Архив тегов | könül

GÖRÜŞ

 

Titrəyə-titrəyə sıxdım əlini,

Ovcunun içində ovcum isindi.

Zərif barmaqların alov dilimi?-

Sandım ki, ömürlük bu od bəsimdi.

 

Üz-üzə dayandıq, yaxın dayndıq,

Qarışdı nəfəsim gül nəfəsinə.

Mənim kiçik ovcum döndü bir anda,

Bir dünya səadət xəritəsinə.

 

İki əl qovuşdu asma körpü tək,

Üstündən duyğular adladı, keçdi.

İki ürək dindi iki körpə tək,

İki əl  — birləşmiş iki beşikdi.

 

Könül qüssəsini, könül yasını,

Azdırdım ovcunun qırışlarında.

Oxudum ilk eşqin əlifbasını,

Oxudum ovcunun naxışlarında.

 

Bir ömür yaşadım bu bircə anda,

Qovuşdum sevincə, yad oldum qəmə.

Gülüş qanadlanıb dodaqlarından,

Qondu qaranquş tək ümidlərimə…

                                                        21 noyabr 1977, Salyan-Ərəbqardaşbayli

Tyütçev. ELƏ GÜN YOX Kİ KÖNÜL İNLƏYƏRƏK…

F. İ. TYÜTÇEV

Elə gün yox ki, könül inləyərək,

O keçənlərdən ötrü sızlamasın.

Söz həsrətində hədər səy edərək,

Günü-gündən quruyub, gözləməsin.

Elə bil kimsə qüssədən yanaraq,

Doğma yurddan sarı üzər canını.

Və qəflətən o anlayar: dalğa,

Dəniz dibində dəfn edibdir onu.

23.12.1865