
Mənə Azərbaycan TV kanallarından birində meyxanaya həsr olunmuş müzakirənin videoyazısını atdılar. Gec olduğundan ötəri baxdın, səhəri gün eyni link cəmi 13 dəqiqəlik fraqmenti açdı. Bir gündən az vaxt ərzində videonun niyə qısaldığını başa düşmədim. Açılan fraqmentdə yalnız Aqşin Yenisey adlı bir cənabın çıxışı var. Mənə FB-da xəbər lenti hərdənbir hansı saytdasa həmin bu cənabın məqaləsini göstərir və təkid edir ki, bu saytı başda-ayağa oxumasam da, Yenisey gərək oxuyam. Mən də bu Yeniseyin bir ya iki məqaləsini açıb baxmışam.
Əli Kərim haqqında müəllifini xatırlamadığım bir xatirə oxumuşdum. Bir gün “Azərbaycan” jurnalında Əli Kərimlə iş yoldaşı olan biri deyir ki, dünən Nazim Hikmət haqqındda oxuyub, dəhşətə gəlib, yəni o günə qədər boyük türkün türmə hyatından xəbəri yox imiş. O adam otaqdan çıxandan sonra (bizdə sözü üzə demirlər, biz utancaq xalqıq) Əli Kərim deyir: “Sabah gəlib deyəcək ki, Nazim Hikmət şair olub…”
Aqşın cənabın da məqaləsi ya məqalələri elə bir təəssür yaradır, başlayır ki, Amerikada Folkner soyadlı bir yazıçı olub, çoxlu at saxlayırmış… Və yaxud: bir fars şairi olub, adı Ömər Xəyyam, içki düşgünüymüş…
Yenisey təxəllüsü də çox maraqlıdır. Bir vaxt indiki Vaqif Bayatlı hələ Vaqif Cəbrayılzadə olanda türkləşmə mərhələsinə yavaş-yavaş qədəm qoyurdu, bir “şeir”ində iddia edirdi ki, Yenisey əslində Anasu deməkdir… Elə o vaxtlar ya bir az sonra Xəlil Rza tribunadan deyirmiş ki, Çukotka türk sözüdür, “çox ot olan yer” deməkdir…
Bunların və bunlara bəzər çoxlarının tükçülük canfəşanlığının bir səbəbi var: yaradıcılıq uğursuzluğu, perspektivsizliyi. Epataj təxəllüslərlə (Bayatlı Önər), epataj millətçi bəyanatlarla çıxışlarda məqsəd uğursuzluğu, dayazlığı, vecsizliyi pərdələmək, yekə, samballı görünməkdir. Ancaq bu, ayrı məsələdir…
Məqalələrində olduğu kimi Aqşin cənab məlumat verdi ki, məşhur bir ABŞ filosofu var, soyadı Vilsondur (adını yada sala bilmədi). Tamaşaçının bu xukla nəfəsini kəsəndən sonra cənab Aqşin meyxananı “subkultura” adlandırdı və dərhal “subkultura” sözünü yəqin kamil bildiyi latıncadan bizim dilimizə tərcümə etdi. Mən cənab Aqşinin çıxışını burda təkrarlamaq istəmirəm, veriliş, bunu sonra başa düşdüm, çoxdan olub, həm də yəqin on milyon azərbaycanlının hamısı ona ən azı üç-dörd dəfə baxıb. Mən mütəfəkkir şairin əsas müddəası üzərində dayanmaq istəyirəm. Cənab Aqşin xeyli dərəcədə haqlı olaraq iddia edir ki, meyxana subkultura olmaqla keyfiyyətcə çox vaxt antikulturadır və müasir kommunikasıya vasitələri onun kütlə şüuruna, kütlə zövqünə aqressiv təzyiq və təsirini təmin edir. Yəni meyxana aludəsi ilə əsl poeziya, böyük poeziya arasında aşılmaz, adlanılmaz uçurum yaranır. Cənab Yenisey, şübhəsiz ki, özünü də əsl poeziyanı yaradanlar sırasında və birincilərdən görür.
Mənim müşahidəmə görə, Azərbaycanda ən azı bir milyon adam özünü şair sayır, bu milyonun yüz mini isə böyük şair adına və mərtəbəsinə layiq olduğunu düşünür.
Belinski xoşbəxliyin nə olduğu barədə mülahizə yürüdəndə dəlixanada başına kağızdan tac qayırb qoymuş və özünü kral sayan dəlini misal gətirir. Bu dəli xoşbəxtdirmi? Xoşbəxtdir…
Mən Aqşin Yeniseyin İnternetdə özünün “ən yaxşı” adlandlrdığı beş yazısını tapıb oxudum və tam məsuliyyətlə deyə bilərəm ki, onların heç biri şeir deyil. Lap Aqşin Yeniseyə İılham Əliyev ya Azərbaycan xalqı bütüvlükdə “məliküşşüəra” adı versə də, o beş yazıda poetik, bədii sayılacaq bir misra belə yoxdur. Misra bu yazılarda ümumiyyətlə yoxdyur, ölçü də, qafiyə də yoxdur, çünki “sərbəst” şeirlərdir. Sərbəst şeiri isə mən, gizlətmirm, şarlatıanlıq sayıram. Baxın:
“Həyat, guya, nədir ki, uzaqbaşı, əməyin təkamülü.
Məbədlərin günbəzinə doldurulmuş o müqəddəs göy üzünə inanma!”
Burdakı cümlələrdə şeir sayıla biləcək bir element varmı? Günbəzə doldurulmuş göyüzü – bu, metaforadır ya sayıqlama?
Aqşin canab özünə əziyyət vermir- formasız sənət yoxdur, estetika ilk növbədə ölçüdür – o, forma yaradıcılığı ilə özünü həlak eləmir, qafiyə axtarışları ilə dağa-daşa düşmür. Cümlələri alt-alta düzməklə sayıqlamalarını şeir kimi qələmə verir. MeydanTV-nin gənc jurnalistləri, xüsusən qızlar, gözəl danışırlar, niyə onların reportajlarını şeir adlandırmayaq?
Buna baxın:
“Qabar mənimdi, məsələn, zəhmət yox.
Heç bir yaramın sahibi özüm olmadım”.
Eynilə Vaqif Bayatlı sayıqlamalarıdır, qan qrupları eyni olan iki aferist demək olar ki, kütlə gözündə necə intellektual, müdrik, novator və hətta avanqard görünməyin sirlərini gözəl bilir. Ancaq bu şeirlər hamısı “Darvazamızı fələk vurubdur” səviyyəsindədir. “Kütləyə” bu cür sayıqlamaların şeir kimi sırıdılmağı meyxanaların və meyxanaçıların vura biləcəyi ziyandan çoxdur. Maraqlıdır ki, Vaqif Bayatlı kimi aferistin ya Aqşin Yeniseyin məddahları və onları yamsılayanlar daha çoxdur. Meyxana qoşmaq üçün ritm duyğusu lazımdır, ölçü-biçi lazımdır, improvizasiya qabilyyəti lazımdır. Ancaq Vaqif Bayatlının ya Aqşin Yeniseyin yazdığını hər kəs yaza bilər. “Qafqazinfo” jurnalistlərinin yazılarını belə alt-alta düzün, hamısı olacaq Aqşin Yenisey.
Aqşin Yenisey iddia edir ki, meyxananın hədəfi kütlə, yüksək poeziyanın hədəfi isə elitadır. Və özünü, əlbəttə, elitar şair sayır. Ancaq əslində onun auditoriyası meyxanaçıların auditoriyasından da kütdür, idiot yığnağıdır, yüksək səviyyəli, hazırlıqlı oxucu Katullu oxuyar, Dantei oxuyar, Mandelştamı, Odeni, Frostu, Pasternakı oxuyar. Vaqif Bayatlını ya Aqşin Yeniseyi yox.
Məşhur Maleviç adın, reputasiyanın necə möcüzələr yarada biləcəyini dahiyanə sübut edib. Kvadrat kətanı qara boyayıb cəmiyyətə təqdim edən kimi,bu «əsər» şedevr statusu qazanıb, indiyəcən milyonlara satılır və alınır, ondan dissertasiyalar yazılır, bi qara kvadratla sənətşünaslıqq doktoru olub professor adı daşıyan onlarla «alim» var. Yəni indiyəcən, özü də təkcə kütlə yox, zövq sahibi olan adamlar da, qara kvadratın yalnız qara kvadrat olduğunu etiraf etməkdən çəkinirlər, çünki Maleviçin adı onları qorxudur, iradələrini sarsıdır: əgər bunu dahi Maleviç çəkibsə, deməli nəsə var… Ancaq adı Maleviç «kvadrata» qədər doğrudan da istedadla yaradılmış, həm də novator əsərləri ilə qazanmışdı. Vaqif Cəbrayılzadənin necə ad qazandığını bilirəm, onun kütlə zövqünü Teymurləng həmlələri ilə necə fəth etdiyinin şahidiyəm. Aqşin Yenisey kütləyə onun sayıqlamalarını böyük poeziya kimi göstərən adı necə qazanıb — bu mənim üçün sirdir. Ancaq bu adamın peşəkar aferistlərə xas bütün fəndlərə yiyələndiyi şübhə doğurmur…
Buna da baxın:
“İnsan özü nədi ki, guya?
Zamana yayılmış, bəlkə də, dağılmış tanrı!
Ey mürdəşir!”
İzaha ehtiyac var?
Bu sayıqlamaların poeziyaya dəxli olmadığını Aqşin çox gözəl bilir, ancaq onu da gözəl bilir ki, bir rus repçinin on beş il əvvəl dediyi kimi, «пипл хавает», yəni camaat gəvələyib aşıracaq…
Soydaşım! Şeirin nə olduğu yadından çıxıbsa, “Kəsim yastığın yanın, Yalvarım oyanınca” kimi bayatıları, Molla Pənahın qoşmalarını, Cəfər Cabbarlının “Ölkəm”, “Ana” şeirlərini yadına sal, mən hələ Füzulini, Nəsimini demirəm.
“Bu vüsalə yuxu əhvalı demək mümkün idi,
Əgər olsaydı yuxu dideyi-giryanimizə”…
Bu Aqşin Yenisey bəlkə də qırxında öyrənb sosioloq olar, siyasi filosof olar, ancaq mən onun yazılarnda şairlik görmürəm. Üstəlik bu yazılarn müəllifinin soyuqqanlı, rasional aferist olduğu aydın görünür.
Yeri gəlmişkən: cənab Yenisey iddia edr ki, Puşkin 123 min söz işlədib. Ancaq “Puşkin dilinin lüğəti”ndə Puşkinin işlətdiy sözlərin sayı 21 191 (!) dir. Sonrakı öyrənmələrə görə, Pulkunin işlətdiyi leksemlərin sayı 25 mindir.
Yenisey iddia edir ki, Puşkn rus dlilinə 2 min yeni söz gətirib. Rus puşkinçilər qətiyyətlə deyirlər ki, Puşkn rus dilinə yeni söz gətirməyib!
İnd bu adama daha nə deyəsən?
Aqşinin “şeirlərini” oxuyandan sonra meyxnaya qulaq asmaq istədim. Mən özüm də meyxana janrında satirik şeir yazmışam. Mərhum dayım Sabir keçən əsrin 50-ci illərinin görkəmli meyxanaçısı olub, Arbatanlı Sabir, Meyxançı Sabir adları ilə tanınıb…
14. 08. 2-23, Samara
P.S. Mənim ötəri qulaq asdığım fraqmentdə daha bir neçə nəfərin çıxışları vardı. Onlardan ikisinin – Ağayar Şərifin və Babullaoğlunun adları mənə məlumdur. Aqşin Yenisey və bu iki nəfərin meyxanaya və meyxanaçılara qarşı sürdüyü əsas iddia və hətta ittiham bu xalq yaradıcılığı növünün əsl ədəbiyyatın yerini tutmağı, kütlənin zövqünü və hətta əxlaqını korlamağıdır. Yəni meyxananın sıx tütün və hətta anaşa dumanı durub ədəbiyyatla kütlə arasında və onları salıb bir-birindən ayrı.
Bu, ağ yalandır!
Ədəbiyyatı kütlədən uzaq salanlar meyxanaçılar deyillər, əsl ədəbiyyatı kütlədən uzaq salanlar Ağayar Şərif, Babullaoğludur və onlar kimi mətbuatda, “yazarlar birliyində” vəzifələri və resursları olan adamlardır.
Meyxananın hansı resursu var ki, əsl ədəbiyyatın qabağını alsın? Onların nəşriyyatları var? Onların qəzetləri, radioları var? Onlarmı cızmaqaraçılara prezident təqaüdü təyin edirlər?
Bodler böyük şairdir? Bəli! Bodler əsl ədəbiyyatdır? Bəli! Mən Bodlerin bütün 175 şeirini dilimizə tərcümə eləmişəm, cəmi 5 ya 6 şeir Ədəbiyyat qəzetində redaktorun öz təşəbbüsü ilə çap olunub. Yazmışdı ki, hamısını tədricən çap edəcək. Kim onun təşəbbüsünü boğdu? Meyxanaçılar? Yox! Nəşrin qabağını Anar kimi, Babullaoğlu, Ağayar Şərif kimi adamlar ala bilərdilər.
Üç il yarımdır ki, “Biovulf” dastanı Bakıda mənim tərcüməmdə görkəmli alim Həbib Zərbəliyevin redaktorluğu ilə və şəxsi vəsaiti hesabına çap olunub. İndiyəcən bir mətbuat orqanında belə bir sətirlik məlumat da çap olunmayıb. Niyə Ağayar Şərif Kulisdə bu barədə öz istəkli xalqına məlumat vermirdi? Beş il bundan qabaq mənim tərcüməmdə, yenə şəxsi vəsaitlə, Şekspirin sonetləri çıxıb. Babullaoğlu indiyəcən bu barədə qımıldanıb? Əksinə, bu “tərcümə dahisi” özünü fəda edər ki, mənim “sonetlərim”in səsi çıxmasın. Altı aydan çoxdur ki, mənim tərcüməmdə 10 min misraya yaxın həcmi olan “Nibelunqlar dastanı” çap olunub. Heç yerdə bir cümləlik məlumat belə getməyib. Kim qoymur? Meyxanaçılar? Zurnaçılar? Qaraçılar? İki il bundan qabaq rus poeziyasından tərcümələrdən ibarət iri həcmli kitabım çıxıb. Puşkindən canlı klassik Amarsana Ulzıtuyevə qədər ən yaxşı rus şairlərinin şeirləri bu kitabda toplanıb. Bu kitabın nəşri ilə mşğul olan adam yalnız rus dilində bir neçə yerdə informasiya çap etirməyə nail olub. Kim qoymur? Meyxanaçı yaxud yazıçılar ittifaqında vəzifə tutan, haqqında danışdıöğım videoda gənclərdən öz ünvanına heç Şengeli, Lozinski kimi tərcümə əjdahalarının eşitmədiyi mədhlərui eşidən Babullaoğlu və onun kimilər?
Yox, əəbi zövqlərin deqradasiyanda, böyük ədəbiyyatla kütlə arasında uçurumun yaranmasında nə meyxanaçılar, nə də xoruz döyüşdürənlər günahkardır. Meyxana deyən, xoruz döyüşdürən, aşıq atan, hamamda yatan adamlar həmişə olublar və olacaqlar. Böyük ədəbiyyata onlardan ziyan gələ bilməz. Günahkar — ədəbiyyatda özünə Aqşin Ynisey kimi ad düzəltmiş, vəzifə və resurs qazanmış adamlardır. Onlar ədəbiyyatı, ədəbiyyat həyatını da Bakı bazarına çeviriblər və öz “mallarından” başqa malı bu bazara buraxmırlar. Bu adamaların çıxışlarına diqqətlə qulaq asın: akademik təhsilli adam bunların içində yoxdur, “Kafka, Kafka” deməklə özlərini oxumuş göstərirlər. Deyək ki, Ağayar Şərif Kafkanı oxuyub. Nə olsun? Borxesin Pyer Manarı “Don Kixotu” təzədən (olduğğu kimi!) yazdığı kimi, Ağayar Şərif də “Cərimə batalyonunu” təzədən yazacaq? Bəlkə Ağayar Şərif yəhudi dininə keçsin və alman dilində yazsın?..
Müzakirə iştirakçılarından biri deyirdi ki, rus məktəbində oxuyub və uşaqlıqda Puşkinin 38 səhifəlik “Çar Saltan” nağılını əzbər bilirmiş…
Bu cənab qanmır ki, şeirlə yazılmış əsər səhifə ilə yox, misraların sayı ilə ölçülür…
X.X.
15. 08. 2023, Samara