Архив тегов | quşlar haqqında şeir

VOLQADA ÖRDƏKLƏR

Gətirən nədir görəsən,
Volqaya bu ördəkləri?

Dəyişib çay mənzərəsi,
Ördəklər gələndən bəri.

 

Qoşa-qoşadır həmişə,
Uçmaqları, üzməkləri.

Biri ki, aralı düşə —

Yoldaşı tez haray çəkir.

 

Qalacaqdır gör nə qədər,
Telefonda şəkilləri!

Həqiqətən qəşəngdirlər,

Xüsuən də erkəkləri….

 

Həm çevik, həm də baxımlı,
Qanadları, lələkləri.

Baş vurur, balıq çıxarır,
Mahir ovçudur hər biri.

 

Üzür, uçurlar arxayın,
Var elə bil bilikləri:

Tüfənglilər gedib, çətin

Qayıdarlar bir də geri…

 

 07. 04. 2026, Samara

UÇAR MİLLƏTİM DƏ BƏLKƏ BİR ZAMAN…

Pterozavrlar yaranıb əvvəl,
(Alimlər deyənə əgər inansaq) —

Düz iki yüz otuz milyon il qabaq!

Səksən milyon il keçib quşlara qədər…

 +

Quş olub uçuruq yuxuda bəzən

Belə yuxulardan şirini hanı?

Sevirik qanadlı yuxunu, varmı,

Yuxuda özünü sürünən görən?

 +

Həyatda…Həyatda həm qanadsızıq,
Vardır addımın həm məhdudiyyəti.

Qadağa pozmağa yox qətiyyəti,

İnsan itaətdə, sürünən, yazıq…

 +

Qapanıb ölkənin sərhədi çoxdan,

Açarı cibində uzurpatorun.

Kiriyib içində düşdüyü torun,

Çırpınıb çıxmağa can atmır insan.

 +

Yüz əlli milyon il keçib, deyirlər,

Quşların dünyaya gəldiyi vaxtdan.

Uçar millətim də bəlkə bir zaman —

On-on beş milyon il sürünüb əvvəl…

 

20.12. 2023, Samara