Архив тегов | Emin Hüseynov

SAVİNG PRİVATE MEHMAN – SIRAVİ MEHMANI XİLAS EDƏK…

Çox istedadlı bir cavan, Mehman Hüseynov, göz görə-görə məhv olur.

Deyək ki, boğulur…
Ostap Bender deyirdi ki, “Boğulanların xilası – boğulanların özlərinin əlindədir”.  (Спасение утопающих – дело рук самих утопающих).

Yox, biz, Gültəkin Hacıbəyli kimi “türk sevdalı” olsaq da, türk təbəəsi Ostab İbrahimoviçə böyük hörmət bəsləsək də, onun bu tövsiyəsini qəbul edə bilmərik. Xüsusən boğulan millətin gələcəyi ola biləcək ən parlaq cavanların biridirsə.

Əlbəttə, Mehman sözün əsı mənasında boğulmur, yəni, osmanlı aşiqi Əvəz Zeynallı demişkən, “gerçəkdən” (vurğu birinci hecanın üstündə) boğulmur. Məcazi mənada boğulur.

Əvvəlcə onu deyək ki, Mehman Hüseynov ömrünün son yarım ilini həsr etdiyi mübarizədə uduzur. Yəni Mehman Hüseynov Alyona Əliyevaya uduzur. Özü də böyük hesabla. “Qarabağ”ın Nyu Kasla uduzduğu kimi. Ümumi hesab 9:2-dir.

Məgər bu, məhv olmaq deyil?

Ezop təmsilində deyildiyi ki, dağ siçan dünyaya gətirdi. Yəni siçan doğdu.

Hamıya məlum oldu ki, Mehmanın hap-gopunun arxasında heç nə dayanmırmış. Öz ifadəsi ilə desək, Mehmanın bu altı ay müddətində ortaya qoyduğu yeganə şey onun özünün yeni surəti oldu. Tamaşaçılar Mehmanın simasında Qabil və Məhəmməd Mirzəli akademiyasının məzununu gördülər. Təzə diplom almış məzun əvvəlcə epataj hesabına “hayp” (hype) yaratdı, ancaq, bu, uzun sürmədi. Məlum oldu ki, məzunun hərbə-zorbaları, müəmmalı vədləri blefdən başqa bir şey deyilmiş. O ki qaldı söyüşə, Mehman nə qədər özünü öldürsə də, professor Qabilin və dosent Məhəmməd Mirzəlinin səviyyəsinə qalxa bilməz. Qabildən sonra Mehmanın söyüşünə qulaq asmaq Alim Qasımovdan sonra Daşqın Kürçaylını dinləmək kimidir. (Güman edirəm ki, burda heç kimin xətrinə dəymirəm).

Azərbaycan xalqını Mehman Hüseynov nəinki şoka sala bilmədi, Azərbaycan xalqı qımıldanmadı da. Azərbaycan xalqını qazın, işığın, çörəyin qiyməti şoka salar, prezidentin gəlininin kim olmağı yox və qətiyyətlə yox. Nə onun keçmişi, nə onun bahalı paıtarları, bahalı çantaları Azərbaycan xalqını narahat edər. Millətin öz qızlarında, xüsusən bakılılarda elə keçmişlər ortaya çıxar ki, avropalı qızlar onların yanında məsum rahibə kimi görünərlər. O ki qaldı bahalı çantalara, Mehman Hüseynovun videolarının bəkə də yalnız reklam effekti olub. Yəqin çox qadın Azərbaycanda Alyonanın çantalarından,  ya da ona oxşadılanlardan almağa çalışır…

Mehman Hüseynovu günbəgün deqradasiyaya uğradığı bu müddət ərzində Alyona Əliyeva vaxtını səmərəli keçirib. Mehman Hüseynovun öz kanalında göstərdiyi videoda cangüdənin müşayiəti ilə bazarlıq edən Alyona xanım təmiz, yəni ləhcəsiz azrbaycanca deyir: “Hədiyyə vermək istəyirəm…”

Mehman, sənin qapına daha bir top.

Mötəbər Ukrayna mənbələri bildirirlər ki, Alyona Əliyeva ali təhsilli linqvistdir, Odessa beynəlxalq universitetini qırmızı diplomla bitirib, fransız və ingilis dillərimi mükəmməl bilir…

Yaxın vaxtlarda Alyona Əliyeva hardasa Azərbaycan dilində nitq söyləsə ya hətta məruzə eləsə, təəccüblənmərəm. Ağzında ukraynalı deyirsən. Nəinki padşah arvadı, hətta padşah da olar…

Nə keçmiş, a kişi? Böyük Pyotrun arvadı Birinci Yekaterinanın keçmişi kimi maraqlandırırdı?

Mehmanı, çox istedadlı bu cavanı məhv edən, Qabil akademiyasının məzununa çevirən intiqam hissidir. İntiqam hissi soyudulmursa, idarə edilmirsə, cilovlanmırsa, o, içində yaşadığı insanı məhv edir. Məlum romanda və filmdə təsadüfən deyilmir ki, “qisas – soyuq çəkilən xörəkdir”… Bizdə deyirlər ki, acıqlı başda ağıl olmaz…

İlham Əliyevin gəlinini mübarizə obyektinə çevirməklə Mehman illərlə və həm də uğurla həyata keçirdiyi proyekti öz əli ilə məhv etdi. İndi onun gördüyü işin – hərçənd onun indiki fəaliyyətinə iş demək ciddi şişirtmədir — nə siyasi mübarizəyə, nə siyasi jurnalistikaya dəxli var.

Mehman elə bil ki, şəxsi intiqam hissinə uyaraq cəbhəni tərk edib və tör-töküntülərdən, yəni maxnoçulara karikatura sayıla biləcək ünsürlərdən ibarət alaya sıravi kimi daxil olub.

Fəlakətdir!

Gəlin sıravi Mehmanı xilas edək!..

11. 03. 2026, Samara

MEHMAN HÜSEYNOV: «ƏLİYEV QIZ QALASINI KEÇİRİB QUDASI QONÇARIN ADINA…»

“Salam. Serialımın üçüncü hissəsini təqdim edirəm. Bu hissə sizi qarınağrısına… üzr istəyirəm, şoka salacaq. Mən, Mehman Hüseynov, sizə məlumat verirəm ki, İlham Əliyev Azərbaycana qarşı əsrin cinayətini törədib. Mehman öyrəndi ki, İlham Əliyev Azərbaycanın namusu və qeyrəti olan Qız qalasını qudası Qonçarın adına keçirib. Artıq Qız qalasının adı da dəyişdirilib, indi «Дівочий замок» adlanır xoxol dilində. Mənim öz mənbələrimdən aldığım məlumata görə, tezliklə müsəlmanları  Qız qalasına, yəni Divoçi zamka buraxmayacaqlar, ora girənin gərək boynunda xaç ola.

İlham Əliyev Qarabağın da yarısını verib qudasına ki, Qonçar donuz təsərrüfatı yaratsın. İlham Əliyev qudasıyla birləşib salo istehsal edəcək. Bildiyiniz ki, Ukrayna salosu dünyada burinci yeri tutur. Azərbaycanda neft tükənən kimi, Qonçarın köməyi ilə keçəcəyik donuzçuluğa, salo istehsal edib Avropaya satacağıq. Bəlkə İrana da satdıq, əgər o vaxtacan Xamanei devrilsə…

İndi sizə deyim Bəylər Əyyubovdan. İlham Əliyev Bəyləri tursiyinəcən soyundurub, nəyi varsa, verib Qonçara. Bütün qəssumlarını, könnəylərini, ayaqqabılarını. Qəssumlar Qonçara bir az gen olub, İlham Əliyev deyib darıxma, sənə elə kürü yedirdəcəyəm ki, bir ayın içində Bəylərinkindən də yekə quyruq bağlayacaqsan

Belə-belə işlər, dostlar. Deyə bilərsiniz ki, mən bunları necə öyrəndim. Bəziləri deyirlər ki, guya bunları mənə Ərəstun Oruclu deyir. Yalandır. Bunların hamısını şəxsən mən özüm axtarış aparıb üzə çıxarmışam. Qabaqda sizi hələ çoxlu şok ifşalar gözləyir. Bilirəm, hamınız məni bəyənirsisiniz, paylaşmağı da unutmayın. Qoy Qız qalasının, yəni Deviçi zamkın faciəsini bütün millət bilsin…»

Mİrzə ƏLİL

03. 02. 2026, Samara

MEHMAN, AUDİTORİYAN BƏLKƏ DƏ «MAL»DIR, ANCAQ SƏN FİKİRLƏŞƏN QƏDƏR YOX…

…Dəniz sahili, hansı dəniz olduğunu demək çətindir. Gəzinti qayığına adamlar minirlər, onların arasında yalnız arxadan görünən tünd boz paltarlı kişi də var. Mehman Hüseynov iddia edir ki, bu kişi İlham Əliyevin oğlu Heydərdir, guya əsgərliyini qoyub qaçıb Fransaya, orda kef edirmiş.

Qayığa minən tünd boz paltarlı kişinin Heydər Əliyev olduğuna heç bir sübut yoxdur, video uzaqdan çəkilib, kişinin üzü görünmür, çəkilişin vaxtı, dəqiq yeri məlum deyil. Digər tərəfdən, əsgərlərin məzuniyyəti olur və Heydər Əliyev də məzuniyyət vaxtə Bakıda ya ayrı yerdə dənizdə istirahət edə bilərdi – yəni mən bunu Heydər Əliyevin vəkili kimi deyirəm, Mehman Əliyev qanunuçuluq uğrunda və qanunsuzluğa qarşı mübarizə aparırsa, öz işində və mübarizəsində qanunu rəhbər tutmalı deyilmi? Gözə kül üfürmək, auditoriyanın “mallığına” arxayın olub ona vəd edilmiş sensasiya əvəzinə rusların dediyi kimi “pşik” sırımaq mübarizlik deyil və əsl jurnalistika ilə heç bir əlaqəsi yoxdur.

Mehman Hüseynov “təhqiqatı”nın əsas hissəsini İlham Əliyevin gəlininin ifşasına həsr edib. Ancaq ifşa yoxdur, çünki Mehman Hüseynovun Alyona Əliyeva haqqında dediklərində heç bir fakt yoxdur. Sosial şəbəkələrdən götürülmüş və Alyona Əlieva məxsusluğu şübhə doğuran iki-üç fotonu göstərib deyir ki, xanım gecə-gündüz gecə klublarında olub. Gecə klubuna getmək, mən bilən, ayıb iş deyil. İndiki şəhərli gənclərin çoxu gecə klublarına gedir. Alyona Əliyeva niyə getməmliydi. Məsələ burasındadır ki, getməyinin də sübutu yoxdur. Mehman Əlieyevin əlində heç nə yoxdur. Səsinin yoğun yerinə salır, turp kimi qızarır, auditoriyaya Mehmanın (özü haqqında üçüncü şəxs kimi danışır) necə oğlan olduğunu tez-tez xatırladır.

Alyona Əliyevanın etnik mənsubiyyətinin ləkələyici fakt kimi qələmə verilməsi, mənə elə gəlir ki, özünü tərbiyəli sayan hər kəsi pərt eləməlidir. Qardaşı, özü Avropa ölkəsində yaşayan adama tayfaçılıq, irqçilik, millətçilik yaraşmaz. İndiki vaxtda məgər Ukrayna vətəndaşlığı  qürur mənbəyi olmalı deyil?

Mehman Hüseynova fövqəladə zərbə vurulub. Onun yatağına hökumət kamera qoyub. Ancaq özünü jurnalistikaya, siyasi mübarizəyə həsr edən adam zərbəni qarşılamağı bacarmalıdır. Qisas hissi Mehman Hüseynovun beynini dumanlandırıb. Acığını çıxmaq üçün hər vasitəyə əl atır. O cümlədən uydurmaya, qondarmaya, manipulyasiyaya – yəni Azərbaycanda polis, məhkəmə necə işləyirsə, Mehman da o cür işləyir. Azərbaycanda qondarma ittihamlar ağır hökmlərlə nəticələnir – gülməli deyil. Ancaq Mehman Hüseynovun həm peşakarlıq baxımından son dərəcə keyfiyyətsiz, heç bir fakta, sənədə əsaslanmayan “ifşa”ları onun özünü etibardan salar. Auditoriyanın xeyli hissəsi bəlkə doğrudan da maldır. Ancaq hamısı yox, Mehman Hüseynov, hamısı yox. Özünü ələ al…

 

X.X.

27. 01. 2026, Samara