Архив тегов | Bodlerin şeirləri

FÜZULİ VƏ…BODLER. GÜNƏŞ HƏR YERDƏ GÜNƏŞDİR…

Ay doğar, ulduz yanar sanma ki; göy dehqanının,
Gecə ahim dağıdar gündüz yığılmış xırmanın,

Yaddaşla yazdığım, yəqin ki, hardasa təhrif etdiyim Füzuli beyti ədəbiyyat dərsliklərində parlaq metafor nümunəsi kimi sitat gətirilirdi.Məlumdur ki, “gündüz yığılmış xırman “ – günəşdir. Oxşar metaforu Bodlerin kiçik xatirə şeirində gördüm:

Et le soleil, le soir, ruisselant et superbe,
Qui, derrière la vitre où se brisait sa gerbe…

Axşam… uşaq günəşi pəncərə dalında görür. “Günəşin dərzi dağılıb”… Əlbəttə, dərz xırman deyil ancaq bənzətmə oxşarlığı şübhəsizdir…

Və yəqin ki, günəşi, günəş şüalarının zəmiyə, taxıla, xırmana, dərzə oxşadan təkcə Füzuli və Bodler deyil, bina görə bu oxşarlıqdan uzağa gedən nəticələr çıxarmağa dəyməz. Ciddi şeir bilicisi üçün bəlkə də belə metaforlar bayağılıqdır…

03.06. 2018

Samara

   ŞARL BODLER. İNDİ DƏ YADIMDADIR, ŞƏHƏR HƏNDƏVƏRİNDƏ…

бодлер

Je n’ai pas oublié, voisine de la ville

İndi də yadımdadır, şəhər həndəvərində,
Balaca, ağ evimiz, sakit, yox gəlib-gedən.

Gips Pomonanın da, qoca Veneranın da,

Örtürdü ayıbını sısqa meşəlik orda.

Və günəş axşamçağı, əzəmətli və parlaq,
Durur,  gündüz yığdığı xırmanı dağıdaraq.

Baxır maraqla dolu iri gözüylə göydən,
Necə nahar edirik səssiz və tələsmədən.

Muma bənzəyən gözəl şüalarını düzər,
İpək pərdələri və sadə süfrəni bəzər.

 

Franslzcadan tərcümə

31.05 – 01.06. 2018

Samara

ŞARL BODLER. QAN FƏVVARƏSİ

 

бодлер

      La Fontaine de Sang

 

Elə gəlir mənə hərdən ki, qanım dalğalanır,

Sanki fəvvarədir hönkürtü vurur ahənglə.

Qanın şırıltısıdır titrədən qulaqlarımı,

Tapmıram bir yara ancaq, necə mən səy eləyəm.

 

Keçib gedir şəhəri bağlı bir ərazi kimi,
Döşənmə daşları bir anda döndərir adaya.

Ovudar, soyudar həm təşnə yandırarsa kimi,

Və təbiətdə olan hər nə varsa al boyayar.

 

Nəfis şərablara mən vaxtaşırı baş vurdum,

Ki, yatırtsın canımı sarsıdan bu qorxuları;

Artdı həssaslığı içdikcə fəqət duyğuların!

 

İstədim dünyanı eşqin yuxusunda unudum,
Fəqət eşq indi yataqdır mənə, iynəylə deşər,
İçə bilsin qanımı qan hərisi fahişələr.
Fransızcadan tərcümə

31.05. 2015

Samara

ŞARL BODLER. BİR GECƏNİ KEÇİRDİM BİR EYBƏCƏR CUHUDLA

бодлер

Une nuit que j’étais près d’une affreuse Juive

Gecələdim bir dəfə  bir eybəcər cuhudla,

Meyit yanında yatıb bir meyit də elə bil.

Alınma bu bədənə baxdıqca arzuladım,

Həsrətində olduğum hüznlü gözəlliyi.

 

Təbii əzəməti gəldi gözüm önünə,
Cazibə, həm də qüdrət dolu baxışları da.

Ətirli dəbilqəyə dönən hörürklərinin,

Xatirəsiylə yenə eşqin odu alışdı.
Öpərdim ehtirasla nəcib bədənini mən,

Zərif ayaqlarından qara telinə qədər.

Nəvaziş xəzinəsi üstünə səpələrdim.

 

Sən haçansa bir axşam, ağlayaraq ürəkdən,
Soyuq gözlərindəki, qəddarlar məleykəsi,

Əzəməti bir azca əgər isidə bilsən.

 

Fransızcadan tərcümə

30.05. 2018

Samara

ŞARL BODIER.  ÇATLAMIŞ ZƏNG     

бодлер

  La Cloche fêlée

Həm acı, həm şirindir uzun qış gecələri,
Tüstüləyən ocağın önündə dinləyəsən,
Xatirələr uzaqdan ucalıb necə gəlir

Dumanlarda çalınan zənglərin nəğməsiylə.

 

Zəng necə bəxtəvərdir! Boğazında yanğı var,
Yaşına baxmayaraq, gümrahdır və sayıqdır.

Dini çağırışları sədaqətlə ucaldar,

Necə ki, qoca əsgər keşiyində oyaqdır.

 
Mənimsə qəlbim sınıb, qərq olanda kədərə,
İstəyir ki, nəğməsi qovuşsun gecələrə,

Zəifliyindən ancaq sözünə baxmır səsi.

 

Elə bil xırıldayır bir əsgərin sinəsi,
Yaralı unudulub, qanlı göl həndəvəri,
Meyitlərin içində dəbərmədən can verir.

 

Fransızcadan tərcümə

27.05. 2018

Samara

ŞARL BODLER.  RƏQS EDƏN İLAN

бодлер

    Le Serpent qui danse

Qayğısız yaranış, gözəldir necə,

Haçan bədənin,

Qıvrılır, min çalar sayrışır incə,
Dərində sənin.

 
Gur, dibi görünməz saçların acı
Ətirlər yayar.

Elə bil onlarda sərgüzəşt acı,
Dəniz yaşayar.

 

 

Gəmi yelkənini necə ki, açar,
Səhər yeliylə,
Qəlbim arzulardan qabarıb uçar,
Səma yoluyla.

 
Gözlərinə baxan nə acı duyar,
Nə də ki, şirin.

Soyuq cüt muncuqda dəmir qızıla,

Sanki qarışıb.

 

Yerişində ritmi, təbiiliyi,

Kim duyursa da,

Elə bil ilanın rəqsidir deyir,

Əsa ucunda.

 

Başın yırğalanar xumarlığının,

Ağırlığından.

Cavan fil başını necə yırğalar,

Şən və mehriban.

 

Əyilir, uzanır sənin bədənin,

Necə  gözəl bir,
Gəmi ləngərləyir, gah da ki, birdən,

Dərinə enir.

 

Necə axın coşar gurlayıb gələn,
Ərintilərlə,
Sənin dişlərinin həndəvərində,
Su ki, yer elər,

 

Bohem şərabıdır sanki içdiyim,
Acı, can alan.

Ulduzlar qəlbimə damcılar kimi,

Enər səmadan.

 

 

Fransızcadan tərcümə

23-24.2018

Samara

      ŞARL BODLER. BÜTPƏRƏSTİN DUASI

бодлер

  (La Prière d’un païen)

Aman, soyutma sən alovlarını,
Qoy isitsin qırov enən sinəmi,

Eşit məni, ilahə, yalvarıram,
Həm könül nəşəsi, işgəncəsən həm!

 

Hava tək sən həmişə hər yerdə,
Alışırsan yerin altında da sən.
Eşit bu təntənəli şərqini də,
Gəlir o, intizarlı qəlbimdən.
Ləzzətim! Daim ol məleykə mənə,

Bəzən, oxşat özünü bir sirenə[i],

Yarı ətdən geyim yarı da məxmərdən.

Ya da axıt, gətir dərin yuxu sən,
Sirli, amorf şərabla gözlərimə,

Həm könül ləzzəti, fantomsan həm!

 

Fransızcadan tərcümə

18-19.05. 2018

Samara

 

[i] Dənizçiləri başdan çıxarıb qayalıqlara aparan qadınlardan ya qanadlı varlıqlardan hər biri

 

ŞARL BODLER. QAPAQ

бодлер

    (Le Couvercle)

Hara üz tutsa da, torpaqda ya da dəryada,
Odlu iqlimdə, soyuq ağ günəşin altında,

Kiferə səcdə edər, İsaya xidmətdə ya da,
Yaslı sail ya Kresus kimi taxtı, geyimi altından,

 

Kəndli olsun ya şəhərli, oturaq ya avara,
Balaca beyni çevik işləyə ya tənbəl ola.
İnsan hər yerdə hədəfdir qəribə qorxulara,
Əgər baxarsa səmaya, gözü dəhşətlə dolar.

 

Ah, bu Göylər! Divarlarıyla qəlb sıxan mağara,
Tavanı sanki işıqlandlıır komik opera,

Tapdayır orda qanlı səhnəni hər məzhəkəçi.

 

Pozğunun dəhşəti, divanə zahidin ümidi,
Səma! Nəhəng qazanı bağlayan qapaq kimidir,
Fəna və təyinatı yox Bəşəriyyətdir içi.

Ilk dəfə 12 yanvar 1864-cü ildə çap olunub

Fransızcaadan tərcümə

16-17.05.2018

Samara

 

ŞARL BODLER. “GECƏ QÜBBƏSİ TƏK SƏNƏ HEYRANAM…”

бодлер

            Je t’adore à l’égal de la voûte nocturne

Gecə qübbəsi tək sənə heyranam,

Qüssə dolu camım, danışmayanım.

Sən məndən qaçdıqca çoxalır eşqim,
Mənə elə gəlir, gecəm naxışı,

Hara gedirsənsə, məndən ayrılıb,

Mavi ənginlik tək  uzaq, aralı.
Hücuma keçirəm, əl atıb gücə,

Gedər qurd qoşunu leş üstə necə.

Vurğunam, amansız, qəlbi buz heyvan,
Sən gözəlsən elə soyuqluğundan!

Fransızcadan tərcümə

15-16.05.2018

Samara

BODLERİN «SAAT» ŞEİRİ RAMİZ RÖVŞƏNİN TƏRCÜMƏSİNDƏ. DİLETANTIN TƏHLİLİ

бодлер

Birinci bənd.

“Horloge! dieu sinistre, effrayant, impassible,
Dont le doigt nous menace et nous dit: «Souviens-toi!”
“Saat”! Nəhs, qorxulu, soyuq tanrı, barmaqları bizi hədələyir və bizə deyir: “Xatırla!”

R. Rövşənin tərcüməsində:

“Bu saatın içində Allah yaşayır, Allah,

O səni barmağıyla hədələyir, qorxudur”.

İlk baxışdan yaxındır. Ancaq əslində ciddi ziddiyyət var. Bodler “bu saat” demir, konkret saata müraciət etmir, burda artikl ya işarə əvəzliyi yoxdur,  bu şeirdə Saat Zamanın maddiləşmiş surətidir, tanrı da onun içində yaşamır, çünki saat – vaxt – tanrının özüdür…

Orijinalda Vaxtın-Tanrının üç təyini var, üçü də neqativdir, tərcümədə bunların heç biri yoxdur. “Allah” sözünün təkrarlanmağı isə riqqət ifadə edir və müəllifi – spikeri, yəni Bodleri, mömin və həqir müsəlmana çevirir…

«Les vibrantes Douleurs dans ton coeur plein d’effroi
Se planteront bientôt comme dans une cible;»

“(titrəşən (sayrışan) Ağrılar sənin qorxu dolu ürəyinə

hədəfə sancılacan kimi enəcək, ürəyini alacaq)

R. Rövşənin tərcüməsində:

“Deyir, unutma, ömrün gec-tez sona çatacaq,

Gördüyün hər nə varsa, ötəri bir yuxudur”.

Bu, beytin Bodlerə, əlbəttə, heç bir aidliyi yoxdur, ölüm haqqında məişət səviyyəli təsəvvür və mülahizə Bodlerin incə və mürəkkəb metaforasını əvəz edib. Buna bədii tərcümə demək olarmı? Bu, ümimiyyətlə tərcümədirmi?

 

Şeirin beşinci bəndi:

Souviens-toi que le Temps est un joueur avide
Qui gagne sans tricher, à tout coup! c’est la loi.
“Xatırla ki, Zaman zirək bir oyunçudur (qumarbazdır), fırıldsqsız udur, həmişə, bu, qanundur.

R. Rövşənn tərcüməsində:

“Vaxtdan güclü qumarbaz tapılmaz ki, tapılmaz,

Neyləsən, əvvəl-axır vaxt udacaq səni də”.

Orijinala yaxındır, hərçənd qüsurludur:  “Vaxt” sözü iki dəfə işlədilib. «Tapılmaz» sözünün iki dəfə işlədilməsi də misranı doldurmaqdan ötrüdür.

Ancaq ikinci beytin tərcüməi fəlakətdir.

Orijinalda:

“Le jour décroît; la nuit augmente; souviens-toi!
Le gouffre a toujours soif; la clepsydre se vide”.

“Gün azalır, gecə uzanıt, xatırla! Uçurum (girdab) həmişə təşnəlidir, klepsidra (yunanca su saatı) boşalıb”.

Ramiz Rövşənin tərcüməsi:

“Neçə il yaşasan da, deyəcəksən, azdı, az,

Yaşamağa bir azca möhlət verin yenə də”.

Bu beytin orijnalla azacıq da olsa yaxınlığı var? Yoxdur” Ramiz Rövşən burda Bodlerin əvəzinə Bəxtiyar Vahabzadənin şeirini «tərcümə edib» fransıza yamayır:

 «Nə görmüşəm dünyada bu cahana gələndən? 
Ahhh elə bilirəm ki, dünən doğulmuşam mən, 
Ömrümü verdim bada, 
Nə görmüşəm dünyada? «…

(məqalənin əvvəli)