Архив тегов | isti haqqında şeir

SENTYABRDA OTUZ…

İsti nə gözəlmiş sentyabrda!

Yaydakı istidən deyil bu isti.

Nə təngiyir nəfəs, yandırır nə də,

Göyçək buludludur başımın üstü.

 +

Havadan gülşərab ətri duyuram,

Dərəcə otuz ya otuza yaxın.

Doyub-dolanmaran, nə qədər vuram,

Başım yerindədir, kefimsə yaxşı.

 +

Yaş da bu havada öz yaşım deyil,

(Mən bu möcüzəylə cavanlaşmışam.)

Otuzdur… uzağı üstə gəl beş il,

Gör nə hünərliyəm düşəndə axşam…

 +

Sümüyüm isinib, qaynayır qanım,

Kim belə istidən inciyə bilər?

“Jarko!” – inləyərək nazlı bir xanım,

Açıldı sonuncu düyməyə qədər…

 

24. 09. 2025, Samara

«AH, NƏDİR APRELDƏ BELƏ İSTİLƏR…»

20230721_135628

Ah, nədir apreldə belə istilər,
Gey necə nazik – yenə tər isladır.

 

Yanğı gəlir fasiləsiz içməsən,
Mal kimi içsən də, yenə təşnəsən.

 

Nemətin ən dadlısı dondurmadır,

Bir uşağı dörd-beşi doydurmadı…

 

Ot göyərir parkda cənublar kimi,
Ah, yenə saldım yada öz ölkəmi…

 

Güllər ağaclarda çıraq tək yanır,

Gec ayılanlar da tumurcuqlanır.

 

Ah, bu nədir ki, hələ var öndə may,
Gör  nə müsibət olacaq onda, vay…

 

Hardasa göydən yerə odlar yağır,
Yerdə də çarpışma dayanmır ağır.

 

İstiyə baxmır ki, rusun əsgəri,
Olsa yarmcan da çəkilmir geri.

 

Qan axıdır torpağa qıpqırmızı,
Qışdakı tək qanlıdır hərbin yazı.

 

Quş da, çiçək də unudulmuş daha,
İndi dönüb əsgər özü  torpağa.

 

Qan qıza əsgərdə necə istidən,

Qan töküb öldürməyi istər  bədən…

 

…Ah, bu uşaq doymadı dondurmadan,

Neməti bir-bir aşırır durmadan.

 

Ah, ye bala,  bəlkə də çoxdan sənin
Fərmanına imza atıb  rəhbərin.

 

Üç ilə ya beş ilə səngərdəsən,
Görməyəcəksən bu kefi orda sən…

 23. 04 . 2024, Samara