Архив тегов | çələng

QİYOM APOLLİNER. SOLUB GETMİŞ SƏMA SAYAQ…

 

O MA JEUNESSE ABANDONNE

 

Solub getmiş çələng sayaq

Tərk edilmiş gəncliyim, ah !

Budur, yenə gəlib çatdı,

Nifrət vaxtı, şübhə vaxtı.

 

Bu, peysajdır kətandakı,

Axan qansa qırmızı rəng.

Ulduz-ulduz çiçək tökən,

Ağac altda tənha mixək.

 

Soyuq şüa oyanmada,

Rəsmdə və al yanaqda.

Atəş, haray. Və kölgədə,

Bir portret gülümsədi.

 

Çərçivədə şüşə qırıq,
Duyğulardan incə hava
Gələcəklə olanların,

Sözlə fikrin arasında.

 

Solub getmiş çələng sayaq,

Tərk edilmiş gəncliyim, ah !

Budur, yenə gəlib çatdı,

Təəssüf ki, kamal vaxtı.

 

fransızcadan. 

BAŞ ÜSTÜNDƏ GÖY ÜZÜDÜR…

Baş üstündə göy üzüdür,

Torpaq bizdən aşağı.

Hələ dolar gözümüzə,

Günəş, ulduz işığı.

 

Bədən isti, canda həvəs,

Hələ ürək döyünür.

Gedir-gəlir hələ nəfəs,

Ruh danışır, dil dinir.

 

Necə şirin, necə dərin,

Olursa da yuxumuz,

Ayılırıq, dirilirik,

Banlayınca bir xoruz.

 

Bütün bağın, çəmənliyin,

Bütün gülü, çiçəyi,

Bircə matəm çələnginə,

Toxunmayıb hələ ki.

 

Bükülməsin, anam, bacım,

Qollarınız sinədə.

Hələ dayaq ehtiyacı,

Çiyinlər var nə qədər!..

2003-cü ilin payızı, Samara