Çox istedadlı bir cavan, Mehman Hüseynov, göz görə-görə məhv olur.
Deyək ki, boğulur…
Ostap Bender deyirdi ki, “Boğulanların xilası – boğulanların özlərinin əlindədir”. (Спасение утопающих – дело рук самих утопающих).
Yox, biz, Gültəkin Hacıbəyli kimi “türk sevdalı” olsaq da, türk təbəəsi Ostab İbrahimoviçə böyük hörmət bəsləsək də, onun bu tövsiyəsini qəbul edə bilmərik. Xüsusən boğulan millətin gələcəyi ola biləcək ən parlaq cavanların biridirsə.
Əlbəttə, Mehman sözün əsı mənasında boğulmur, yəni, osmanlı aşiqi Əvəz Zeynallı demişkən, “gerçəkdən” (vurğu birinci hecanın üstündə) boğulmur. Məcazi mənada boğulur.
Əvvəlcə onu deyək ki, Mehman Hüseynov ömrünün son yarım ilini həsr etdiyi mübarizədə uduzur. Yəni Mehman Hüseynov Alyona Əliyevaya uduzur. Özü də böyük hesabla. “Qarabağ”ın Nyu Kasla uduzduğu kimi. Ümumi hesab 9:2-dir.
Məgər bu, məhv olmaq deyil?
Ezop təmsilində deyildiyi ki, dağ siçan dünyaya gətirdi. Yəni siçan doğdu.
Hamıya məlum oldu ki, Mehmanın hap-gopunun arxasında heç nə dayanmırmış. Öz ifadəsi ilə desək, Mehmanın bu altı ay müddətində ortaya qoyduğu yeganə şey onun özünün yeni surəti oldu. Tamaşaçılar Mehmanın simasında Qabil və Məhəmməd Mirzəli akademiyasının məzununu gördülər. Təzə diplom almış məzun əvvəlcə epataj hesabına “hayp” (hype) yaratdı, ancaq, bu, uzun sürmədi. Məlum oldu ki, məzunun hərbə-zorbaları, müəmmalı vədləri blefdən başqa bir şey deyilmiş. O ki qaldı söyüşə, Mehman nə qədər özünü öldürsə də, professor Qabilin və dosent Məhəmməd Mirzəlinin səviyyəsinə qalxa bilməz. Qabildən sonra Mehmanın söyüünə qula asmaq Alim Qasımovdan sonra Daşqın Kürçaylını dinləmək kimidir. (Güman edirəm ki, burda heş kimin xətrinə dəymirəm).
Azərbaycan xalqını Mehman Hüseynov nəinki şoka sala bilmədi, Azərbaycan xalqı qımıldanmadı da. Azərbaycan xalqını qazın, işığın, çörəyin qiyməti şoka salar, prezidentin gəlininin kim olmağı yox və qətiyyətlə yox. Nə onun keçmişi, nə onun bahalı paıtarları, bahalı çantaları Azərbaycan xalqını narahat edər. Millətin öz qızlarında, xüsusən bakılılarda elə keçmişlər ortaya çıxar ki, avropalı qızlar onların yanında məsum rahibə kimi görünərlər. O ki qaldı bahalı çantalara, Mehman Hüseynovun videolarının bəkə də yalnız reklam effekti olub. Yəqin çox qadın Azərbaycanda Alyonanın çantalarından, ya da ona oxşadılanlardan almağa çalışır…
Mehman Hüseynovu günbəgün deqradasiyaya uğradığı bu müddət ərzində Alyona Əliyeva vaxtını səmərəli keçirib. Mehman Hüseynovun öz kanalında göstərdiyi videoda cangüdənin müşayiəti ilə bazarlıq edən Alyona xanım təmiz, yəni ləhcəsiz azrbaycanca deyir: “Hədiyyə vermək istəyirəm…”
Mehman, sənin qapına daha bir top.
Yaxın vaxtlarda Alyona Əliyeva hardasa Azərbaycan dilində nitq söyləsə ya hətta məruzə eləsə, təəccüblənmərəm. Ağzanda ukraynalı deyirsən. Nəinki padşah arvadı, hətta padşah da olar…
Nə keçmiş, a kişi? Böyük Pyotrun arvadı Birinci Yekaterinanın keçmişi kimi maraqlandırırdı?
Mehmanı, çox istedadlı bu cavanı məhv edən, Qabil akademiyasının məzununa çevirən intiqam hissidir. İntiqam hissi soyudulmursa, idarə edilmirsə, cilovlanmırsa, o, içində yaşadığı insanı məhv edir. Məlum romanda və filmdə təsadüfən deyilmir ki, “qisas – soyuq çəkilən xörəkdir”… Bizdə deyirlər ki, acıqlı başda ağıl olmaz…
İlham Əliyevin gəlinini mübarizə obyektinə çevirməklə Mehman illərlə və həm də uğurla həyata keçirdiyi proyekti öz əli ilə məhv etdi. İndi onun gördüyü işin – hərçənd onun indiki fəaliyyətinə iş demək ciddi şişirtmədir — nə siyasi mübarizəyə, nə siyasi jurnalistikaya dəxli var.
Mehman elə bil ki, şəxsi intiqam hissinə uyaraq cəbhəni tərk edib və tör-töküntülərdən, yəni maxnoçulara karikatura sayıla biləcək ünsürlərdən ibarət alaya sıravi kimi daxil olub.
Fəlakətdir!
Gəlin sıravi Mehmanı xilas edək!..
11. 03. 2026, Samara
