Архив тегов | Bakıda Lenin sarayə-ı

GÜLMƏLİ MAHNILAR: «ANAMIN ANASISAN». NƏNƏMSƏN?

Müslim Maqomayevin “Azərbaycan” mahnısının sözlərinə diqqətlə qulaq asan var? Azərbaycancasını Nəbi Xəzri yazıb.

Ey əziz anam,
Sənə bağlıyam…

Mahnı 1974-cü ildə yazılıb. “Sənə bağlıyam” misrası 40 ildən sonra aktuallaşıb. Azərbaycanlıların doxsan doqquz faizi doğrudan da bağlıdır, ölkənin sərhədləri qıfıllanıb.

Dalına (mahnının) qulaq asaq.

“Qardaşlıq dünyasısan”

Bu misranı necə başa düşmək olar? “Qardaşlıq dünyası” nədir? Kim kimlə qardaşdır? Analar, bacılar da qardaşdırlar? Bunu Nəbi Xəzridən soruşan olmayıb, çünki, Cəmil Həsənlinin yazdığına görə, Nəbi Xəzri qoçu olub, xalq yazıçısı Süleymanovu elə yazıçılar ittifaqında salıb təpiyinin altına…

“Anamın anasısan”

Yəni nənəmsən? Bəs elə niyə birbaşa demir ki, “nənmsən”? Niyə Azərbaycan ananın anası olur, atanın anası yox? Bəlkə nəzərdə tutulur ki, kişilərin çoxu, yəni yaxşı kişilərin çoxu, yerazdır, gəlib bizim nəbələri zad eləyiblər…

Belə ola bilər? Belə deyilsə, “anamın anasısan” “dünyasısan”  sözünə qafiyə xatirinə qondarılıb. Yox, nənəmsən, cicimsən…

Ümumiyyətlə, “Azərbaycan” deyəndə mənim gözümün qabağına gözəl-göyçək, incə-mincə qadın yox, əli dəyənəkli, Qoqol demişkən, sinəsi baş kimi tüklü bir kişi gəlir. Dinmə, vurub başını yarar…

“Sənsən eşqim, zəfərim”

Sadalanan sözlər arasında bir məna əlaqəsi olmalıdır. Eşq harda, qələbə harda? Azərbaycan poeziyasına az-çox bələd olan adam başa düşür ki, “zəfər”in dalında “Xəzər, səhər” gələcək.

“Al səhər” hardandır? “Al səhər” bolşevik estetikasının atributudur, Azərbaycan bolşevik ölkəsi olduğuna görə səhərlərimiz bolşevik bayrağı rəngində açılmalıydı. Heydər Əliyev də hər il Moskvadan Qırmızı bayraq alırdı. Guya yüksək iqtisadi nailiyyətlərə görə. Bunu Nəbi Xəzri Süleyman Rəhimovun ağız-burnu kimi nəzmə çəkib…

“Çağlayan Kür, Xəzərim”

Həmcins üzvlərdə şəkilçilərin ixtirasına yol verilir, ancaq bu msrada şəkilçi ixtisarı peoblem yaradır, şəkilçisiz “Kür” Xəzərin (türkün məsəli) qabağında sifət kimi səslənir…

Sonra yenə “dünyasısan, anamın anasısan” və s. Çevir tatı, vur tatı…

Musiqi necədir? Ortabab. Pis deyil.

Müslim Maqomayev azərbaycanca bilmirdi. Ona sözlərin musiqi ritminə yatması vacib idi. Ruscasında (yəqin müğənni özü düzüb-qoşub) hər şey aydındır: “Zvezda moyey sudbı…” Yəni taleyimin ulduzusan…

“Anamın anasısan”ı necə tərcümə edəydi: “Tı mat moyey materi”? Eşidən gülər…

Vallah, nə hoqqa varsa, bizimkilərdən çıxır. Sonra aparıb Fəxri Xiyabanda basdırırırq…

Bu mahnda ən qiymətli olan uzaqgörənlikdir: “Sənə bağlıyam…” Azərbaycan xalqını yaxın onilliklərdə çətin açıb buraxalar…

Vikipediya yazır ki, mahnı ilk dəfə Heydər Əliyev adına sarayda 1975-ci idə oxunub.

Yalan deyir. 1975-ci ildə o saray Leninin adını daşıyırdı…

 

Mirzə Əlil

  1. 08. 2025, Samara