Архив тегов | dəniz haqqında şeir

DƏNİZ VAR, YOX DƏNİZ TARİXİM ANCAQ…

Qədim ingilisin “qağayı yolu”
Dediyi yollardır dəniz yolları,
Şərəfə çatdıran bu yollar olub,
Bir vaxt ispanları, portuqalları.

+

Gəmi qayırıblar xırda və iri,
Beləcə yaranıb donanma sonra,
Kəşf, fəth ediblər materikləri,
Qırmızı qan axıb mavi sulara.

+

Sularda ordular üz-üzə gəlib,
Yenilən də olub, zəfər çalan da.

Sulara tarixlər yaızlıb, qalıb,

Silinən də deyil, unudulan da.

+

Dəniz xalqı deyil mənimsə xalqım,
Dəniz var, yox dəniz tarixim ancaq.

Qayıqlar içində mənim qayığım,
Üzməyib, üstündə yellənə bayraq.

+

Dəniz şücaəti dadmayan insan! —
İndi qırağında girincdir yazıq.

Qamarlayır, tutur, salır hasara,
Sahili gözünə təpə az qalır.

+

Dənizə girməyib dədə-babası,
Nə qılınc oynadıb, top atıb nə də.

Nə şərəf, nə qeyrət — parası varsa,

Satar dənizi də, yağı gələndə.

+

Dəniz də yarı göl, yarı dənizdir,

Ayrılıb dünyanın okeanından.

Ayrıyıq dünyadan biz özümüz də —
Harda var dənizi hasara alan?

+

Bəlkə cəhalətdən, bəlkə tamahdan,
Kim bilir, soydaşım mənim bir zaman,

Bənd vurub Xəzərin qabağına da,

Ayırıb dünyanın okeanından…

25. 07. 2019

Samara

DƏNİZƏ BƏNZƏYƏN ÇAY

05.07. 2019.jpg

Gah lal-dinməz axırsan,
Gah ləpəli, yeyin, çay!

Bu taydan ki baxırsan,
Çətin görünür o tay,
Dənizə bənzəyən çay!

 

 

Baş verir qasırğalar,

Düşür duman da lay-lay.

Vurnuxur qağayılar,
Qışqırır, salır haray,
Dənizə bənzəyən çay!

 

 

 

Okean gəmisi də,
Qayıq kimi üzən çay.

Qızıl qum dənəsiylə,

Qırağı bəzənən çay!

Dənizə bənzəyən çay.

 

 

Sahildə yığın-yığın,
Balıqçıları qış-yay.

Dadına balığının,
Hansı balıqda var tay? —
Dənizə bənzəyən çay!

 

 

Axır, gedir durmadan,
Xəzərə aparır pay.

Salır yurdu yadıma,
Ürəyimi üzən çay,
Xəzərə bənzəyən çay!

 

04-05. 07. 2019, Samara

DƏNİZDƏ QASIRĞADIR

Kolllar, ağaclar durur,
Hərəkətsiz qıraqda.
Günəş qumu qovurur,
Yarpaqları qarsıdır.
Qıraqda sakit, fağır —
Hərə öz sırasında.
Gəmilərsə burulur,
Dalğalar arasında.
Qıraqda yer-göy yatıb,
Dənizin öz həyatı –
Sular qalxır, sovrulur,
Dalğa dalğanı qovur,
Yalını qabardaraq –
Dənizdə qasırğadır.

21.07.2016

Anapa — Cemete