Архив тегов | Cabbar Axundov SAlyan

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 20. «MİLSƏNER» ƏLİBALANIN QIZLARI VƏ OĞULLARI

20230721_135628

Mənim ağlım kəsəndən övladları kənddən çoxdan çıxmış, həmişə nəvələrindən biri ilə qalan iki arvad olub. Bunlardan biri kəndin yuxarı başında olurdu və indi də təəccüblənirəm ki, niyə mən onu heç vaxt görməmişəm, çünki ən azı mən səkkizilliyi qurtaranacan sağ olub. Bu arvad “milsəner” (milisioner) Əlibalanın anası idi. “Milsəner” ləqəb deyildi, Əlibala doğrudan da poqonlu idi, milis maşını sürürdü. Mən hələ məktəbə getməyən vaxtlar Əlibalanın böyük qızı Rübabə nənəsinin yanında qalıb və bizim kitabxanada işləyib. Yəqin ailə qurmağıyla əlaqədar Rübabə kənddən gedəndən sonra kitabxanada bir neçə ay ərzində kənd təsərrüfatını təzə qurtarmış qardaşım Seyfulla işləyib. O əsgərliyiə gedəndən sonra kitabxanay Gülbahar girib və daha heç vaxt çıxmayıb.

Rübabədən sonra nənəsinin yanında bacısı Elmira qalırdı. Elmiranı görmüşdüm, çünki bizim kənddə təkcə məktəbdə oxuyan vaxtlar yox, sonra da olub və tibb bacısı işləyib. Elmira gözəl olmasa da, yapışıqlı, qanışirin qız idi. Deyirdilər ki, onu istəyən çoxdur. Yaraşıq öz yerində, onun peşə sahibi olmağı, işləməyi, yəni pul qazanmağı da qiymətləndirilirdi. Elmiranı istəyənlərdən biri Qaraqaşlıdan olan Adil idi, ona “oğru Adil” deyirdilər. Nə oğurlamışdı – bilmirəm. Bəlkə heç nə oğurlamamışdı, elə adı çıxmışdı…

Adilin də özünə görə yaraşığı vardı. Birincisi, ucaboy idi, ən azı 180sm olardı. İkincisi… Çətinlik çəkirəm… Əslində uca boyu olan kişiyə ayrı gözəllik lazım deyil, hərçənd üzdən də pis deyildi. Gözlərində qırmızılıq olardı – bu, eşqdən də ola bilərdi, anaşadan da…Yəqin ki, Elmiraya görə bizim kəndin bütün toylarına gəlirdi. Qız toylarında, əlbəttə, brezent dalından baxırdı. Kişi toylarında hökmən oynayardı. Bir neçə dəfə yüngül dava da düşmüşdü, ancaq toyxananın içində yox, qıraqda. Deyirdilər Elmiranın başqa istəyənləri Adili vurmaq istəyirlər…

Elmira isə ona elçi ya məktub göndərənlərin hamısına qəti rədd cavab verirdi. Çünki sevdiyi oğlan var idi. Elmira Əbləsənin (yəqin ki, Əbdüləsən – yəni Həsənin qulu) oğlu Lazımı sevirdi.

Lazım haqqında nə demək olar? Mən “obaşdıları” yaxşı tanımırdım, Lazımı lap az görmüşdüm. Boyu uzun deyildi, olardı oğru Adilin sinəsindən. Ancaq oğru Adil kimi qara da deyildi, ağbəniz idi ya da onu ağ gün ağartmışdı. Çünki əmisi oğlu Məmmədhüseyn tikinti materialları bazasının şefi idi, Lazımı da götürmüşdü yanına satıcı-menecer kimi. Yəni Lazımın əli pulla oynayırdı. Kənd toylarında toyxanaya qardaşı Maliklə və imanqulularla girərdi. O da qardaşı Malik kimi oturanda başını geriyə atır, qaşları dartılı olurdu. Hökmən gülümsünürdülər – bilmirdin keflərindən gülümsünürlər, ya kasıb-kusuba, onlar kimi bəxti gətirməyənlərə rişxəndlə. Güman edirəm ki, onlar gülümsünməklə qızıl dişlərini göstrirdilər. Çünki o vaxtlar ağız dolu qızıl dişi olmaq indi cibdə ayfonun lap axırıncı buraxılışını gəzdirmək kimi bir şey idi. Saf dişlərini çıxartdırıb qızıl diş qoyanlar da var idi…

Malik, Lazım, rəhmətlik Adil çox vaxt bir sifarişlə  hava çaldırıb oynayırdılar. Rəhmətlik Ehtiram onların tərzini necə də gözəl çıxarırdı… Lazım əllərini qaşları səviyyəsində qaldırıb  elə də dayanır, gözlərini yumaraq qızıldiş ağzını bir az da geniş açırdı… Rəhmətlik Adilin oynamağı tamaşa idi. O, qollarını çiyni bərabərində uzadaraq əllərini oynadır, birdən yerindən qoparaq götürülürdü…

Adil hökmən xanəndəyə “Ana ürəyi”ni oxutdururdu. Səkinə xala toyxananın dalında “can bala” seyib ağlayırdı…

Kaş Ehtiram sağ olaydı… Allah sənə rəhmət eləsin, gözəl insan, səndən ötrü darıxıram…

Deyilənlərə görə, Lazıma varlı qohumunun qızını vermək istəyirdilər. Lazım özünü qanmazlığa qoyur, burcudur, ciddi söhbətdən özünü qaçırırdı. Günlərin bir günü qız tərəfdən bir dəstə arvad onu ortaya salıb tələb etmişdi ki, “axır sözünü” desin. Qorxusundan razılıq verməyə hazır olanda sevgilisi gözünün qabağına gəlmiş və Lazım kəkələyə-kəkələyə də olsa, ”yox” demişdi…

Yenə şayiələrə görə, arvadlar Lazımı döymüşdülər. Ancaq Lazım sevgisinə xəyanət eləməmişdi…

Yəqin Elmira kənddə tibb bacısı işləyən vaxtlar qardaşı Cabbar da nənəsinin yanında qalıb. O mənim bacım Ağənnə ilə bir sinifdə oxuyub və 1961-ci ildə o vaxt yeddiilik olan Ərəbqardaşbəyli məktəbini qurtarıb. Salyanda hansı orta məktəbi qurtardığını bilmirəm. Ancaq 70-ci illərdə taksi sürürdü…

“Milsəner” (milisioner) Əlibalanın anasının yanında qalan axırıncı nəvəsi Mehriban olub. Məndən iki sinif aşağıda oxuyurdu.

Sonralar cangüdən və parket generalı olmuş Vaqif kəndə hərdən gələrdi, onu kolazdan keçəndə görmüşəm. Neft institunu bitirəndən sonra təyinatla indi mənim yaşadığım şəhərə göndərilib, bir ilə yaxın elə mənim də işlədiyim zavodda tornaçı işləiyb…

Əlibalanın böyük oğlu Abdreyimi (Əbdürrəhim) kənd toylarında görərdim. Qardaşlarından boyunun uzunluğu ilə fərqlənirdi. Keflənən kimi sifarişsiz-təklifsiz ortalığa atılıb oynayır, köməkləşmə yapışıb toyxanadan çıxarırdılar. Yusifin oğlu Lazımın toyunda maraqlı bir şeyin şahidi oldum. Abdreymi (Əbdürrəhim) toyxanadan çıxara bilmirdilər, çünki kənddə o uzunluqda adam yox idi. Xeyli süpürləşəndən sonra bəyin qardaşını, kolxoz sədri Kazımı çağırdılar. Kazım bəlkə Abdreyimdən də uzun olardı. Ancaq onun həm də çox güclü olduğunu təsəvvür eləmirdim. O, Abdreyimi çəkib toyxananın ağzına tərəf gətirdi və qaldırıb taxtaların arasından qırağa tulladı. Abdreyim üzü üstə gecə şehi hopmuş və sərinləmiş torpağa düşüb huşunu itirdi…

Abdreyim də, səhv etmirəmsə, atası və qardaşı Cabbar kimi şofer idi.

Sonralar heç vaxt əsgərlik çəkməmiş Vaqif general-polkovnik rütbəsinə qədər yüksəldi. Bizim kənd uşağı, ata-anasının yeganə oğlu Şahlar canını verib Şuşanı alır, ona orden də qıymırlar, dəmir medal verirlər. Şücaəti can “güdməkdən” ibarət olanın sinəsində ordenlər, çiyinlərində generlal-polkovnik poqonları…

Bizim fəxrimiz Şahlar olmalıdır, parket generalı yox…

Parket generalının nə olduğunu bilənlər bilir, bilməyənlərə izah etməyə ehtiyac duymuram. Çünki Vaqif Axundov daha “parket generalı” deyil, “plastik-kütlə” generalıdır. Çünki, bildiyimə görə, sovetin, yəni xalqın qızıl milyonlarına tikilmiş plastik-kütlə zavodunu özünküləşdirib verib qardaşı Cabbarın ixtiyarına..

Xatırladıram ki, Cabbar taksi şoferi idi…

Bir vaxt o zavodda beş yüzdən çox ya minə qədər ixtisaslı fəhlə və mühəndis işləyirdi. Salyanın texniki ziyalılar zümrəsi formalaşırdı. Bu adamların içində kostyum, ağ köynək geyənlər, qalstuk bağlayanlar, kitab, qəzet oxuyanlar, dilinə söyüş gətirməyənlər, özündən böyüyə və ya tanımadığına “siz” deyənlər çox idi. Bu zavod Salyanın ictimai, mədəni simasını xeyli dəyişə biləcək bir implant idi…

Görünür, qismət deyilmiş.

“Milsəner” Əlibalanın törəmələrindən kiminsə nemətlərindən boğaza qədər və ondan da yuxarı faydalandıqları Vətən uğrunda haçansa döyüşdükləri barədə məlumatım yoxdur…

13. 01. 2025, Samara

(ardı var)

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 19. TAMAM XALA

TORPAQ – VƏTƏNDİR, ANCAQ İNGİLİS DEMİŞKƏN, BURDA “İF! VAR. ƏGƏR…

20 yanvarın, Xocalı qırğınının, Qarabağ ətrafında olan rayonların işğalının ildönümləri Azərbaycanda tədricən məzmun, mahiyyət aşılanmasına məruz qalır, bu tarixlərin qeyd olunması az qala bir bayrama çevrilir. Və belə günlər vətənpərlik ritorikası ilə əl qol-yelləməyə naqqallar üçün gözəl fürsətdir…

İndi bu naqqalların qurdu uşayır. Hər şəhid dəfni bayramdır, kef məclisidir, həyatlarını itirmiş sütül uşaqlardan elə danışırlar ki, elə bil sağlıq deyirlər. Sağlıq da ki, şeirsiz olmur. “Torpaq uğrunda ölən varsa vətəndir!” – bu, misranı gərək hər naqqal təkrar edə. Bu misra naqqalların himninə evrilib.

Qəsdən ya savadsızlıqdan, naqqallar bu misrada “əgər” sözünü buraxırlar… Ölçü pozulur… Ancaq naqqala nə ölçü-biçi?

“Əgər” ingilscə “if” dir. Və ingilislərdə bir lətifə-tapmaca var. Sual belədir: ən qısa cavab hansı söz olub?

.. Bir sərkərdə hansı şəhərisə mühasirəyə alır. Şəhərə ultimatum göndərir: Əgər şəhəri alsam, sizi yerlə yeksan edərəm.

Sərkərdə şəhərdən cavab alır “Əgər!” “İf!”

Yəni “əgər” çox vacib sözdür. Xüsusən söhbət torpaqdan gedəndə.

Və söhbət hansı torpaqdan gedir?

Gedin maraqlanın şəhid ailələriylə, görərsiniz ki, onların kənddə iki-üç hektar  və bəlkə bundan da az torpaqları var. Bəzi rayonlarda adambaşına cəmi iyirmi beş sot düşüb. Ancaq elə həmin rayonlarda əlli, yüz, bir neçə yüz hektar olan “fermer”lər var. Bu fermerlər keçmiş sovet, partiya rəhbərləridirlər, kolzxoz sədrləridirlər, sovxoz direktorudurlar, milis işçiləridirlər. Və sovet dağılanda çoxlu torpaqları “fermer tıəsərrüfatı” kimi ələ keçiriblər.

Rayonlarda çoxlu torpaq sahələri yüksək rütbəli Bakı məmurllarına, nazirlərə, deputatlara, “ailə”yə və “ailə”yə yaxın adamlara məxsusdur. Mən Salyanda olanda eşidirəm ki, orda Qənirə Paşayevaya məxsus bağlar var. Orda keçmiş hərbi komissar general Əliağa Hüseynova aid təsərrüfatlar var. Yerli camnaatın əksəriyyti isə iki-üç hektarda muzdurluq edir, belə kiçik təsərrüfatların, əlbəttə, heç bir inkişaf perspektivi yoxdur. Ya gərək yarıaac-yarıtox ömrünü bir parça torpaqda çürüdəsən, ya da satasan yeni mükədarlara, çıxıb gedəsən fəhləliyə.

İndi sual çıxır: niyə bu qədər torpağı ələ keçirmiş insanlar həmin torpağı əldə silah müdafiə eləmirlər? Niyə onların malını, mülkünü, işrətdə keçən həyatını kasıb kənd uşaqlaı müdafiə etməli, hətta canlarından keçməlidirlər? Niyə? Niyə Qənirə Paşayeva gedib özü şəxsən ermənilərlə vuruşmur? Niyə Salyan uşaqları onun gözəl həyatının təmini üçün ölməlidirlər? Niyə Əliağa Hüseynov, onun çoxsaylı qohumları cəbhədə deyillər?

Niyə Əliyevlər, Paşayevlər, Heydərovlar və onlar kimi başqa ölkə sahiblərinin uşaqları “torpa” uğrunda vuruşmurlar? Cəmi yarım hektar torpağı olan kənd uşağının vətən qarşısında borcu minlərlə hektarı zəbt etmiş Heydərovların borcundan çoxdur?

Niyə Bakıda möhtəşım restoranlar tikib “Şuşa” “Ağdam”, “Kəlbəcər”  adlandırmış boynuyoğunlar həmin Şuşadan, Ağdamdan, Kəlbəcərdən ötrü vuruşmağa heç bir həvəs göstərmirlər? Lənkəranlının ya Neftçalalının uşağı onlardan ötrü niyə ölməlidir?

Ötən əsrin yetmişinci illərinin əvvəlində Salyanda böyük bir sənaye müəssisəsi açıldı: plastik kütlə emalı zavodu. Burda yüzlərlə insan işləyirdi, məhsul Azərbaycandan kənara çıxırdı. Zavodum yanında fəhlə qəsəbəsi də salınmışdı. Ötən yay bu zavodla maraqlandım, dedilər general Vaqif Axubdov keçirib onu əlinə, qardaşını, keçmiş taksi sürücüsünü, qoyub orda menecer.

İnternetdə zavod barədə məlumat azdır, ərazisinin 94545 kv.m olduğu göstərilir. Bu boyda həngaməni geral Axundov maaşla necə ala bilərdi? Heç min il də işləsəydi, zavodun bir sexini də ala bilməzdi. Şəxsən Axundova qarşı antipatiyam yoxdur, atası bizim kənddəndir, qardaşı, bacıları bizim məktəbdə oxuyublar. Mən bəlkə heç Vaqiv Axundovun zavodu ələ keçirməyinə də əhəmiyyət verməzdim. Məni darıxdıran ayrı şeydir: niyə böyük Axundovlar nəslindən bir nəfər gedib ən azı 94545 kv.m torpaqdan ötrü vuruşmur? Və  rəhbərliyin “tonus qaldır”maq üçün başladığı müharibədə əsgərlərimizin qazancı isə iki arşın torpaqdır…

Əlbəttə, torpaq uğrunda çarpışmaq lazımdır. İf! Əgər! Əgər o torpaq vətəndirsə! Əgər o torpaq Oaşayevlər, Heydərovlar, Axundovlar tərəfindən qəsb olunmayıbsa…