Архив тегов | cavanlıq haqqında şeir

QARĞIDALI ƏTRİ

Qocalıqda dəyişən və dəyişməyən nədir?

Ağarsa da – saç qalır, çoxu dişlərinin də.

Nəbz, təzyiq norrmada ya normaya yaxındır,

Yatağa yıxa bilən bir azar da yoxundur.

Yeməyə iştahın var, dad bilir ağzın hələ,
Cavanlıqdan fərqlidir halın bununla belə.

Bax, yenə bulvardayam, sürətim də həminki.

Cavansa da, arxada qalır məndən öndəki.

Baxmıram qabaqkı tək həndəvərimə ancaq,

Ayın çayda əksinə məndə daha yox maraq.

Baxmıram adamlara – qadın olsun ya kişi,

Mənsiz keçir kütlənin çayqırağı yürüşü.

Cavanlıqda duyduğum qadın ətri yox daha,

Dezodorant qoxusu qatılaşır havada…

Nə geyim gözümdədir, nə çılpaq “ərazilər”,

Əlbəttə, nə də məndə bir insanın gözü var…

Gedirəm tələsən tək, qulluğa gedən sayaq,

Məsafəni bitirib, tez də geri qayıtmaq!

Birdən yavaşıyıram… Belə olur hər dəfə.
Qarğıdalı qaynadıb satırlar həndəvərdə.

Buğ vurur qapaq altdan… mən bu xəstəyə məlhəm,
Qarğıdalı ətrini ciyərimə çəkirəm.

Həyətdə, ocaq üstdə anam da qaynadardı,

Yayda nəyi olmasa, qarğıdalısı vardı.

Pay gəlirdi qonşudan özünkü olmayanda,

Hanı o günlər indi, hanı o yaylar indi…

Qarğıdalının ətri anamı salır yada,
Ana yoxsa – yetimik həyatın hər anında…

 

01. 07. 2025, Samara

İLAHİ, NƏ YAXŞI, GETDİ CAVANLIQ…

26..jpg

İlahi, nə yaxşı, getdi cavanlıq,

Getdi diş ağrısı çəkilən kimi,

Belimi ağrıdan, əzən çiynimi,
Şələdən qurtarıb canım elə bil.

+

İndi buz kimidir ürəyim daha,
Keçib sevgilərin odu haçandır,
Kükrəməz, qaynamaz indi  qanım da,

Elə bil ki, sudur, axıb gedər lal.

+

Gəlməz eynimə də fəsildəyişim,
Çevrilir vərəqlər sanki, oxunmur.
Quşların nəğməsi qəlbə toxunmur,
Baxmaram qar düşüb, çiçək döşənib.

+

Daha görüşlərə tələsmirəm mən,

Nəfəsim tutulmur yar həvəsiylə.

Can daha naz-nemət hərisi deyil,

İncidən olsa da, küsə bilmirəm.

+

Ayıra bilmirəm öləni sağdan.

Ən əziz insanlar yadımdan çıxır.
Elə ağlayıram, gözlərim çıxır,

Amma bilmirəm ki, nədir ağladan…

+

Qüvvə də qalmayıb indi əlimdə,

Yapışıb saxlaya biləm həyatı,

Ötüb cavanlığın getdi saatı,

İlahi, hazıram özüm də gedəm…

26.04. 2018

Samara