Архив тегов | köhnə Azərbaycan mehmanxanası

«AZƏRBAYCAN», «AZƏRBAYCAN»… «TURİST» VƏ TURİSTLƏR…

1983 MOSKVA

İntim xidməti “Azərbaycan” mehmananasında təkcə personal yox,  başqa respublikalardan gəlmiş turistlər də göstərirdilər. Yay sessiyalarının birində bizimlə bir mərtəbədə çox yekə və hətta aşkar koordinasiya problemi olan ağ arvad qalırdı. Bir gün onun yəqin ki, admistratorla söhbətdən qayıdarkən, dəhlizdə kiminləsə deyindiyini eşitdik. Deyəsən adminstrator məzənnəni qaldırmışdı ki, bu da qədim peşə sahbini  haqlı olaraq hiddətləndirmişdi: “Razve ya millionerşa?” – arvad fəryad edib monoloqunu bitirdi. Qabaritlərini, üstəlik koordinasıyasının pozulduğunu, yəni elə bl hopana-hoppana yeridiyini nəzərə alsaq, xanımın qazancı o qədər çox olmazdı.

Ancaq”Azərbaycan”a gənc, gözəl, koordinasiyası və başqa şeyləri yerində olan xanımlar da gəlirdilər — əsasən Rusiyadan. Onlar əslində istirahətə, Xəzər dənizində çimməyə və Abşeron günəşinin altında zərif ağ dərilərini qaraltmağa gəlirdilər. Ancaq istirahəti niyə cəmiyyət üçün faydalı oalan bir işlə bir araya sığışdırmayasan? “Azərbaycan” mehmanxanasının içində və həndəvərində vaxtaşırı o vaxtın “qızıl gəncləri” vurnuxurdular. Onlar nazir, prokuror, hakim, korrupsioner rektor və dekan, zavod direktoru, mağaza müdiri, sexçi kimi adamların uşaqları ola bilərdilər. Hər iki tərəfin niyyəti eyni olduğuna görə tanışlığa çox vaxt getmirdi və “sevgililər” Xəzər sahilinin yaxşı yerlərinə yollanırdılar…

“Azərbaycan” mehmanxanasında yerləşən rusiyalı ya pribaltikalı qonaq qanımların çoxu “peşəkar” deyildi, bu sevişmələr onlar üçün məsum kurort romanı və səfərə çəkilən xərci yaxşı bir oğlana çəkdirmək üsulu idi. Əsl peşəkarların yeri “Turist” idi.

Mən “Turist” mehmanxanasında iki gün qalmışam. Sessiyaların birində “Azərbaycan”da yer ala bilmədim, bir tanış tələbə dedi ki, get “Turist”ə, orda yer olur. Şəhər tamam yadımdan çıxdığından “Turistin” harda yerləşdiyini deyə bilmirəm. Yeddimərtəbəli bu bina eə bil ki, çəpinə, yerləşdiyi kvadrata diaqonal kimi tikilmişdi. Bir tərəfi motostadion idi ki, orda motosikl yürüşləri və motobol yarışları keçirilirdi. Motobol – bilməyənlər üçün deyirəm – futbol kimi bir oyundur, ancaq oyunçular piyada yox, motoskletlə oynayırlar. Təkcə qapıçı piyadadır. Qapıçını saymasaq, oyunda eyni zamanda hər iki tərəfdən dörd oyunçu iştirak edir. Təsəvvür edin ki, elə futbol meydançası boyda yerdə eyni zamanda səkkiz motoskletlə top qovulur. Sovet motoskletlərinin necə tüstü buraxdığı məlumdur.  Nəinki stadiounu, hətta bütün yaxın ərazinin üstünü tüstü bürüyürdü…

Bu oyunu keçən əsrin ortalarında fransızlar yaradıblar. Fransızlar ingilislərlə çox qədim düşməndirlər, əsrlərlə bir-birlərinin qanlarını axıdıblar. İndi dostlaşsalar da, hərb baltasını çoxdan torpağa basdırsalar da, ən azından rəqabət hissi yaşamaqdadır. İngilislərin yaratdığı möcüzə — futbolun qabağına fransızlar nəsə çıxarmalıydılar və çəxarıblar – motobol. Qəribə olsa da, bir vaxtlar SSRİ birinciliyində Bakının “Nord” adlı komandası da iştirak edirdi ə hətta 1968-ci ildə bürünc medal da qazanıb…

Mən “Turist”də qaldığım iki gündə stadionda oyun keçirildiyini görmədim, ola bilsin ki, mən dərsdə olanda keçirilib. Ancaq çoxlu “turist” xanım gördüm. Mehmanxanada atmosfer işgüzar idi. Hər şeyin və hər kəsin yeri və qiyməti məlum idi. Elə bil ki, “Turist” mehmanxanası elə əsl “maison de tole’rance “ idi və bu motostadion, motobol oyunları intim xidmət biznesini pərdələmək üçün yaradılmışdı…

İki gündən sonra başqa mehmanxanada, bəlkə yenə “Azərbaycan” mehmanxanasında, yer alıb “Turist”dən getdim…

Qiyabi ali təhsil, hər sahəsinə korrupsiyanın dərin nüfuz etdiyi Azərbaycan  həyatında neqativ nə vardısa, özündə əks etdirirdi.

(Azərbaycan həyatında neqativ olmayan nəsə vardımı?)

Heminqueyə Mamunquey deyən  və ya aşağı sinif şagirdi səviyyəsində yaza bilməyən arvadları və kişiləri kim universitetə qəbul edirdi? Üstəlik altı il ərzində bu insanların az-çox əhilləşdirilməsi üçün heç nə edilmirdi.125 nəfər yaşlı arvadı və kişini niyə kiçik bir sinif otağına təpirdilər? Məgər qiyabiçilərin sessiyasını gündüzlər tətilə çıxan vaxta salmaq olmazdı? Universitet auditoriyası heç olmasa davranış mədəniyyəti baxımından biz qiyabiçiləri xeyli dəyişə bilərdi. Hərçənd burda da şübhə oyanır: bizə dərs deyən müəllimlərin özündə davranış mədəniyyəti, yumşaq desək,  elə də yüksək deyildi. Altı ildə cəmi üç-dörd müəllimin tələbələrə “siz” dediyini görmüşəm: professor Ağamusa Axundov, fars dili müəllimi Aşura müəllim, rus dili müəlimi Solmaz müəllm (təəssüf ki, soyadlarını xatırlamıram). Qalanları “Əə, sən” deyirdi…

Elə birinci kursdan qiyabiçilərin mütləq çoxluğu “sağmal inəyə” çevrilirdi – yoxlama işləri, kurs işləri pulla yazılır, imtahanlar pulla verilirdi. İmtahan vaxtı utanmadan cibindən tez-tez siyahı çıarıb baxan müəllimlər də vardı.Bəzi “professionallar” elə fənni başlayanda psixoloji hücuma keçir, oxumaq istəyənlərin də iradəsin sarsıdırdılar. Fəlsəfə müəllimi Əziz Məmmədov yaxşı yadımdadır. Dərsə başlayan kimi 30-40 addan ibarət ədəbiyyat siyahısı yazdırdı, əksəriyyəti də rus dilində. (125 nəfərin içində dörd-beş rus dili bilən tapılardı). Özü də az qala qışqıra-qışqıra xəbərdarlıq edir ki, filan müəlliflərin kitabını oxumayın, filan müəlliflərinkini oxuyun…

Heç kim kəsilmədi. Sabirabadlı soğançı da, ucarlı pambıqçı da, bütün hamilə gəlinlər də yaxşı qiymətlər aldılar. Mən bir dəfə onunla sözləşib qapını çırpanda demişdi ki, “gör başına nə oyun açaram”. Ancaq əlbəyaxada üç ala bildim…

Mənimlə bir vaxtda qiyabi şöbəyə girən 125 nəfərin içində ali təhsilə layiq ən azı on ya on beş nəfər vardı. Tədricən bu eybəcər atmosfer, açıq korrupsiya, məişət çətinlikləri onları da üzür, onlar da ayrı-fənlərdən imtahanlara ya pul verir, ya “adam” tapırdılar. Gündüz tələbəsinin qiyabiçidən üstünlüyü var. Gündüz tələbəsi bütün mühazirdə olubsa, seminarlara gedibsə, müəllimlər onu tanıyırlar, imtahandan hökmən keçirəcələr. Qiyabiçini beş-on günlük dərslərdə kim yadında saxlayır? Heç kim. Biletində bilmədiyin suallar düşübsə, müəllim özünə əziyyət verib sənin biliyini yoxlamır,əksinə, qurdu ulayır,  “hazır deyilsən” deyib auditoriyadan… pardon, sinifdən qovur. Niyə də qovmasın? Kəsirli tələbən çevrilir müştəriyə…

Maison de tole’rance  xatırladan mehmanxanalar, hərdən qaldığım özgə yataqxanaları və kirayə evlər Bakını mənə sevdirmədi. Mən həmişə özümü

loqistik səhv üzündən getmək istəyiyi yerə yox, ayrı şəhərə düşmüş turist kimi hiss edirdim. Bakı heç vaxt yuxuma girmir. Hərdən yuxuma imtahan girir. Ya da gəlirəm universitetə, mənə deyirlər ki, sən imtahana buraxılmırsan, çünki fizikadan yoxlama işini verməmisən. Mən dəhşətə gəlib deyirəm: mən filfakda oxuuyuram, bizdə fizika yoxdur. Qulu Xəlilovun mənim vaxtımda dekanlıqda işləyən qardaşı deyir: “O yan-bu yan eləmə, fizika bizdə çoxdan var. İmtahana buraxılmaq istəyirsənsə, mənə başmın dəstəsi ilə qonaqlıq ver, 4-cü mikroraroyonda yaxşı yer var, əla kətə də verirlər…”

Dəhşət içində ayılıram. Elə bil kəfəni yırtıb çıxmışam…

23. 09. 2023 , Samara

AZƏRBAYCAN, AZƏRBAYCAN… MEST NET!

1983 MOSKVA

S.M. Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan dövlət uiversitetinin filologiya fakültəsinin qiyabi şöbəsində təhsil müddəti altı il idi. Səssiyaların sayı yəqin on iki olardı – qışda on gün, yayda 30 gün. Sessiyaların təxminən yarısını “Azərbaycan” mehmanxanasında qalmışam.

Ümumiyyələ, kənd yerlərindən qiyabiçilər Bakıya gələndə harda qalırdılar? Demək olar ki, harda gəldi. Paytaxtda yaxın qohumları olanlar az deyildi. Mənim Bakıda heç kimim yox idi, olsaydı da sığınacaq istəməzdim. (Bir yaxın qohumumun evində haçansa plov yemişəm, indiyəcən başıma qaxır… Qorxumdan Azərbaycana həsrət qalmışam…) Üstəlik şəhəri tanımırdım. Paytaxta ilk dəfə 1968-ci iln payızında Əli Bayramlı pedaqoji məktəbində oxuyarkən gəlmişdim. Bir qrup tələbəni sonralar, səhv etmirəmsə, xalça muzeyinə çevrilmiş Lenin muzeyiinə gətirmişdilər. Bakı muzeyi Moskvadakı mərkəzi muzeyin dəqiq surəti idi. Moskvadakı bütün eksponatların surəti yaradılmışdı. Muzey əməkdaşı Leninin şüşə dolabdan asılmış paltosunu bizə göstərib fəxrlə deyirdi ki, Kaplanın gülləsindən yaralanan  vaxt dünya proletariatının rəhbərinin əynində olan və güllədən deşilən  paltonun parçası xüsusi texnologiyalarla yaradılıb və sovet mütəxəssisləri parçanı hətta “köhnəldiblər” də. Bu parçadan daha 14 palto tikilib müttəfiq respublikaların paytaxtlarında olan muzeylərə verilmişdi…

Muzeydən aldığım təəssür barədə heç bir xatirəm yoxdur. Avtobusumuzun dayandığı yer hamsı bağınsa qırağı idi. Ağacların iyi indiyəcən yadımdadır. İylərə qarşı həssasam, iylər yaddaşımda həmişəlik qalır, bunun yaxşı və pis tərəfləri var…

1969-cu ildə Bakıda “Əlibayramlı günləri”ndə iştirak etdim. “Azərbaycan” mehmanxanasında lazaretə oxşayan yekə bir otağa on-on beş oğlan təpilmişdi… Yox, ayrı adamlar da var idi. İndi xatırlayıam ki, bir neçə əsl “mehman” var idi, orta yaşlı bu adamlar Ermənistandan gəlmişdilər, bəlkə də şikayətə, müəllim idilər, dyeyirdilər, ki, Ermənistanda Azərbaycan məktəblərinin vəziyyəti ağırdır…Hə, bu, yadımda qalıb, adamların üzünü xatırlamıram, təsadüfən eşitdiyim söhbət isə, yqin ki, “qoxulu” olduğuna görə yaddaşımdan getməyib…

1971-ci ilin payızında Əli Bayramlı pedaqoji məktəbinin xalq çalğı ansamblının tərkibində Bakıda “Qızıl payız” festivalında iştirak eləmişəm. Tədbir Yaşıl teatrda keçirilirdi. Səhərə günorta gəlib axşam qayıtdıq…

Birinci qəbul imtahanına məni tibb institutunun tələbəsi olam mərhum dayıoğlum Hacı aparıb. Hacı olmasaydı hökmə azar, imtahana gedib çıxmazdım.

Başlanğıc sessiyasını dayıoğlumun yanında qalmışam. Hacı başqa bir tələbə erməni ailəsinin həyətində otaq kirayələyirdi…

“Azərbaycan” mehmanxanasında yəqin ki, ikinci kursdan qalmışam.

Bu mehmanxana, səhv etmirəmsə, İnşaatçılar prospektində yerləşirdi. Bir tərəfi mərkəzi avtovağzal, bir tərəfi “Spartak” stadionu idi. Sonralar, mən Moskvada oxuyanda, yəni 80-ci illərin əvvəllərində, eşitdim ki, mehmanxanın adını dəyişib eləyiblər “Naxçıvan”. Mənim rəhbərim, əfsanəvi Xalıq Koroğlu gülümsəyərək deyirdi: “Tezliklə bütün Azərbaycanın adını qoyacaqlar Naxçıvan…”

İlk dəfə “Azərbaycan” mehmanxanasında necə yer aldığım yadımda deyil. O vaxt Bakı mehmanxanarında heç vaxt yer olmurdu. Yer əslində var idi. Ancaq mehmananın qapısından girən hər kəs arşın hərflərlə yaılmış xəbərdarlıqla rastlaşırdı: “Мест нет!» Bu, xüsusən nabələd adama ikinci dünya müharibəsinin əsgərinə “Warte, es ist eine Sprengfalle!” xəbərdarlığı kimi təsir edir, öz ürəyinin döyüntüsünü eşidirdi. Yer, əlbəttə var idi. Bunun üçün pasportun arasına ya göy beşlik, ya da qırmızı onluq qoyub milliyyəti bilinmyən, saçını, üzünü rəngləyib özünü rusa oxşatmış və rusca danışan admintrator arvada uzatmaq lazım idi. Ancaq bu işdə səriştə lazımdı, ürək lazımdır. Məndə ürək yoxdur, mehmanxanalar gəzdiyim altı il ərzində rüşvət vermək səriştəsi də qazanmadım. Pulu həmişə başqaları verirdilər…

O vaxt, yəni mənim qiyabi oxuduğum 1974-81-ci illərdə mehmanxanalarda, mağazaların əksəriyyətində, apteklərdə, dövlət idarələrində rusca danışırdılar. Lap Akaki Akakeyüviç səviyyəsində olan xırda klerk də rusca bilməyən ya da zəif bilən adamla rusca danışaraq onu sarsıdır, iradəsini əzir, aşağlayır, əgər təbiətində sadistlik varsa, yıxıb sürüyürdü…Mehmanxanada saçını saraltmış arvad “mest net”i elə tonla deyirdi ki, elə bil səni siçan kimi şişə taxıb divara dirəyirdi…

Bir az geriyə qayıdım. 1972-si ilin payızında mən təyinatımı dəyişmək üçün Bakıya gəldim və Maarif nazirliyində qəbula yazıldım. Üç gümdən sonra nazirin birinci müavini Rəfiqə Hüseynova məni qəbul elədi. Saçı rəngli bu arvad Putinin kovirstolu kimi uzun stolun başında oturmuşdu. Mənə nisbətən yaxın oturmuş referentinə rusca buyurdu ki,  mənim nə istədiyimi soruşsun…

(“Nəçərnik , başına dönüm, bilmirm mənim eşşəyimi Heydərxan körpüsünə daş daşmağa aparıblar, yoxsa karvansaraçı məni aldadır…”)

Mən öz dilimizdə nə istədiyimi referentə danşdım. Referent Rəfiqə arvada tərcümə elədi. Sonra arvad yenə referentə rusca nəsə dedi. Referent dedi get Salyanda gözlə, cavab ora gələcək…

Sonra Rəfiqə Hüseynovanı Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri qoydular…

Çox təəssüf ki, Puşkinin, Tolstoyun dili xüsusən Heydər Əliyevin vaxtında millətin olan-qalan ləyaqətini tapdalamaq üçün istifadə edilirdi…

“Azərbaycan” mehmanxanasında rüşvət alıb yeri üç-dörd günə verirdilər.  Bəzən müddətin başa çatmamış deyirdilər ki, şələ-şüləni yığışdır, Moskvadan rəsmi qonaqlar gəliblər. Təzədn pasportun arasına göy beşlik ya qırmızı onluq qoyulurdu…

(ardı var)

21. 09. 2023, Samara