«Azadlıq» radiosunun saytı üçün yazılmış şərh
Bu gənc cənabın problemi var. Sağ “əziz prezidentə” yazdığı məktuba cavab almamış ölü prezidentə həmlə edir… Emin Milli İzahlarında səmimi deyil: əgər məktubu (bu, doğrudan da məktubdursa və onu Elçibəy yazıbsa) özü arxivlərdən tapıb nəşr etsəydi, bunu yalan-doğru tədqiqatçılıq işiylə bağlamaq olardı. Əgər “sənəd” 1993-cü ildə çoxtirajlı qəzetdə çap olunubsa, onu təzədən, özü də seçkiqabağı dövrdə, hıyata qaytarmaq fitnəkarlığa oxşayır…
Arxivlərin açılmağı tələbi gülməlidir…Azərbaycan Çexiya deyil, 1991-ci ilə qədərki Azərbaycanı ümumiyyərlə heç bir dövlətlə müqayisə etmək olmaz, çünki Azərbaycan o vaxtacan dövlət deyildi… Azərbaycanlılar o vaxtacan nəinki KQB-dən, raykkom katiblərindən və milis rəislərindən qorxurdular. Azərbaycanlılar kolxoz sədrlərindən, briqadirlərdən və hətta qarovulçulardan da qorxurdulr. Mərhum İsa İsmayılzadənin dediyi kimi: “Qaçın qarovulçu gəldi, Qoçu oğlu qoçu gəldi…” Əqidə üstündə türmədə yatmış bəlkə də yeganə azərbaycanlıya qarşı iddialar irəli sürən bu gənc cənabın hansı mənəvi əsasları var?
Və bu gənc cənabın özünü yerli-yersiz yazıçı adlandırmağı, ləhcəsini ingilisləşdirməyi onun səmimiliyinə ciddi şübhə yaradır. Bu gənc cənab miqyas axtarır, ona görə də miqyaslı hədəf seçir: sağ prezident, ölmüş prezident…Sən “Hərb və sülh”ü yazmamısan, “Eşşəyin itməkliyi”ni də yazmamısan, ancaq özünə yazıçı deyirsən, arxasında ciddi sənət yaradıcılığı durmayan adı qaldırmaq üçün sağ prezudentə məktub yazılır, ölmüş prezidentin “məktubu” tabutdan çıxarılır…
Təəssüf ki, indi publik adamların, xüsusən gəclərin, nə ataları, nə anaları var, onlar İnternetdə doğulublar və onlar İnternetdəki diqqətlə qidalanırlar. Diqqət üçünsə bəhanə olmalıdır…