Архив тегов | İlham Əliyev

36-LAR POEMASI

Bakının dərdi var, Bakı xəstədir,

İt kimi nəhləyir şəhər istidən.

Sərinə, küləyə qalmayıb inam,

Üçüncü müddətə can atır İlham.

Guya ailədə ədavət olmuş,

Mehriban xanım da namizəf olmuş…

Debatlar qızışır Milli Şurada,

Vahid namizədsə bilinmir harda,

Bəlkə də bürküdən polis qudurmuş,

Bir ağac altında yuzer oturmuş.

Gözünü ayfona zilləyib yazıq,

O da kayflanmaq istər azacıq.

Bəlkə müsavatçı, bəlkə cəbhəçi —

Ona məhəl qoymur yanından keçən.

Gedir dayanmadan, gedir adamlar,

Gedir uşaq-böyük, gedir qadınlar,

Bəkə ayaqları indi əsir də,

Ancaq dayanmırlar, tövşəsələr də,

Aksiya sayılar, dursalar əgər.

Yığılıb-tökülər dəyənəklilər..

Bakınin dərdi var, Bakı xəstədir,

Ürəyi qurdludur, başı xəstədir…

 

 

11.07.2013

ZƏR QƏDRİNİ ZƏRGƏR BİLƏR

Naməlum bir beynəlxalq təşkilat İlham Əliyevi ilin prezidenti seçib. Azərbaycan xalqı isə İlham Əliyevi əsrin prezidenti seçməyə hazırlaşır.

ƏSRİN GÖRÜŞÜ: SALYAN-AĞSTAFA

İlham Əliyev Ağstafada olanda Zəlimxan kənd məktəbinin direktoru Qalib Cəfərov analoqu olmayan elə yaltaqlıq göstərib ki, analoqu olmayan Salyan yaltaqlığı ikinci yerə düşüb. İndi yalqatlıq üzrə respublika çempionu adı uğrunda Ağstafa yaltağı Qalib Cəgərovla Salyan yaltağı Yavər Cəbrayılov arasında  fərdi görüş olacaq. Görüş Bəhrəmov adına stadionda prezidentin iştirakı ilə keçiriləcək. Qalib Cəfərovun Yavər Cəbrayılovdan mühüm üstünlüyü var: direktor olduğu məktəbdə o, yüzlərlə yaltaq yetişdirib.

BƏLKƏ SƏVİYYƏNİ AŞAĞILAYAQ?

İlham Əliyev deyib ki, Azərbaycanda  tikilən xəstəxanalar çox  yüksək səviyyədədir.  Bu, doğrudan da belədir. Xəsətəxanaların səviyyəsi elə yüksəkdir ki, xəstələr bu xəstəxanalara girməyə utanırlar, çünki xəstələrimiz özü hələ yüksək səviyyədə deyillər, onlar xəstəxanalarımıza layiq deyillər, ona gözrə də İrana gedib özlərinə bab, aşağı səviyyəli xəstəxanalarda müəalicə olunurlar.

RÜSTƏM. mənzum dram

 

İlham: Rüstəm, prezidentin hüzurundsan!

Gərək baş əyəsən, boyun burasan!

Rüstəm: Neçə ay dolaşdım mən Avropada,

Daha dəbdə deyil baş əymək orda!

İlham: Çox da tərifləmə sən Avropanı,

Yaxşı tanıyıram özüm oranı!

Çox keflər çəkmişəım hər şəhərində,

Mənə baş əyiblər hesab verəndə.

Rüstəm: Ofisiant deyil, sənətkaram mən!

İlham: Ha-ha! Muğamatçı? Meyxana deyən?

Rüstəm: Həm də namizədəm müxalifətdən!

İlham: Yox, sən namizıdsən narkomanlara,

Antimillilərə, xuliqanlara!

Rüstəm: Milləti dünyaya tanıtmışam mən!

İlham: Öndərin adıyla tanınıb vətən!

Nökərlərə əmr edir ki, Rüstəmin qolundan tutub çıxarsınlar. Birdən qapı dalında hay-küy qalxır. Ramiz Mehdiyev başılovlu girir içəri.

 

Ramiz: Özünü namizəd verdi Mehriban!

İlham: Bizim eşqimizi məhv etdi zaman! (özündən gedib yıxılır)

PƏRDƏ

ŞÜKR ELƏYƏK, ÖLKƏMİZ AZƏRİBAYCAN İMİŞ

SABİRƏ NƏZİRƏ

Eyvana çıxmış idim, bur də nə gördüm haman,

Antimilli qüvvələr bir də beş-on narkoman

Ölkədə sabitliyi pozmağa atmaqda can.

Zəng elədim Ramilə: “Yığ polisi durmadan!”

Gəldi polis, bunlara tutdu elə bir divan,

Kəllələri çatladı, fışqıraraq axdı qan,

Qəlbimə dolmuş fərəh, fəxr edirəm, Mehriban,

Sən demə hər bir polis bir yekə pəlvan imiş,

Şükr eləyək ölkəmiz Azəribaycan imiş!

ƏRƏSTUN. MƏNZUM DRAM

Azərbaycanda prezident seçkilərinə həsr iolunur

Azərbaycan prezidentinin kabineti. Prezident və daxili işlər naziri.

Əliyev:  Ölkədən nə xəbər, Ramil müəllim?

     Usubov: Xəbər var, deməyə gəlməyir dilim.

Əliyev: De gəlsin, ölkənin rəhbəriyəm mən,

Məlumatlı olam gərək hər işdən…

Usubov: Ölkədə vəziyyət qarışdı bütün,

Özünü namizəd verdi Ərəstun!

Əliyev: Ərəstun…Ərəstun….kimdi bu oğlan?

Antimilli qüvvə ya bir narkoman?

Bəlkə başı xarab, dəlidi bəlkə?

Cəmiyyətə xəta, xalqa təhlükə!

Usubov: Gedib anketinə baxaram indi!

Əliyev:  Anketlə cinayət açmaq çətindi!

Gedin ciblərini yaxşı axtarın,

Sonra şalvarını çıxarıb baxın.

 Usubov: Şəxsən axtararam mən altın, üstün,

                Tanınar tezliklə xalqa Ərəstun!           

BİZİM DƏ YERİMİZƏ…

Misirdə nümayişçilər prezident Mursinin istefasını tələb edirlər….

…Bir kənddə iki tənbəl varmış. Şah tənbəli. Günlərin bir günü ağsaqqallar deyirlər ki, gəlin görək bunların hansı tənbəllikdə üstündür. Salırlar bunları bir dama, qıraqdan odlayırlar. Od yavaş-yavaş dama girəndə tənbəlin bir qışqırır: “Yandım!” O biri tənbəl pıçıldayır: “Mənim də yerimə qışqır!”

Deyilənlərə görə, Azərbaycan müxalifətçilıəri misirlilərdən xahiş ediblər ki, onların da yerinə “İstefa!” qışqırsınlar…

BU OLMASIN, O OLSUN

Rüstəm İbrahimbəyov: Gedin, gedin, millətə deyin, qoy mənə səs versin!

Milli Şura: Razısan?

İbrahimbəyov: Hə, hə!

Milli Şura: (İlham Əliyevə)bunu sənə rəqib edək, razısan?

İlham Əliyev: Yox, yox…

Milli Şura: (seçicilərə) razısız?

Seçicilər: möö, möö…

 

ÖLMƏK YA QALMAQ İNSANLARIN ÖZ İXTİYARINDA DEYİL

Yazırlar ki, böyük şair və diplomat Fyodor Tyütçev ağır xəstə olanda çar özü gəlib ona dəyir. Çar gedəndən sonra Tyütçev deyir ki, indi gərək hökmən öləm, çünki bundan sonra yaşamaq ayıb olar…

İndi Səyavuş Aslanın orden alıb ölməyi buna bənzəyir…

1968-ci il iyunun 25-də (Səyavuş Aslana orden verilən gün) Bəşir Səfəroğluna xalq artisti adı verildi, aktyor ağır xəstəydi, öləcəyini gözləyirdilər. Bəşir Səfəroğlu bundan sonra bir neçə ay da yaşadı, 1969-cu ilin martında öldü. O vaxt respublikanın rəhbəri Axundov idi, insanların ölmək ya qalmaq ixtiyarı qismən özündəydi. İndi olsaydı, bir həftədən sonra xəbər göndərərdilər ki, balam, ad da verdik, daha nə gözləyirsən…