiniz mənim haqqımda, yumşaq desək, gözünü qırpmadan yalan danışır.

Qaradərəli deyir ki, guya mən ona haçansa müraciət eləmişəm, demişəm ki, Bakıda tərcümələrimi hara göndərirərmsə, çap eləmirlər. Ancaq təxminən il yarım əvvəl Qaraddərəli mənə Feysbukda müraciət edənə qədər mən nə bu adamı tanıyırdım, nə də onun jurnalını. Baxın, bu onun mənə ilk müraciətidir. Skrinşotu da əlavə edirəm ki, şübhəniz qalmasın. Azad Qaradərəli yazır:

“Salam.Təsadüfən sizin bloqunuza rast gəldim. Tərcümələriniz diqqətimi çəkdi. Ona görə dostluq göndərdim

Mən müstəqil «Yazı» ədəbiyyat dərgisinin baş redaktoruyam. Maliyyə problemindən gecikə-gecikə də olsa çıxırıq. Tərcümələrinizdən bizim dərgiyə də göndərə bilərsiniz.

Dərgimizin elektron variantı — saytımız da var. Bu ünvana müraciət edə bilərsiniz

yazidergisi.com”

qaradərəli.jpg

Bu da mənim cavabım:

Salam, hörmətli Azad müəllim! Diqqətinizə görə minnətdaram. Mənim tərcümələrim Azərbaycanda cəmi bir dəfə çap olunub — 1989-cu ildə Anna Axmatovanın üç şeiri «Ədəbiyyat və incəsənət» qəzetində. Tərcümələrə elə «əl gəzdirilmişdi» ki, indiyəcən acığım soyumur. Mən, əlbəttə, müxtəlif illərdə çevirdiyim şeirlərin Azərbaycanda oxunmağını istərdim, bir neçəsini jurnalınıza göndərərəm…”

Və mən bir neçə tərcümə göndərdim ki, indi buna çox peşmanam. Sonralar da Azad Qaradərəli məni fakt qarşısında qoyurdu, birdən yazırdı ki, “dərgi”nin yeni nömrəsinə mənim tərcümələrimi qoyur, varsa, yenə göndərim. Deməliyəm ki, “Yazı”nın neçə nömrəsində çap olunduğumu bilmirəm, o jurnalın bircə nömrəsini də görməmişəm.

O ki qaldı mənim guya Bakıya yazılar göndərməyimə, mən son otuz ildə Bakıya heç yerə yazı göndərməmişəm. 1989-cu ildə “Ədəbiyyat və incəsənət” qəzetində çap olunan tərcümələri mən Anara göndərmişdim, buna qədər isə Anarla xeyli yazışmışdıq, bir dəfə onunla Bakıda da görüşmüşdüm və o mənə Azərbaycana qayıdıb yeni yaranan tərcümə mərkəzində işləməyi təklif etmişdi. “Ədəbiyyat” qəzetində gedən tərcümələrə xeyli düzəlişlər edildiyindən mən Anara qəzəbli məkdub yazdım (boynuma alıram ki, yolverilməz ton və leksika ilə), bununla da hər şey bitdi.

2007-ci ildə “Mediaforum” saytında mənim 17 şeirim gedib. O şeirləri Samarada yaşayan qardaşının yanına gedib-gələn jurnalist Surxay Hüseynli alıb Bakıya aparmışdı. Yəni ki, o şeirləri də mən göndərməmişdim.

Azad Qaradərəli məni “Samarada yaşayan yaşlı birt kişi” kimi tqədim edir. Mən doğrudan da 1985-ci ildən Samarada yaşayıram və 64 yaşım var. Ancaq bu “yaşlı kişi”nin hələ 1979-cu ildə Azərbaycan jurnalında tənqidi məqaləsi, 1981-ci ildə hekayəsi, 1983-cü ildə “Literaturnı Azerbayjan” jurnalında məqaləsi (dissertrasiyamın bir hissəsi) çap olunub. Həmin məqaləyə sonra “Literaturnoye obozreniye” jurnalında “1985-10) yaxşı qiymət verilib. Belə yaxşı qiymət hekayəmə də verilib. (“Ədəbi proses -1982). O vaxtlar Azad Qaradərəli hardaydı və kim idi?

Mənim uşaqlığım çətin, davalı bir ailədə keçib, ancaq bu ailədə uşaqları tamahsızlığa, düzlüyə öyrədiblər. Mən heç vaxt redaksiya qapılarını gəzməmişəm. Rusiyada yaşayandan  Azərbaycanda kimin nə yazdığı ilə iki-üç ildən bir epizodik maraqlanıram. Və görürəm ki, indiki “yaradıcı” gənclər də 35-40 ilin qabağın “yaradıcı” gənclərinə iki damla su kimi oxşayırlar: yenə həmin cahillik, dəstə-dəstə çayxanalrı gəzmək, xam axtarıb hesabına qarın doyurmaq, min cür hoqqa ilə, alçalmaqla, əyilməklə əlyazmalırını harasa, kiməsə sırımaq, dilənib kitab çıxartdırmaq…

“Sən mənə bir qoonaqlıq borclusan…”

Azad Qaradərəlinin jurnalında çap olunmağa mənim heç bir motivasiyam olmayıb, çünki bu jurnalın kontenti İnternet axtarışçıları tərəfindən indeksasiya olunmur və burda çap olunmaq yazdığını torpağa basdırmaq kimidir. Və mənim ilk tərcümələrim bu jurnalda il yarım bundan qabaq çıxıb. Bu müddət ərzində bu tərcümələr haqqında mətbuatda bir kəlmə deyilməyibsə, ora yazı verməyin nə mənası var? Təkrar edirəm ki, məni hər dəfə Qaradərəli fakt qarşısında qoyurdu və mən “yox” deyə bilmirdim.

Və bu azsavadlı, komplekslərlə doıu insanla münasibət məni həm də onun fövqəladə qabalığına və müxtəlif eyhamlarla məni aşağılamağa çalışdığına görə sıxırdı. Ondan rədd olmaq istəyirdim, ancaq fövqəladə kinliliyini nəzərə alıb onun dilinə-ağzına düşmək istəmirdim. Özünüz görürsünüz ki, o, göz qırpçadan hər cür böhtan quraşdıra bilər!

Mənə yazmaq üçün, tərcümə etmək üçün nəinki çap olunmaq, hətta oxunmaq da vacib deyil. Mən bu işi ona görə görürəm ki, öz insan adımı doğruldam və Şekspir, Oden, Frost, Tsvetayeva, Bodler kimi insanlarla ünsiyyətdə ola biləm.

Mənim Bakıya “yazılar göndərmədiyimi” redaktor həmkarlarınızdan öyrənə bilərsiniz. Ancaq bu məktubumun saytınızda çap olunmağını istərdim, çünki məhhz Sizin saytda, Sizinlə söhbətdə mənə böhtan deyilib.

Hörmətlə

Xeyrulla Xəyal

Samara

«SƏRXOŞ GƏMİ» BAKIYA ÇATDI?

Təxminən iki ay əvvəl yazıçı və naşir Azad Qaradərəli Bakıdan mənə yazdı ki, tərcümələrimi mənim bloqumda görüb və onlardan nümunələri başçılıq etdiyi “Yazı” jurnalında vermək fikri var. İndi Azad müəllim FB-da “Yazı” jurnalının yeni sayının çıxdığını bildirir və çap olunmuş əsərlər və müəlliflər sırasında dahi fransız şairi Rembonu göstərir. Beləliklə, mən Rembonun “Sərxoş gəmi” şeirinin Azərbaycan dilinə tərcüməsinin çap olunduğunu güman edirəm.

azadAzad Qaradarəli
Mənim ilk yazım Salyanın “Qələbə” qəzetində çıxanda 12 yaşım olub. Əsil sevinc onda idi – az qalırdın başını vurasan divara… O vaxtdan 50 il keçib… Mənim yaşımda çox az şeyə sevinirsən… Sevinc, təəssüf ki, yoxdur. Ancaq Azad Qaradəriliyə qarşı böyük minnətdarlıq hissi var – mən rus, ingilis və fransız dilindən etdiyim xeyli tərcümənin oxunmasını, əlbəttə, istəyirəm. Bir vaxtlar Abbas Səhhətin, Sabirin, Mikayıl Müşfiqin, Cahanbaxşın, Mikayıl Rzaquluzadənin tərcümələri məni həm maarifləndirib, həm də mənə xoşbət saatlar, günlər bağışlayıb. Məni ara-sıra tərcümə işinə sövq edən həm də borc hissidir. Bundan başqa, mənə elə gəlir ki, “Sərxoş gəmi” kimi çox mürəkkəb  daxili təşkilatlı və zəngin dilli əsərlərin təcrüməsi bizim dilimizin imkanlarını üzə çıxarır, iş uğurludursa, bu imkanları, az da olsa, zənginləşdirir.

azad-jurnal
Hörmətli Azad Qaradərəliyə, jurnal üzərində zəhməti olan bütün əməkdaşlara dərin təşəkkürümü bildirirəm. “Sərxoş gəmi”nin azərbaycancaya tərcüməmin ilk oxucusunun da Azad müəllim kim zəngilanlı olduğunu xatrlatmağı lazım bilirəm…
Onu da deyim ki, on illərdir ki, bakıdakılar, yəni ədəbiyyat mühitini nəzərdə tuturam, qətiyyətlə məni «görmürlər». Ancaq mən varam… Azad Qaradərəli gördü…
Məni İnternertdə oxuyan azdır, bunu tez-tez yazıram: 10-15 nəfər. Onların hamısını “Yazı” jurnalını və onun son sayındakı tərcümələri oxumağa çağırıram.
Xeyrulla.
07.09.2016
Samara