Bu da zirvə, bu da doxsan –
Yaşın kimi sevindirir?
Halsız, üzgün uzanmısan,
Tükənib gəlib-gedənin.
Yayın ölüb, yazın ölüb,
Gedən — payız, gələn — payız.
Oğlun ölüb, qızın ölüb.
Nə zəng gələr, nə də kağız…
Bilinmir evin yaşı da,
Əfəlləyib daşı-damı.
Əynin yaş, otağın yaşdı, —
Damır, otağına, damır…
Neçə gündür yağış yağır,
Yol yuyulub, cığır itib.
Sönüb kəndin işıqıarı,
Pəncərəni duman tutub.
Sular qarışır sulara,
Dolur evə vahiməsi.
Bu sel tanrı qarğışısa,
Bəs hanı Nuhun gəmisi?…
16-17 okt. 2012, Samara