Архив тегов | mənəvi əsarət

«ELƏ BİL ÖLÜMƏ APARILIRIQ…»

Elektron növbə çıxıb sıradan,
«Canlı» növbədədir adamlar indi.

Cavan gözə dəymir aralarında,

Burda “canlı” olan elə növbədir.

 

“Kömpüter vışiblo!” – ucadan deyib,

Qeydiyyatçı qadın saxlayır işi.

(Kompüter qəzaya yəni uğrayıb)

Dinməzcə hamı yer tapıb əyləşir.

 

Vaxt gedir, kəsilir tamam səs-səmir,
Bir nəfər deyinmir dodaqaltı da.

Gözəldir, əlbəttə, etika, səbr,

Müdhiş amma nəsə var bu sükutda.

 

Bir dava həvəsli yox niyə burda?

Tumu kəslibdir demaqoqların?

Şəhərdə nə qədər əsəbi vardı! –

Ağrıyan qol-qıçdır indi ya qarın…

 

Bəlkə susqunluğa ciddi səbəb var?

Şübhə, narahatlıq, düzü, doğurur.

Mədəni, sakitcə bu oturanlar,
Nəyəsə elə bil bir eyham vurur…

 

Ağzına elə bil hamı su alıb,
Növbə “canlı”, yoxdur hərəkət ancaq.

Elə bil ölümə aparılırıq,
Qazancdır, nə qədər yolda yubansaq….

 

31. 03. 2026, Samara