Архив тегов | futbol haqqında şeir

XVİÇA

Ah, yenə tarix yaradır Dembele,

Həm ötürür, həm də vurur kim belə?!

Mərkəzi xətdən o, dəqiq pas verir,
Gürcü də dərhal səsinə səs verir.

Top ona çatcaq şığıyır güllə tək,
Göz yumub-açcaq çıxır o, təkbətək.

Şansı itirmir, solaxaydan vurur,
Heykələ dönmüş qapıçı lal durur.

Münheni alqış səsi sarsıtmada,

Xəstə tayan vardısa, durmuş o da.

İndi təsəvvür elə Gürcütanı,
Tapmaq olarmı bir ayıq insanı…

Milli fəxr, ah, necə də güc gəlir,
Kuboku almış elə bil gürcülər…

Yox İvanişvilini xatırlayan,
Yox Saakaşvilini xatırlayan…

Qol vurub əla Kvaratsxeliya,
İndiki anda nə demokratiya…

Gürcü olaydım o gecə kaş ki mən,
Hamı kimi nəğmə deyən, şənlənən.

Ayrı sevinc hardadır, anlat mənə,
Futbol olur ağrıya məlhəm yenə…

 

03. 06. 2025, Samara

LAMİN YAMAL

Gör neçə rəqibi dalınca qaçır

Aldanır, gəlirsə, hansı yaxına.

Atası yerində oyunçuları,
Dolayır bu uşaq sol ayağına.

 +

Qalmadı futbolda böyük-kiçiklik,

Hikmət ayaqdadır, yaşda deyildir.

Başı tək ayağı kimin ki, müdrik –

Ən azı bir addım irəlidədir.

 +

Açır hər qapını sol ayağıyla,

Mat qalıb göz döyür qapıçı yazıq.

Müdafiəçilər hüznlü, ağlar,

İstefaya hazır məşqçi artıq.

 +

Oyunda köhnələn, göz yoran nə var,
Qovur Lamin Yamal stadiondan.

Qaçır qaranəfəs geri qalanlar,

Ona yenilənlər öyrənir ondan.

 +

Neçə milyon uşaq yer kürəsində,
Adı köynəyində oynayır indi.

Əsgər pərəstişi var hərəsində,
Lamil Yamalsa gənc Napoleondur…

 

30. 05. 2025, Samara

LUKA MODRİÇLƏ VİDALAŞMA

Nəhəng pətək kimidir,

Santyaqo Bernabeu.

Luka Modriçi indi.
Ötürür stadion.

 +

Hamı həyəcanlıdır,
Hamı emosional.

Az deyil ağlayan da,
Tutub əlində dəsmal.

 +

Filorentino Peres,

Dayanıbdır hüznlü.

Açıqca görür hər kəs,

Qoca dərddən üzülür…

 +

İslanıb yanaqları
Karlo Ançelottinin.

Yox italyanın halı,

Saqqız çeynəsin indi.

 +

Çoxdur ağlayan bu gün,
Ayıb bilən yox bunu.

Bürüyüb ağır hüzn,

Bütün stadionu.

 +

Elə bil vida deyil,
Bu, yas mərasimidir,
Dəfn edirlər elə bil,
Luka Modriçi indi.

 +

Qupquru ağlayan var,
Var acı yaş tökənlər.

Bəlkə sevincdən ağlar,
Yerinə göz dikənlər…

 

29. 05. 2025, Samara

MBAPPE

Möcüzədir, ah, bu fransız əsl,
Gör necə milyonları etmiş əsir!

Stadionda qoparır fırtına,

Hansı rəqib olsa, gedir qırğına.

Sevgisi yoxdur sola, sağdan vurur,
Həm o yaxından, həm uzaqdan vurur.

Fəndləri var, həm də driblinqi var,
Saxlaya bilmir onu üç, dörd nəfər.

Sürətinə bax, elə bil güllədir,
Amma ayaqdan da yeyin baş gedir.

Ali mühəndis kimi ölçüb-bilçir,
Hansı bucaqdan, o bilir, top keçir.

Yaxşı tanışdır ona ballistika,
Topdan açır atəşi sanki qoçaq.
Gör nə gözəl öyrənib ispancanı,
Hətta məəttəl qoyur o, ispanı.

İngilisə gah keçir ispancadan,
Dərdə düşər bəlkə də qısqanc adam.

Ah, bu fransızda nə yoxdur daha –

Ağmış onun bəxti, qara olsa da…

26. 05. 2025, Samara

KORONAVİRUS

2

Ronaldu ya Messi? Hansı yaxşıdır? –

Hamlet sualıydı indiki zaman.

Elə bil ki, bütün bəşəriyyəti,
Əsas bu sualdı qayğılandıran.

 

 

Müqəddəs yazıydı statistika,
Sitayiş edirdi rəqəmə insan.

Qolu başla vurub, ayağıyla ya –

Neçənci dəqiqə, hansı məsafə…

 

 

Milyonlar vurnuxur Messiyə qarşı,
Sayı yox Ronaldu sevməyənlərin.

Dahilər meydana çıxıb çarpışır,
Baxan Adilərin siniri gərgin.

 

 

Zirvələr, rekordlar gözləyən də var,
Çoxunun uzanır göyə əlləri.

Neçə Adinisə üzür intizar:
Haçan büdrəyəcək dahinin biri…

 

 

Neyləyək, belədir insan həyatı,

Özgə qayğısıyla yaşayan da var.

Bəzən dahilərin məğlubiyyəti,
Yerdən Adiləri sanki qaldırar…

 

 

Bağlanıb, boş qalıb stadionlar,
Hardasa qapanıb Ronaldu, Messi.

Hamletin sualı  yenə aktual,

Bütün yer üzüdür indi səhnəsi.

 

 

Başqadır bugunkü statistika,
Rəqəmlər, rekordlar tük ürpədəndir.

Adi də, dahi də meydana çıxar,
Söhbətsə olumdan, ölümdən gedir.

 

 

Bilmirik hardadır Messi, Ronaldu,
Birinci qayğındır öz ömrün indi.

Olummu? ölümmü?– sual budur, bu,

Başını sındırır dahi, həm adi.

 

 

Əvvəlki dəyərdən düşür rekord da,

Yersiz əyləncəyə bənzəyir idman.

Məna axtarmalı öz həyatında,
Ən adi, sıravi olsa da insan.

23.03. 2020, Samara

TOP

26.10. 18.jpg

Nə aclıq var idi, nə müharibə,
Adamlar pis-yaxşı dolanırdılar.

Olmasa da ciddi sevgi-məhəbbət,
Uşaqlar bir ucdan yaranırdılar.

 

 

Pambığa gedərdi qız uşaqları,
Oğlanlar qoyuna, mala baxardı.

Hərdən məktəbə də baş vurardılar,

İçində tək-tükü dərs oxuyardı.

 

 

Onlar oyuna da həvəsliydilər,

Var oğlan oyunu, var qız oyunu.

Qaçıb oynamağa tələsirdilər,

Farağatlayaraq malı-qoyunu.

 

 

Oğlan oyununa gərək top ola,

Oyunda nə ləzzət, topu qovmasan?

Topsa qəhət idi kənddə o vaxtlar,

Atalar dəliydi gedib top alsın?

 

 

Top oynayan uşaq xarab olardı,

Soyuyub gedərdi qoyun-qaradan.

Həyətin çəpəri, şumu qalardı,
Top dəyib uşağı zəlil qoyardı.

 

 

Bir xəmir ürəkli çıxırdı hərdən,

(Onun, deyirdilər, başında iş var),

Oğluna ucuz top alıb verərdi,
Uşaqlar meydana qaçışardılar…

 

 

Yarı ayaqyalın, yarı çəkməli,
Nahar ötüşmüşdü, şam da yubandı.

Uşaqlar yerin bu süni peykini,

Dolandırırdılar başına kəndin…

 

Ömrü çox olmurdu bəxtəvərliyin,

Həyatda sevinc var, həyatda dərd var.

Həmin gün, ya sabah, ya da biri gün,
Bu top oyununa son qoyardılar.

 

 

Gələrdi bir ağlı başında ata,

Girərdi meydana, topu qapardı.

Bıçaq çıxarardı cibindən iti,

Topu kağız kimi cırıb atardı…

 

 

İkiyə bölünən, havası çıxan,
Top qalardı yerdə ölü quş kimi.

Uşaq damarında quruyardı qan,
Büküb bıçağını gedirdi kişi…

 

 

Orda həyətlərin barı da yoxdu.

Hamı yaz əkinçi, dilənçi qışda.

İnəklər qısırdı, qoyunlar qotur,
Uşaq da, böyük də ha çalışsa da.

 

 

Hamı ciddi idi, hamı da kinli,

Hamı gəzdirməsə cib bıçağı da.

Kənd, havası çıxmış yekə top kimi,
Sərilib qalmışdı Kür qırağında.

 

25-26. 10. 2018

Samara