Архив тегов | Bamsı Beyrək boyu

TACİRLƏRİN BEYRƏYƏ DEDİYİ

U LENİ. KİNO

Əgər soruşarsan Dəli Tondazı,
Qıyan Səlcük oğlu sağ-salamatdır,
Əgər Qaragünə oğlu Budağı
Soruşsan, deyərik Budaq da sağdır.

Sən xəbərsiz gedən gündən o bəylər,
Ağı çıxardaılar, qara geydilər.

Yeddi bacın yeddi yol ayrıcında,
Sızlayır, ağlayır, gördük, a Beyrək,

“Var ikən yox olan qardaş”, — deyərək.

Yırtır alma kimi al yanaqları,
Ürəyi dağlayır, gördük,  a Beyrək.

Göz açıban görüb könül verdiyin,
Baybicanın qızı Banıçiçəyin,
Üzüyü verildi, böyük toyunsa,
Vədini qoydular, xəbərin olsun.

Gözəl Banıçiçək Yalançı oğlu,
Yalıncığa gedir, gördük, ay oğul!

Parasarın Bayburd hasarndan aş,

Tələs ap-alaca gərdənə birbaş!
Xan Beyrək, vaxtında yetməsən əgər,
Gözəl Banıçiçək əlindən gedər!

19. 03. 2021, Samara

BEYRƏYİN TACİRLƏRƏ DEDİYİ

U LENİ. KİNO

Alçaq-uzaq yerlər keçib yorulan,

Atamın, anamın sovqatı karvan!

Əylə uzunayaq atını, sarvan,
Deməli sözüm var, qulaq as bir an!

Qalın Oğuzdakı Salur Qazandan
Soruşsam, de mənə, sağdımı, sarvan?

Qıyan Səlcuq oğlu Dəli Tondazı,
Soruşsam, başında varmı bir qəza?

Ağsaqqal atamla ağbirçək anam,
Sağmı, salamatmı, de mənə, sarvan!

Göz açıb gördüyüm, könül verdiyim,
Baybicanın qızı Banıçiçəyim,
Evdəmi a sarvan, gordamı yoxsa?

Söylə, qara başım qurbanın olsun!

19.03. 2021, Samara

BEYRƏYİN KİÇİK BACISINA DEDİYİ

U LENİ. KİNO

A qız, nə ağlarsan “ağa” deyərək,

Göynədi, alışdı sinəmdə ürək.

Məgər sənin ağan yoxa çıxıb, qız?

Ürəyinə qaynar yağlar axıb, qız?

Niyə sarsılıbdır, qız, qara bağrın,
Nədir “ağa” deyib bu ağlamağın?

Bağrıma od düşüb, içimdə yanğın…

Qarşı qara dağı soruşsam əgər,
Kimlər yaylağında onun dincələr?

Soyuq sularını soruşsam əgər,
De, onlardan içib kim sərinlənər?

Əgər tövlə-tövlə şahbaz atları,
Soruşsam, de, kimlər minib atlanır?

Qatar-qatar dəvə soruşsam əgər,
De, bellərindəki kimindi yüklər?

Ağca qoyunları soruşsam əgər,
Toy qurub onlardan kim kabab çəkər?

Dilimə gələrsə qara-göy çadır,
İndi kölgəliyi, de, kimə çatır?

Ağzınla, dilinlə, söylə, qız kişi,

Sənə qurban olsun bu qara başım!

18.03. 2021, Samara

BEYRƏYİN BÖYÜK BACILARINA DEDİYİ

U LENİ. KİNO

Səhər açılmamış  yerindən duran!

Ağ otaqdan çıxıb qaraya girən!

Ağ donu çıxarıb qara don geyən!

Qızlar! Qatıq varmı ciyər tək qatı?

Çörəyə həsrətəm, varmı sacaltı?

Basın bucaqları, tapın tabağı,

Üç gündür yoldayam, məni doyurun,

Sizi sevindirə üç günə Tanrı!

17.03. 2021, Samara

BAMSI BEYRƏYİN ATA DEDİYİ

U LENİ. KİNO

Sənin alnın açıq meydana bənzər,
Gözlərin çıraq tək gecə közərər.

İpək kimi yumşaq, incədir yalın

Qoşa-ekiz qardaş iki qulağın.

Ər murada çatar sənin belində,

At demərəm sənə, qardaşıq indi,
Çətin səfərimdə iki yoldaşıq,
Mənə yoldaşdan da indi sən artıq.

17. 03. 2021, Samara