
I
Əlində dolu bidon,
Alışqanı cağbacağ.
Veterandır bu gedən —
Özünü yandıracaq.
—
Yeddi-səkkiz medalla
Gəlib müharibədən,
Layiqdi orden ala,
Vermədi rəhbər orden.
—
Millətimin igidi,
Həyatdan narazıdır.
Torpaq az verilibdi,
Pensiyası da azdır.
Azdır uşaq pulları,
Cırığa yamaq deyil.
Yox abırlı paltarı,
Yeməyi yemək deyil.
—
Baxanda məmurlara,
Beyninə sıçrayır qan-
Məgər bunlara görə,
Can qoyurdu veteran?
—
Bunlar xalqı soyurlar,
Ermənidən də betər,
Milyonları yəqin var,
Nə kef çəkə, bəs edər.
—
İcra başçısı oğraş,
Qəbuluna buraxmır.
Şərəfsiz, ürəyi daş,
Çıxıb üzünə baxmır!
—
Yox medala hörməti,
Saymır ki, axıdıb qan.
İndi bu məşəqqəti,
Bitirəcək veteran…
II
Əl saxla, dayan hələ,
Şücaətli qəhrəman!
Uşaq puluna görə,
Məgər qan axıtmısan?!
—
Sinən mərmiyə sipər,
Dayanmadan gedərkən,
Pensiyanı sən məgər,
Düşünürdün, qəhrəman?
—
Türk demişkən, bilirdin,
“Aslan ağzında tikən”,
Azadlığıyla indi,
Sənə borcludur ölkən!
—
İgidim, qanın axıb,
Şərəf, namus naminə.
Döyüşdən qalib çıxıb,
Qayıtmısan evinə.
—
Möhtəşəmdir xidmətin,
Yox sənə layiq medal.
Nə pul, nə həyətyanı? –
Ölkəni məmurdan al!
—
İgid, bidonu tulla,
Söndür alışqanını.
Ölüm gözləyər hələ,
Xalqımın veteranı!
—
Savaş öndədir hələ,
Yurd əyri əllərdədir.
Ölkəni yalın əllə,
Tələb et geri indi!
15.07. 2022, Samara