Pterozavrlar yaranıb əvvəl,
(Alimlər deyənə əgər inansaq) —
Düz iki yüz otuz milyon il qabaq!
Səksən milyon il keçib quşlara qədər…
+
Quş olub uçuruq yuxuda bəzən
Belə yuxulardan şirini hanı?
Sevirik qanadlı yuxunu, varmı,
Yuxuda özünü sürünən görən?
+
Həyatda…Həyatda həm qanadsızıq,
Vardır addımın həm məhdudiyyəti.
Qadağa pozmağa yox qətiyyəti,
İnsan itaətdə, sürünən, yazıq…
+
Qapanıb ölkənin sərhədi çoxdan,
Açarı cibində uzurpatorun.
Kiriyib içində düşdüyü torun,
Çırpınıb çıxmağa can atmır insan.
+
Yüz əlli milyon il keçib, deyirlər,
Quşların dünyaya gəldiyi vaxtdan.
Uçar millətim də bəlkə bir zaman —
On-on beş milyon il sürünüb əvvəl…
20.12. 2023, Samara
