Архив тегов | Azadlıq radiosu
EY HÖRMƏTLİ MÜƏLLİM, HƏR KÖNÜLDƏ YERİN VAR…
AĞANƏZƏRƏM, AĞANƏZƏR…
BİZ İNTERNET MÜZAKİRƏLƏRİNİ DƏ SÜNNƏT TOYUNA ÇEVİRİRİK…
«Azadlıq» radiosunun saytı üçün şərh
Biz azərbaycanlıların çoxunda hətta faciə səbəbiylə qurulmuş yığıncağı lağlağıya çevirmək xüsusuyyəti var, bəzən yas məzhəkəyə dönür, molla çevrilir təlxəyə. Bu, azsavadlı və ya tamam savadsız adamlar üçün çox əlverişlidir, çünki məzhəkə, lağlağı, qapazvurdu iştirakçıların hamısını ən azı zahirən bir səviyyəyə endirir.
Mən hələ qırx il qabaq “Azadlıq” radiosuna qulaq asdığım vaxtları xatırlayıram, radioya müxtəlif antenna əlavələri eləməklə, antennanı ovuca alıb sıxmaqla verilişləri qırıq-qırıq da olsa, eşitməyə çalışardıq. İndi Azərbaycan oxucusu və dinləyicisi üçün ən mühüm resurs olaa biləcək radionun saytındakı lağlağıçılıq, ən ciddi mövzunun müzakirəsini qapazvurduya, balıncatdıya çevirmək səylərini görmək məyusluq doğurur. Əlbəttə, bilik zəif olanda ya heç olmayanda arqument əvəzinə rişxənd, dişağartma, meymunluq üzə çıxarılır. “Oxucu”, “Dilçi” və s. Mən heç kimi təhqir etmək fikrində deyiləm, ancaq niyə bu adamlar öz adlarını yazmırlar yaxud daha neytral mənalı təxəllüsdən istifadə etmirlər? Burda biri mənim ağzımı əyir və yaşadığı yer kimi Samaranı göstərir. Bu nə deməkdir?
Əkrəm Əylisli, səhv etmirəmsə, “Kür qırağının meşələrində” müəllif adından yazırdı ki, bu kənd nəinki elektrikləşsə, hətta hər evdə yüz lampalıq çilçırraq yansa da, adamlar həminki olacaqlar…(Mən yaddaşda qalan kimi yazıram və təhrif etdiyimə görə üzr istəyirəm). İndi də bu Azərbaycan İnterneti…Amerika Konqresinin (səhv etmirəmsə) maliyyələşdidiyi və dünyada insanın ruh və fikir azadlıqlarının qorunmasına və inkişafına yönəlmiş “Azadlıq” radiosunda gedən müzakirələrin sünnət toyları səviyyəsinə endirilməsi təəssüf doğurur. Bundan artıq təəssüf doğuran özünü müxalifət fəalları sayan adamların bu radioya biganəliyidir, bu radio onlar üçün yalnız özləri çıxış edəndə maraqlı oliur və bu, müxalifətin xalq içində zəif dayağı olmağının səbəblərindən biridir…
O ki qaldı cənab Əylislinin romanına, mənə elə gəlir ki, Əkrəm müəllim bir vacib şeyi ya unudur ya özünü unudan kimi göstərir: Əkrəm Əylisli müharibədə basılmış, oğulları qırılmış, qadınları, uşaqları əsir getmiş xalqın nümayəndəsidir və düşmən tərəfə, özünün dediyi kimi, sülh məsajları göndərməklə özünü cəbhə xəttinin o tərəfinə qoyur. Və yaxşı olardı ki, Əkrəm müəllim özünü Tolstoyla mümkün qədər az müqayisə edəydi, qraf Tolstoy, nəhəngliyindən başqa, imperiya ordusunun zabiti olub, dağlılarla döyüşüb və dağlılardan üzr istəməyə mənəvi haqqı da vardı…
ÖZ ADINDAN DANIŞ, CƏNAB, ÖZ ADINDAN
«Azadlıq» radiosunun saytına şərh
“Rusiya azərbaycanlıları ittifaqı”nı yaradanlardan biri Rüstəm İbrahimbəyovdur, R. İbrahimbəyov Azərbaycanın indiki prezidentinə qarşıdır, hakimiyyyətin yenilənməsini istəyir, “Milli Şura”ya sədr seçilib. Onun həmkarı V. Ələkbərov isə Azərbaycanın indiki prezidentini (“bütün aəzrbaycanlıların prezidenti” — ?) danışıqsız dəstəklədiyini bildirir. Burdan nə isə başa düşmək mümkündürmü? Başa düşülə bilən bircə şey odur ki, mərhum Asif Əfəndiyevin dediyi kimi “dünyanı keçəl Həmzələr bürüyüb”, yüksək intellekt, iş bacarığı və hədsiz var-dövləti olan adamların bir şeyi çatmır — əxlaq prinsipləri! V. Ələkbərov kimi adamlar bütün Rusiya azərbaycanlılarının adımdan buna heç bir səlahiyyəti olmadan danışmaqla həm də bizi hörmətdən salır, bizi sürü kimi qələmə verirlər.
Nə Konqresdə olanda, nə də indiki təşkilata üzvlüyü vaxtında V. Ələkbərovdan Rusiya azərbaycanlıları bir qara qəpiklik xeyir görməyiblər – hansı bölgədə olub? harda qastarbayterlərin həyatıyla maraqlanıb? hansı mədəni-maarif layihələrini həyata keçirib? O ki qaldı Abbasova, bu cənabın may ayında Samaraya çağırılmamış qonaqlığı yerli azərbaycanlılara bir ətək pula başa gəldi – başının dəstəsiylə bahalı mehmanxanada yaşadı və havayı yeyib-içdi.
Yaratdıqları təşkilatın Kreml layihəsi olmadığını deyən V. Ələkbərov, əlbəttə, yalan danışır. İndi Rusiyada ən hörmətli ictimai təşkilatlara da açıq-aşkar divan tutulur, hörmətli insanlar ölkəni tərk etməyə məcbur olurlar. Abbasovun bu fonda baş verən bölgə qastrolları yalnız Kremlin tapşırığıyla ola bilər və bunu Abbasov Samarada gizlətmirdi də. Moskvada ictimai fəaliyyətə cəhd edən taciklər, türkmənlər, özbəklər bıçaqlanırlar, oğurlanıb yoxa çıxırlar ya da tutulub diktator rejimlərinə təhvil verilirlər. Abbasov üçün bu gözəl şəraiti yaratmaqda, əlbəttə, Kremlin öz niyyətləri var.
Və, əlbəttə, çox isətrdik ki, V. Ələkbərov kimi adamlar, nə qədər oğurluq sərvətləri olsa da, öz adlarından danışsınlar. Qoy cənab Ələkbərov öz əməyi və intellekyiylə dolanan minlərlə azərbaycanlını öz bədnam dəstəsinə qatmasın.
VAXTSIZ BANLAYAN XORUZ
«Azadlıq» radiosunun saytına şərh
Hətta Rusiya vətəndaşlığı olmayan bu adamın Ruasiya azərbaycanlıları adından bəyənatlar verməyi görünməz və eşidilməz bir utanmazlıqdır. Kim Abbasovu vəkil edib? İki cüt bir adamadan ibarət Azərros? Telman İsmayılov?
Əslində Rusiyadakı iki milyondan çox azərbaycanlının yarıdan çoxu gərək Abbas Abbasovu məhkəməyə verəydi, çünki onlar bu cənabın baş nazir işlədiyi vaxtlar özlərinə iş, layiqli həyt şəraiti tapmayıb Azərbaycanı tərk etməyə məcbur olublar.
Bu bəyənatı nə qədər diqqətlə oxusan da, ittihamların kimə qarşı yönəldiyini başa düşmək çətindir. Bu cənab deyir ki, Azərbaycanda “siyasi və ictimai sakitlik var” və bəzi insanlar bu sakitliyi pozmağa çalışırlar və hətta bu adamların kim olduğu ona məlumdur. Ancaq Abbasov konkret ad çəkmir, qeyri-müəyyən siyasətçiləri, jurnalistləri, politoloqları ittihamlandırır. Yəni bunu normal dilə çevirsək, Abbasov hər işi qaydasında olan Azərbaycan hakim rejimini müdafiə edir. Kimlərdən? Türməyə atılmış gənclərdən? Döyülən, söyülən, yataqlarında videoya çəkilən, cərimələnən jurnalistlərdən?
Əslində dolaşıq bu mətnin məzmununu bir sözlə xarakterizə eləmək olar: təhrikçilik. Ya da fitnəkarlıq. Əslində bu cənabın Rusiyada bir il əvvəl başlanmış bütün fəaliyyəti fitnəkarlıqdan ibarətdir. Əlbəttə, FSB və Volodin idarəsi ilə əməkdaşlığı şübhə doğurmayan cənab Abbasovun nitqləri, Rusiyada canfəşanlığı Azərbaycan iqtidarına Rusiya diasporurnun böyük qüvvə olduğu və bu qüvvənin istənilən vaxt hərəkətə gətirilə biləcəyi barədə siqnallar göndərməkdir. Yəni ki, diasporun iqtidara qarşı təzyiq alətinə çevrilə biləcəyinə Bakı rejimini inandırmaqdır. Gülməli burasıdır ki, Abbasov FSB tapşırığını yerinə yetirəndə Azərbaycanda öz maraqlarını nəzərə alır – biznesini, qohum qardaşını – ona görə də onun mətnləri məntiqsiz, baş-ayaq olur, İlham Əliyevi qorxutmaq əvəzinə, o, jurnaliistlərə, politoloqlara (!) hücum edir.
Rusiyanın azərbaycanlı diasporu nəinki siyasi, heç ictimai qüvvə də deyil.Nəzərə almaq lazımdır ki, Rusiyadakı fəal yaşlı azərbaycanlıların mühüm hissəsi bir baxt müharibədən qaçıb. Onları heç vaxt tüksək materiya düşündürməyib və indi də düşündürmür. İkinci faktor: qeydiyyata alınmış yüzlərlə azərbaycanlı təşkilatlarınin olduğuna baxmayaraq, Rusiyada həqiqətən qarşısına dəqiq ifadə olunmuş ictimai-siyasi məqsədləri olan təşkilatlar yox kimidir. Hər təşkilat milli təşkilat rəhbəri statusundan istifadə edib reqion rəhbərləri ilə şəxsi yaxınlıqlar yaradan bir-iki nəfərdən ibarətdir. İldə bir dəfə Novruz bayramı – bu da bütün fəaliyyət. Yəni ki, Azərbaycan diasporu Rusiyada hələlik boş tüfəngdir. Boş tüfəngdən də, atalar demişkən, iki adam qorxur….
O li qaldı cənab Abbasova, yəqin o, Volodinin tapşırığıyla həftədə bir dəfə şivən qoparmalıdır. Ancaq bu şivən vaxtsız səslənən xoruz banını xatırladır…
MİLLİ ŞURANIN «HEÇ KİM» SEÇİMİ
«Azadlıq» radiosunun saytı üçün şərh
Azərbaycan müxalifətçiləri haqqında çoxdan danışıb xalqın qulağını dəng etdikləri Milli Şuraya R. İbrahimbəyovu sədr seçməklə Azərbaycanda demokratik yönlü hərəkata iqtidarın da vura bilməyəcəyi zərbəni vururlar. R. İbtrahimbəyov haçandan demokrat olub? Bakıda torpaq sahələri əlindən çıxandan? Onun dostluq elədiyi Rusiya milyarderlərindən hansı demokratdır? Neçə ildir ki, Putun Rusiyada demokratiyanı metodik şəkildə tapdalayır, niyə İbrahimbəyov və dostları səslərini çıxarmırlar? Onlar Azərbaycana ancaq “Çerkizon” tipli layihələrlə gələ bilərlər – İlham Əliyevin onlardan nəyi pisdir?
Və aeroportda azacıq ləngidilən kimi “daban əlli altı” demiş adam son dərəcə ağır riskləri olan siyasi mübarizəyə necə başçılıq edə bilər?
Əslində Rüstəm İbrahimbəyov seçimi “heç kim” seçiminə və həm də “Çernenko” seçiminə bərabərdir, iyirmi ildən çox peşəkar müxalifətçilik həyatını yaşayan adamlar öz liderləri olan yeni nəslin yetişdiyini ya görə bilmirlər ya görmək istəmirlər. Məgər İlqar Məmmədov yetkin lider deyil? Siyasi əzminə, düşüncə miqyasına görə onunla kimi yan-yana qoymaq olar? Həm də Şura sədri seçilməsi Azərbaycan demokatiya hərəkatə üçün çox gərəkli olan İlqar Məmmədova əlavə müdafiə yaradardı, belə müdafiə üzərinə hakimiyyətin bütün repressiya vasitələri yönəlmiş adam üçün vacibdir. Bəxtiyar Hacıyev də var. Cavandır? Fətəli xan Xoyskinin 1918-ci ildə neçə yaşı vardı?
Əlbəttə, belə Milli Şuranın heç bir siyasi perspektivi yoxdur, bu, paonoptikumdur, ancaq o qədər qədimdir ki, hamıya tanış olan fiqurlar tamaşa obyekti kimi də maraqlı deyillər…
CAVAD ZEYNALLININ ÖZÜNÜ TÜRKLƏRƏ BƏNZƏTMƏKLİYİ
“Azadlıq” radiosunun saytında “Anarın Axundovu urvatdan salmaqlığı” adlı məqalə çıxıb. Düzü, Gözəl Bayramlı demişkən, məqalənin adından elə şaşırdım ki, mətni oxuya bilmədim. İndiyəcən eşitmədiyim “urvat” sözü məni min fikrə saldı, boynuma alım ki, bu min fikrin içində pis fikirlər də oldu…
Məqalənin adından güman eləmək olar ki, Anar Axundova qarşı nə isə pis iş görüb, çünki Anar iyirmi ildən çoxdur ki, yaxşı iş görmür. Bunu başa düşdük. Ancaq mən Aərbaycanda yaşayan vaxtlar biri başqasına cidi ziyan vuranda deyirdilər: “anasını ağladıb”, “atasına od vurub”, “pişiyini dırmaşdırıb ağaca”, “mələdib”, “yıxıb sürüyüb” və s. Bu cür sözlər. Ancaq heç vaxt “urvat” demirdilər, belə çıxır ki, o vaxtlar heç bu söz yox imiş, sonradan gəlib, bəlkə də türklər gətirib bizim millətə sırıyıblar, əvəzində qədim xalçaları, qədim qab-qacağı maşınlarına doldurub aparıblar… Bəlkə elə bu məqaləni yazan Cavad Zeynallıya da bir az pul veriblər ki, bu “urvat” sözünü soxuşdursun xalqa…
Bunu başa düşdük. Bəs “salmaqlıq” nədir? Bilirik ki, Mirzə Cəlildə “itməklik” olub və bilirik ki, nəyə görə olub. İndi yəni bu, Cavad Zeynallının özünü Mirzə Cəlilə bənzətməkliyidir?
Vallah, bu xalqın işi-gücü qurtarıb. Fikirləri-zikirləri odur ki, Azərbaycan dilinin anasını ağlatsınlar, atasını yandırsınlar, pişiyini ağaca dırmaşdırsınlar, mələtsinlər… Hələ başqa sözlər də var, ancaq onları yazmaq ayıbdır, hərçənd Cavad Zeynallı kimi adamlar ayıb-zad bilmirlər…
Mirzə ƏLİL


