
“Keçmə namərd körpüsündən…”
El sözü
Elə ki, üç dəfə, beş dəfə keçir,
Namərd körpüsünə alışır insan.
Sonra elə yerdən elə yol seçir,
Namərd körpüsündən adlasın asan.
—
Çıxsa qarşısına bostan arxı da,
Tullanıb aşmaqdan çəkinir indi.
Baxır həndəvərə, körpü axtarır,
Fərqinə varmadan körpü kimindir.
—
Vurub başqaları keçir yanında,
Balaq çırmalanır dizdən aşağı.
Onun gözündəsə arx okeandır,
Gözləri bərəlir, əsir ayağı.
—
Sel kimi qorxudur yaz yağışı da,
Yapışıb durmağa axtarır dayaq.
Ürək səksəkəli, baş aşağıdır,
Elə bil indicə sel aparacaq.
—
Namərd xidmətinin möhtacıdır xalq,
Namərdə xidmətə həmişə hazır.
Arx keçə bilmirik çırmayıb balaq,
Namərd körpüsünü gözümüz gəzir.
22. 03. 2021, Samara