Архив тегов | Gülbala Əliyev Əlibayramlı

SƏMƏD VURĞUN+QARA QARAYEV. «PARTİYAMIZDIR»

əvvəli burda

GƏDƏBİYYAT. SƏMƏD VURĞUNUN «PARTİYAMIZDIR» ŞEİRİ HAQQINDA

Sən parlaq hüsnüsən adi sözün də”

Hüsn” – gözəllikdir. Parlaq gözəllik necə olur? Partiya, kommunist (bolşeviklər) partiyası “hər adi sözə” necə “parlaq gözəllik” verə bilir?

Yəni bu cəfəngiyatı araşdırmaqda məqsədim odur ki, Səməd Vurğun irsinin azərbaycanlıların təkcə poeziya dilini yox ümumiyyətlə dilini və hətta təfəkkürünü necə korladığını göstərim. Facebook-da rast gəldiyim yüzlərlə şeirlərin dili Səməd Vurğun ya da Məmməd Araz dilidir,  yəni deyilən sözdə, işlədilən bənzətmədə məna axtarmaq nəticəsiz vaxt itkisidir.

“Sən al bir şəfəqsən ömrün üzündə”

Partiya al şəfəqdir? Bəlkə Bolşeviklərin, Leninin, Stalinin, Azərbaycanda Bağırıvun tökdüyü qanlara işarədir? “Ömrün üzü” nədir? Bu, Azərbaycan dilidir?

Hər təmiz ürəyin, saf məhəbbətin,

İnsana hörmətin, eşqə hörmətin,

Bu günün, sabahın, əbədiyyətin

Ən böyük mənası partiyamızdır!

Bu bənddə məna yox, ən azından qrammatik nizam tapmaq istəyənin başı hərlənər. Sadalananları ayırın: ürəyin, məhəbbətin, hörmətin sabahın, əbədiyyətin… Bəndin sonuncu misrasında baxın: belə çxır ki, bunların hamısının mənası “partiyamızdır”! Təkrar edirəm: Səməd Vurğun deyir ki, ürəyin, məhəbbətin, hörmətin mənası ”partiyamızdır”! Bu adam öz xalqını dolayıb, xalqını cahil və qara kütlə sayıb, arxayın olub ki, nə qondarsa, yeyiləcək, udulacaq. İndiyəcən yeyilir və udulur. Səməd Vurğuna pərəstiş Azərbaycanda imam Hüseynə pərəstişdən zəif deyil. Və əhalisi belə cəfəngiyyatın əsiri olan ölkədə demokratiya qətiyyən və heç bir halda mümkün deyil, çünki demokratiya müstəqil düşünməyə, müstəqil seçimə qadir vətəndaşların tələbatıdır, Səməd Vurğun ya imam Hüseyn aşiqlərinin yox…

SSRİ Xalq artisti, Lenin mükafatı laureatı Qara Qarayev bu şeirə kantata yazmışdı. 60-cı illərin sonu və 70-ci illərdə Bakıda bütün böyük rəsmi tədbirlərdəki konsertlər hökmən bu kantatanın ifası ilə bitirdi. Mənim xatırladığım, bəzilərinə qonşu televizorunda baxdığım konsertlərin həsr edildiyi tədbirlər: Oktyabr inqilabının 50, 60 illiyi (1967, 1977), SSRİ-nin 50 illiyi (1972), Azərbaycanda Sovet Hakimiyyəti qurulmasının 50, 60 (1970, 1980) illiyi, Azərbaycan Kommunist Partiyasının beş ildən bir keçirilən qurultayı, Azərbaycana Ümumittifaq sosializm yarışında qalib gəldiyinə görə Qırmızı bayraq verilməsi (Heydər Əliyev haimiyyətə gələndən hər ilin payızında; Litva, Estoniya Sosializm yarışında qalib gəlmirdi, o respublikalarda yeməyə hər şey var idi, Azərbaycan hər il bayraq alırdı, ancaq millət bazarlığa Yerevana, Tiflisə gedirdi). Böyük konsertlərdə ayrı-ayrı solistlərin və kollektivlərin çıxışından sonra konsertin bütün iştirakçıları və birləşmiş xor Qara Qarayevin Səməd Vurğunun sözlərinə yazdığı “Partiyamızdır” kantatasını ifa edirdi…

Belə də yaşayırdıq. Buna yaşamaq mümkündürsə…

Bir neçə kəlmə Qara Qarayev haqqında.

Qara Qarayev, şübhəsiz ki, böyük bəstəkardır. Üzeyir Hacıbəyovdan sonra ən böyük bəstəkarımız odur, hərçənd Üzeyir bəy kimi milli deyil… Qara Qarayev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin daimi üzvü və SSRİ Ali Sovetinin daimi deputatı idi. Hər beş ildən bir Əlibayramlının da daxil olduğu Ağsu dairəsindən seçilirdi. Seçilirdi deyəndə ki, təyin edilirdi. Azərbaycanda, xüsusən Ağsuda, nə seçki? Klassik demişdi: “Gəlsin gözünə qarə su, Ağsu vətən oldu…” 1971-ci ildə mən Əlibayramlıda pedaqoji məktəb tələbəsi idim. Pedaqogika dərsində müəllim seçkidən danışırdı. Mən dedim ki, bu seçki düzgün seçki deyil, Qara Qarayevi bu yerlərdə indiyəcən görən olmayıb… Pedaqogika müüəllimi, keçmiş raykom katibi Əli İsmayılıv pomidor kimi qızardı, “otuzuncu illər olsaydı, əlli-ayaqlı gedərdin” deyib otaqdan çıxdı. Az sonra mən i müəllimlər otağına çağırdılar, müəllimlər yekdilliklə dedilər ki, mən gərək qovulam. Direktor Gülbala Əliyev Bakıya səfərdən qayıdan kimi əmrimi verəcək… Bir neçə gün sonra Gülbala müəllim gəldi, məni yanına çağırıb dedi ki, sən deyən düzdür, ancaq bu barədə açıq danışmaq olmaz…

Səməd Vurğun deyirdi “bəşərin vicdanı, eşqi…” Ancaq partiya tək-tük adamda vicdan qoymuşdu…

13.11. 2025, Samara

ÇİNGİZ ƏLƏKBƏRZADƏ HAQQINDA. ƏVVƏL DOSTUNU GÖSTƏRİM…

Çingiz Ələkbərzadə 2

Hərdən İnternetdə Çingiz Ələkbərzadə ilə bağlı yazılara rast gəlirəm və hər dəfə Əlibayramlı pedaqoji məktəbinin tələbəsi olduğum illər (1968-1972) yadıma düşür.

Pedaqoji məktəb 1966-cı ildə yaradılmışdı, öz binası yox idi, Əli Bayaramlının Təzə şəhər deyilən hissəsində 10 saylı məktəbin binasının bir qanadında yerəşirdi. Şəhər partiya komitəsinin orqanı olan “İşıq” qəzetinin redaksiyası isə köhnə şəhərdə idi. Köhnə ilə Təzənin arasında ən azı beş-altı kilometr məsafə vardı. Ancaq o vaxt “İşıq” qəzetində işləyən Çingiz Ələkbərzadəni tez-tez görürdüm. Çünki pedaqoji məktəbdə əmək müəllimi işləyən Miryusif Manafovla dost idi.

Çingiz Ələkbəzadənin Əlibayramlı qəzetində işlədiyini pedməktəbə girən kimi eşitmişdim. Əlibayramlı kimi qondarma, özünün nə tərixi, nə mədəni ənənələri və irsi olan bir yerdə xalq yazıçısının(!) oğlu diqqət mərkəzində idi. Mən uşaqlıqda kənd kitabxanasında nə vardısa, oxuyurdum. Firdovsi, Şekspir, Əhliman Axundov, İsa Hüseynov, Bayram Bayramov, İlyas Əfəndiyev, Əbülhəsən… Yaxşını-pisdən ayırmadan fasiləsiz oxuyur, daha dağrusu, gözümə təpirdim… Pisi yaxşıdan ayırmadan…Sonralar pislər yaxşıya qarışır, qanını zəhərləyir, illərlə bu antiədəbiyyatın zəhərini qanından damcı-damcı sıxıb çıxarmağa çalışırsan, axıracan müvəffəq olmursan…

Savadlı müəllimsiz, keyfiyyətli ədəbiyyatsız keçən, əslində itirilən uşaqlıq illəri… Heyf…

Xalq yazıçısının oğlunun niyə Əlbayramlı kimi, paytaxtda böyümüş gənc ədəbiyyatçıda ölümcül qüssə doğurmalı olan şəhərə niyə gəldiyini bilmirdim. Eləcə də onun Miryusif Manafovla dostluğunun necə yarandığı mənə məlum deyildi. 1968-ci ildə Çingizin 32 yaşı olub. Miryusif Manafovun yaşı qırx beş ya da çox olardı. Onun bizə tədris tdiyi fənnin əsl adı “İbtidai siniflərdə əməyin tədrisi” idi. Yəni Miryusif müəllim bizə, gələcək ibtidai sinif müəllimlərinə əməyin tədrisini öyrətməli idi. Öyrədirdimi? Bu suala müsbət cavab vermək çətindir, bunun isə iki səbəbi var. Birincisi, Miryusif müəllim əmək müəllimi deyildi. İkincisi, dərslərinin də bir hissəsi boş keçirdi, çünki o, pedaqoji məktəbin özfəaliyyət teatrına rəhbərlik edirdi və məşqlərinin dərsi ilə bir vaxta düşdüyü az olmurdu.

Niyə görə Miryusif Manafov haqqında yazıram? “Dostunu mənə göstər” prinsipi ilə. Fikirləşirəm ki, Miryusif Manafov haqqında təsəvvür yaratsaq, onun yaxından dostluq etdiyi Çingiz Ələkbərzadə haqqında da bəzi şeylər bizə aydın olar.

Mirysif  Mahafov ucaboy, nazik bir kişi idi, qara saçları o vaxt çallaşmağa və seyrəlməyə başlamışdı. Deyilənlərə görə, o, heç əmək müəllimi deyildi, haçansa Leninqradda incəsənət institutunda üç iləcən oxuyub qovulmuş ya çıxmışdı. Yəni ali təhsili yox idi. Pedaqoji məktəbin direktoru Gülbala Əliyevin onu işə götürməkdə məqsədi teatr yaratmaq idi. Məktəbdə, əlbəttə, rüşvət ayaq tutub yeriyirdi. Ancaq o vaxtlar yaşı əllidən çox olan Gülbala Əliyev mədəni səviyyə, düşüncə baxımından təkcə məktəbin deyil, şəhərin də ən qabaqcıl adamı idi. O, az vaxtda təkcə teatr yoz, həm də mənim də iştirakçısı olduğum xalq çalğı alətləri ansamblı və xor yaratmışdı. Miryusif müəllim qondarma əmək müəllimi olsa da, teatr sahəsində mübahisəsiz talantı var idi. Cəmi bir neçə ay ərzində müxtəlif rayonların kəndlərindən gəlmiş, ömürlərində teatr görməmiş gənclərlə və yeniyetmələrlə gözəl tamaşalar yaradırdı. “Almaz”ı şəhər mədəniyyət evində özüm görmüşəm, bəzi səhnələr indiyəcən yadımdadır. “Sevil” respublika müsabiqəsində ikinci yeri tutmuşdu…

Mryusif Manafovun maşını var idi.Yəqin Moskviç olardı. Əlibayramlının özündə ya Qazıməmməddə (Hacıqabul) yaşadığı da yadımda deyil. Onun arvadbaz olduğunu deyirdilər. Məktəbin musiqi müəllimi və ansamblın rəhbəri baklı Vahid Bünyatovun arvadı Elmira müəllimlə yaxınlığından az qala bütün şəhər danışırdı. Elmira müəllim də nəğmə müəllimi idi, Bakıdan əriylə gəlmişdi, şayiələrə görə, Miryusif müəllimdən başqa kişilərlə də görüşürdü… Sonralar ərindən ayrılmış və cavan ölmüşdü…

Yenə deyilənlərə görə, bir neçə dəfə Gülbala müəllim “məişət pozğunluğuna” görə Miryisifə  ciddi təpinmiş, ancaq qovmamışdı. Miryusif müəllim özü bir ara pedməktəbdən getdi, çünki günlərin bir günü gözlənilmədən Əlibaytramlı şəhər musiqi məktəbinə direktor təyin edildi. Heç bir alətdə çalmayan, oxumayan, musiqi təhsili olmayan, ali təhsili də yarımçıq adamın musiqi məktəbinə direktor təyin olunmağı çox insanı təəccübləndirsə də, demək olmaz ki, şok yaratmışdı. Əli Bayramlı kriminallı şəhər idi, gündüz günorta vaxtı başdan papaq götürüb qaçırdılar, şəhərdə hakimiyyət xeyli dərəcədə banditlərə məxsus idi…

Bir məsələ hamıya aydı idi: Miryusif Manafovu musiqi məktəbinə direktor təyin etdirən Çingiz Ələkbərzadədir. Dostluqları, çaşqa-loşqalıqları öz yerində. Əvvəlki direktor qovulmamışdan bir az əvvəl “İşıq” qəzetində Çingiz Ələkbərzadənin “Belə olmaz həmişə” adlı felyetonu çıxmışdı. Bu yazıda, o vaxtın dil ilə desək, məktəb direkrorunun yarıtma və yaramaz  fəaliyyəti kəskin tənqid atəşinə tutulmuşdu…

“Belə olmaz həmişə” – sizə bir şey xatırladır? Bəli, o vaxt Yalçın Rzazadə “Belə ola həmişə” nahnısını təzə oxumuşdu və xalqa sevdirmişdi…

(ardı var)

Şəkil burdan götürülüb: https://elchi.az/yazici-cingiz-el%C9%99kb%C9%99rzad%C9%99-haqda-xatir%C9%99l%C9%99r/

13.11. 2023, Samara