Архив тегов | ilk qar

Robert FROST. MƏNİM NOYABR QONAĞIM

(MY NOVEMBER GUEST)

 

Haçan qonağımsa, kədərim, deyir:

Bu yağışlı payız günləri ki var,

Günlərin ən xoşu, ən gözəlidir.

Donuq ağaclardır onu cəlb edən,

Nəmli cığırlarda gəzib dolanar.

 

Gərək qulaq asam, danışsa əgər.

Getsə — izləməyə məcburam onu.

Sevinir ki, quşlar köçüb gediblər,

Sevinir ki, duman gümüşlə bəzər,

Tikib-toxuduğu sadə boz donu.

 

Meyvəsiz, adamsız bağlara heyran,

Qurğuşun səmanı, boz yeri sevir.

Deyir mənəm güya gözü bağlanan,

Əsl gözəlliyi duyub qanmayan,

Bu, əlbəttə, məni yorur, bezdirir.

 

Bəzəksiz və çılpaq noyabr günləri,

Havada ilk qarın intizarı var.

Məgər mən payızı dünəndən bəri

Sevdim? Kədərəsə bunu demirəm,

Onun tərifləri dəyər qaldırar.