Çox böyük alimlərin fikrincə, futbol ayaqla oynansa da, başa çox ziyan vurur. Yəni ki, oynayanların başına yox, baxanların başına. Burda mənim bir naxçıvanlı dostum var, mən onu həmişə ağıl dəryası bilmişəm. Ancaq Avropa çempionatına baxandan sonra kişi əməlli-başlı çaşıb, havalı gəzir. Mənə o gün nə desə yaxşıdır? Deyir ki, Mirzə, havaxt inşaallah Haxçıvanda da belə futbol olacaq? Dedim ki, inşaallah heç vaxt olmayacaq. Dostumun gözləri elə yekəldi və qızardı ki, canıma qorxu düşdü. Dedi ki, Mirzə, naxçıvanlıların kimdən nəyi əskikdir ki, onlar futbol oynaya bilməsinlər. Dedi ki, naxçıvanlı kişilərin çoxu Türkiyəyə gedib-gəlir, əvvəl-axır türk qardaşlarımızdan futbol oynamağı öyranərlər. Dedim ki, a kişi, naxçıvanlılar Türkiyəyə futbol öyrənməyə getmirlər, ot biçməyə, bir tikə çörək qazanmağa gedirlər. Həm də Naxçıvanda hardan futbol olar ki, Talıbov cənabları üç nəfərdən artıq adamı bir yerə yığılmağa qoymur? On bir nəfər adam bir yerə yığılsa, Vasif bəy onların üstünə tank çıxarar göydən bombalayar, vallahı, yaxşı da elər. Qoyarsan yığılmağa, bu gün futbol oynayarlar, sabah ayrı şey.
Bunu deyəndə dostum məndən çox incidi. Dedi ki, ay Mirzə, naxçıvanlılar nə ayrı şey oynayıblar, haçan oynayıblar? Dostumun xətrinə dəymək istəmədim, demədim ki, bəs naxçıvanlı Cəlil Məmmədquluzadə deyildi bizim camaatı lağa qoyub gülən? Niyə o bizim gül kimi şeyxlərimizə sataşırdı? Niyə bizim xalqa danabaş deyirdi? Biz danabaş olmamışıq, qoç olmuşuq, qoç!
Təəssüf ki, indi ölkədə qoç-moç qalmayıb. Prezidentimizdən, Artur müəllimdən, polis, gömrük başçısından başqa kim var ki? O boyda Naxçıvanda bir qoç varsa, o da Vasif bəydir. Maşallah, hamını buynuzlayıb yaman günə qoyur. Həmin bu naxçıvanlı dostum şikayətlənəndə ki, bəs Vasif bəy camaatı danışmağa qoymur, dedim mən onun yerinə olsaydım, bu camaatın ağzına skotç yapışdırardım. Dostum vahimələnib dedi ki, Mirzə, sən nə danışırsan? Bəs onda camaat çörəyi harasına yeyər?
Eh, vallah, futbol bu kişinin başını xarab edib. Necə harasına yeyər? Mən nə bilim harasına yeyər? Məgər Azərbaycan camaatı, içində naxçıvanlılar da olmaqla, indiyəcən çörəyi ağzına yeyirdi?
Mirzə ƏİL