Архив тегов | Mirzə Əlil

GƏDƏBİYYAT: BƏXTİYAR VAHABZADƏ. «HEYİF»

 “Heyif o gözlərə o baxışlara,
Özgə birisinə baxacaq həmən”.

“Həmən”, yəqin ki, burda zərfdir. İnternetdə lüğətlərə baxıram: “həmən” —

“o saat, dərhal, əlüstü.” Yəni Bəxtiyar müəllimin “o gözlərə, o baxışlara” heyfi gəlir, çünki “o saat” (dərhal, əlüstü) özgə birisinə baxacaq. Yəni ki, xanım zirəkdir. Birindən aralanan kimi “özgə birisini” tapır… İnternet olmayn vaxtlarda!!!

Yenə soydaşlarımın diqqətini birinci misraya yönəldirəm: “o gözlərə, o baxışlara”. Qrammatik qanunla, “baxacaq” bu iki sözün hər ikisinə aid olmalıdır. Yaxşı, gözlər baxacaq. Bəs baxışlar? Belə çıxır ki, “baxıçlar baxacaq”. Hə? Mən bunu akademik Vahabzadənin Azərbaycan dilini nə dərəcədə bildiyini göstərmək üçün deyirəm.
 “Heyif o ilahi qövsi qaşlara
Sınacaq kədərli düşüncələrdən.”

Qövsi qaşları təsəvvür etdik. Bəs qaş necə sənır? Qaş, dartılar, əyilər, ancaq sınmaz, çünki qaş poladdan deyil…

Heyif o alovlu ötən çağlara”

“Çağlar” – yəni “vaxtlar”, “zamanlar”, alınma sözlər daha öyrəşiklidir.
“Uçan yad budağa tez qonacaqdır.”

“Uçan yad budağ”ın nə olduğunu bilən var? Bəlkə akademik şair bunu Flora Kərimovaya həsr edib və şeiri müğənni xanım əcəb eləyərək polyaka qoşulub Polşaya gedəndə yazıb? Bəlkə yad budaq Floranın polyak sevgilisidir? 

Mən əlbəttə bunu akademiki birtəhər təmizə çıxarmaq, onun cəfəngiyatını mənalandırmaq üçün deyirəm. Yaxşı, bunu saxlayaq. “…tez qonacaqdır”. Necə yəni tez qonacaq? Gec qonmaq da olur? Burda “tez” sözü artıqdır. “Tez” sözü qışqırır ki, məni burdan götürün, məni bura heca sayını düzəltmək üçün soxublar…

Zaman vaxt, çağ budağa necə qonur?
“Heyif gülə bənzər o dodaqlara,
Özgə bir dodağa toxunacaqdır.”

Toxunacaqdır! Akademik çox məsum sayılacaq dərəcədə həyalı olub. “Öpüş” sözünü ayıb bilərək işlətməyib. “Toxunacaqdır”. Elə bil ki, xanımı kişi yox, öz nənəsi öpür…

Bilən varmı ki, nə olub — əgər Flora-polyak əhvalatı deyilsə? Bəlkə qurumsağın biri şairin ailəsini dağıdıb?
“Gülüm, heyif sənə yazıqlar mənə…”

A kişi, sözünün canını de. Kim kimdən ayrılır?
“Qoruya bilmədim məhəbbətimi.”

Hə? Dodağı dodağa yaxşı toxundura bilməmisən…
“Özüm bilə-bilə verirəm yenə,
Özgə birisinə səadətimi.”

Bilə-bilə verir. Səadətini… Yəni sevgilisini? Bilə bilə “özgə birisinə”? Belə kişilərə hansı dildəsə kukold deyirlər. Vallah, hə…

Bu sözlərə mahnı yazılıb. Flora Kərimova əcəb eləyərək oxuyub. Maraqlıdır, dinləyici başa düşürmü ki, nə məsələdir?

Mən başa düşə bilmirəm…

X.X.

09. 04. 2025, Samara

GƏDƏBİYYAT. BƏXTİYAR VAHABZADƏ. «NEYLƏRƏM»

«Sən getdin, elə bil dünya boşaldı

Yaz da köçüb getdi, yeri boş qaldı…»

Yadnızda saxlayın: yazın yeri boş qalıb!

Elə arxasınca: “Bahar ürəyimi sənsiz qış aldı”

Sual: yazın yeri boş qalıb ya yerini qış alıb?

Əlbəttə, “boş qaldı” “boşaldı”ya qafiyə üçündür. Yəni müəllif basməmmədi eləyib malını sırıyır oxucuya. Ya da xanəndəyə. Baba Mirzəyev bir ağlaşma quracaq ki, gəl görəsən…

İndi akademik Bəxtiyar müəllimin Azərbaycan dilini necə bildiyi barədə.

“Bahar ürəyimi sənsiz qış aldı”

“Bahar ürəy”i necə başa düşmək olar? Çevirək azərbaycancaya: “Yaz ürəyimi” qış aldı? Necədir? Cəfəngiyyatdır? Əlbəttə!Azərbaycan akademiki farsca “bahar” deyib yenə oxucunu hərifləmirmi?

Yaxşı, deyək ki, şair ürəyini yaza bənzədir.Bunu da yadda saxlayaq.

Eşqimi aparıb sən getdin demək,

Eşqsiz bir könül nəyimə gərək?

Mən ömründə ən azı bir dəfə sevdiyi insandan ayrılmış hər kəsə müraciət edirəm: əgər sevgili üz döndərib gedirsə, ürəkdən sevgini də aparırmı? Əgər belə olsaydı, sevgi faciələri olardımı? Yox! Bəxtiyar Vahabzadə eşqdən elə yazır ki, guya sevdiyi qız ya qadın cehizini götürüb gedib. Yükləyib taksiyə ya da KAMAZ-a, gedib. Şairin də “könlü” qalıb eşqsiz…

Müsürmanlar!  Mən sizi ayıq başla dediklərimə fikir verməyə çağırıram!

“…demək getdin”…

Elə bil polis protokoludur. Cehizini, olan-qalanımı yığışdırıb gedib… Qızıl-gümüşü…

“Soyuq daşa döndü o gündən ürək”

Şeirdə bənzətmələr üzvi şəkildə bağlanmalıdır. Yuxarıda ürək yaz fəslinə bənzədilmişdi. İndi ürək “soyuq daşa dönür”. Yuxarıda ürəyi qış almışdı. Belə çıxır ki, qış daşa dönür?

«Həmişə ayrıyıq, gecə-gündüzük»

Necə yəni “həmişə”? Yəni xanım getməmişdən qabaq da?

“Birimiz təpəyik, birimiz düzük”.

Mən, mümkün olsaydı, akademik şairdən xahiş edərdim ki, konkretləşdirsin: təpə kimdir, düz kimdir? Akademik özü düppədüz idi, əqidəsini demirəm, qamətini deyirəm. Yəqin xanımı təpəyə bənzədir, yəqin ətli-canlı imiş…

«Üstünün qaşıyla tanınar üzük,

Əgər üzük yoxsa, qaşı neylərəm?»

Bir şey başa düşdünüz? Xanım eşqi cehiz kimi götürüb gedib. Üzüyə bənzədilən nədir? Üzüyün qaşına bənzədilən bəs nədir?

«Niyə yaşayıram, mən niyə sənsiz?»

Biz nə bilək?

«Nə yerə baxaram, nə göyə sənsiz»

Bəs hara baxarsan?

«Mən ki, kor olmuşam hər şeyə sənsiz»

Aha! Kor olub!

«Kor gözün üstündə qaşı neylərəm?»

Müsürmannar! Bundan cəfəng, antiestetik, antipoetik misranı ancaq Səməd Vurğun ya Rəsul Rza yaza bilərdi. Baxın: aşiq kor olub. Deyir “qaşı neynərəm”. Təsəvvür edin ki, sevgilisi getmiş aşiq, məsələn Vahabzadə özü, dəlləyə gedib qaşlarını qırxdırır… Nəzərə alın ki, bu heyvərə misranı gözlərinin işığını həqiqətən itirmiş insanlar da eşidir ya oxuyurlar! Bu, adamdolamaq olsayd, dərdyarı idi. Bu, basməmmədilikdir. Akademik xalq şairi qafiyə xatirinə nə gəldi, soxuşdurur. Bilir ki, sonra Baba Mirzəyev milləti mələdəndə heç kim  onun nə yazdığının fərqinə varmayacaq…

07. 04. 2025, Samara

NİKOL PAŞİNYAN: «GÜRCÜSTANDAN ALTI TOP BURAXMAQLA AZƏRBAYCNIN DAHA BİR ŞƏRTİNİ YERİNƏ YETİRDİK»

Tiflisdə Gürcüstanının və Erməninstanın milli yığmaları arasında rəsmi görüş  6:1 hesabı ilə gürcü futbolçularının xeyrinə bitdikdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərin qarşısında çıxış edərək demişdir:

— Biz oyunun nəticəsindən hədsiz dərəcədə razıyıq. Biz bu oyunu gürcü qardaşlarımıza 6:1 hesabı ilə uduzmaqla Azərbaycan prezidenti İlham Əliyevin daha bir şərtini yerinə yetirdik. İlham Əliyeviç bizdən tələb etmişdi ki, sülh müqaviləsinin bağlanması üçün biz gərək biz də Azərbaycan komandası kimi uduzaq və üstəlik iki dəfə çox buraxaq. Biz bu gün buna gürcü qardaşlarımızın köməyi ilə nail olduq. Bu məğlubiyyət bizi sülh müqaviləsinə daha da yaxınlaşdırdı. Bizim futbolçularımız sülh naminə bundan sonra da Azərbaycanın tələbi ilə istənilən hesabla uduzmağa hazırdırlar.

Gürcüstanın baş naziri deyib ki, Ermənistan üzərində bu qələbədən sonra Əliyev qazı və nefti gürcülərə pulsuz verəcəK,

Mİrzə ƏLİL

24. 03. 2025, Samara

«ŞAH DEDİ AĞLAYIRAM…» VƏ YA PREZİDENT ÜÇÜN PORTRET SİFARİŞİ

“Şah dedi ağlayıram, bəs ki, üzüm çirkindir,

İldə bir görsəm əgər ayinədə surətimi.

Ona ərz etdi vəziri: səni hər gün görürəm,
Nə qədər ağlayıram, indi düşün halətimi!”

Sabirin bu dördlüyündə şah deyir ki, ildə bir dəfə üzünü güzgüdə görsə, onu ağlamaq tutur. Vəziri deyir ki, mən səni hər gün görürəm, indi nə qədər ağladığımı özün təsəvvür elə…

Sabirin bu şeirindən bilmək olmur ki, şah anadangəlmə çirkin olub, yoxsa qocaldıqca eybəcərləşib. Şahın qoca olduğu ehtimalı ağlabatandır, çünki şahlıq ömürlük olur, eləsi uşaq vaxtında taxta oturur, ölənəcən və ya zorla devrilməyənəcən daha o taxtdan durmur. İnsan da, məlumdur ki, qocaldıqca eybəcərləşir. Yaxşısı budur ki, heç güzgüyə baxmayasan. Mən neçə ildir baxmıram. Axırıncı dəfə baxanda gödüm ki, güzgüdəki əksim mənim ağzımı əyir. Fikirləşdim ki, məni bəlkə qara basır. Həkimə getdim. Həkim məni başa saldı ki, ağız əyən əksim deyil, ağzım özü əyilib. Yəqin ki, qocalıqdan…

O vaxtdan adam içinə çıxmıram. Dost-tanış da məndən qaçır. Qabaqlar tez-tez Mirzə, gedək Volqa qırağında gəzə-gəzə söhbət edək” deyənləri çoxdan görmürəm.

Mən qocalıb eybəcərləşdiyimə çox da məyus deyiləm. Çünki cavanlıqda da elə baxımlı olmamışam. Yəni bir şey itirməmişəm. Ancaq cavanlıqda gözəl olub qocaldıqca eybəcərləşən insanlar da çoxdur. Məsələn, götürək elə bizim əlahəzrət prezidentimiz İlham Əliyevi. Cavanlıq şəkillərinə baxırsan – tavtalogiya olmasın – şəkil kimi oğlandır. Düzdür, Alen Delon kimi gözəl, Hemfri Boqart kimi impozant deyil, ancaq qəşəng oğlandır. İndi baxırsan, az qalırsan başına ikiəlli qapaz salasan. Yəni mən öz başımı nəzərdə tuturam. Yəni başına qapaz salıb demək istəyirsən ki, hanı o gözəllik, yəni Əliağa Vahid demişkən, hanı o hüsn, o camal. Hanı o şanə. Şanə  — yəni daraq. Zülf, yəni saç gedəndən sonra, əlbəttə, şanə də gedəcək… Vahid deyirdi: “Zülfün tökülmək adətidir, şanə neyləsin…”

İlham Əliyevin surətindəki neqativ dəyişikliklər məni, Səməd Vurğun demişkən, dərin fikirlərə qərq edir. Bu dəyişiklikləri təkcə qocalıqla izah etmək olmaz. Əlahəzrət o qədər də qoca deyil. Əsində heç qoca deyil. Yaxşı, deyək ki, qocalıqdandır. Bəs üzdəki simmetriyanın pozulmasını necə izah edəsən? Əlahəzrətin üzünün sağ tərəfi sol tərəfindən xeyli fərqlənir, elə bil ki, ayrı adamındır ya da əlahəzrət ordunda tennis topu tutub. Vallah, ağlamalıdır…

Bəlkə deyilənlər doğrudur? Bəlkə insanın yol verdiyi ədalətsizliklər, törətdiyi günahlar onun üzündə öz əksini tapır? Mən əlahəzrətin nə günahlar törətdiyini bilmirəm, ancaq üzündəki neqativ dəyişiklikləri görəndə bilirsən ki, törədib.

Azərbaycanda “Dorian Qrey” romanını oxumayan tapılmaz. Rəssam Bazil Holvard Dorian Qreyin portretini yaratmışdı və, ayıb olmasın, əxlaqsız həyat sürən Dorianın pütün pozğunluqları onun öz üzündə yox, portretdə əksini tapırdı. İndi deyirəm ki, Azərbaycanda Bazil Holvard kimi bir rəssam ola, əlahəzrət prezidentimizin elə bir portretini yarada. Və əlahəzrət bu ölkəyə və onun əhalisinə nə zülmlər eləsə, nəticəsi onun üzündə yox, şəklində əks olunsun…

Bilmirəm, belə bir rəssam tapılarmı. Ancaq bu barədə ciddi düşünmək lazımdır. Çünki əlahəzrət şahdan fərqli olaraq, özünü güzgüdə ildə bir dəfə yox, gündə yüz dəfə görür. Əlahəzrət səhərdən axşamacan özünü ekranda da görür. Və surətini görəndə… Yox, əlahəzrət o məcnunlardan, yəni Sabir təsvir edən şahlardan deyil. Əlahəzrət surətini görəndə ağlamır. Əlahəzrət surətini görəndə ağladır, mələdir. Əlahəzrət istəyir ki, ölkədə düz-əməlli adam qalmasın, hamının ağzı-burnu əyilsin, hamının əqidəsi də əyilib korlansın… Baxır, məsələn, Tofiq Yaqubluya, görür Tofiq Yaqublu ağzı-burnu yerində, qəddi düppədüz, cin vurur beyninə…

Mən də olsam, cinlənərəm…

Gündə ən azı beş ya altı dəfə dua eləyirəm ki, bizim əlahəzrətə gələnlər Makrona gəlsin. Emmanueli deyirəm. Ancaq gəlmir. Baxıram Emmanuelə, görürəm ağız-burun yerində, özü də konfet kimidir. Yanıb-tökülürəm…

Sözümün sonunda əlahəzrət prezidentə təklifimi bildirmək istəyirəm. Ya o Bazil Holvard kimi rəssam tapıb sehrli portret çəkdirsin, ya da insanlara elədiyi zülmü dayandırsın, türmələrin qapısını açıb günahsız insanları buraxsın, özü də qabaqlarındda diz çöküb üzrxahlıq eləsin. Əminəm ki, elə həmin dəqiqə əlahəzrət on səkkiz yaşlı gözəl bir gəncə çevriləcək…

Mirzə ƏLİL

21. 02. 2025, Samara

HİNDİSTANLI VASİF SADIQLIYA: BƏLİ, BİZ İNƏYƏ SİTAYİŞ EDİRİK, BƏS SƏN NİYƏ EŞŞƏKLƏ SEVİŞİRSƏN?

Professor Vasif Sadıqlı Facebook  səfifəsinə inəyin boynunu qucaqlamış bir hindistanlının şəklini təhqiramiz bir yazı ilə öz Facebook səhifəsinə qoyub. Professor (!) inəyə sitayiş edən hindistanlıları “şoğərib” adlandırır.

Yəqin ki, Hindistanda professor Vasif Sadıqlını tanımırlar və onun Facebook səhifəsini izləmirlər. İzləsəydilər, yazardılar ki, cənab Sadıqlı, bəli, biz inəyi müqəddəs heyvan sayırıq, bəs sən niyə eşşəklə sevişirsən? Biz də sənin Qazaxda eşşəklə sevişdiyini eşidib biləndə məəttəl qalırıq, çünki bizdə belə eşşəkliyi heç kim eləmir.

Hindistanlı deyərdi ki, bəli, biz inəyə pərəstiş edirik. Bəs siz niyə polis dəyənəyinə sitayiş edirsiniz? Niyə millətiniz polis dəyənəyinin altında nəinki diz çökür, hətta ilan kimi qıvrılır da?

Hindistanlı deyər ki, bəli, biz inəyin müqəddəs heyvan olduğuna inanırıq, bu məgər sizin cənnətə, öləndən sonra xurma ağacının altında hurilərlə mazaqlaşmağa inanmağınızdan pisdir?

Hindistanlı deyərdi ki, inəyə pərstiş edən xalq dünyanın ən böyük demokratiyasını yaradıb, yetmiş beş ildir ki, öz deputatlarını, hökumətini özü seçir, vaxtaşırı səs verib təzələyir. Sən axırıncı dəfə haçan azad səs vermisən ay qod…? Heç ömründə azad səs vermisənmi?

Hindistanlı deyərdi ki, mənim inəyə sitayiş edən xalqım möhtəşəm sivilizasiya yaradıb, Gilqameşdən tutmuş Taqoracan zəngin ədəbiyyat, musiqi, kinematoqraf, arxitektura yaradıb, atom bombası yaradıb, kosmosu fəth edir. Sənin inəyi müqəddəs saymayan, onu yeyən xalqın nə yaradıb?

Hindistanlı deyərdi ki, mənim inəyi müqəddəs sayan xalqım suveren və azaddır, sənin isə sərhədlərin də türmə kimi bağlanıb, eşşəyinin boynunu qucaqlayıb oturmusan….

Hindistanlı deyərdi ki, bəli, biz inəyi müqəddəs sayırıq, ancaq siz kimi gənc qızları zindana salıb eşşəkləri əzizləmirik.

Hindistanlı deyərdi ki, sənə professor adını kim verib? Bəlkə sənin kimi eşşəksevənlər?

Çox yaxşı ki, hindistanlıların professor Vasif Sadiqlidən xəbərləri yoxdur. Biabır olardıq…

Mirzə ƏLİL

17.02. 2025, Samara

KÜSÜ: İLHAM ƏLİYEV BƏLKƏ PUTİNDƏN «KROKUS»UN XAHİŞİNİ ELƏYİB?

İlham Əliyevlə Vladimir Putinin arasında yaranan küsü nəinki bu möhtəmşəm kişilərin hərlədikləri ölkələrin əhalisini, hətta dünya ictimaiyyətini də sarsıdıb. Elə sarsıdıb ki, diqqət Rusiya ilə Ukrayna arasındakı müharibən yayınıb. Azərbaycan əhalisinin diqqəti isə təkcə müharibədən, yox ondan da vacib şeylərdən yayınıb. Məsələn, çörəyin bahalaşmağından. Ətin, yağın, meyvənin, tərəvəzin astronomik qiymətindən. Şərlənib tutulanlardan, gənc qızların türmədə çürüməyindən və s. Çünki bunlar İlham Əliyevlə Putinin küsüşməsi ilə müqayisə də çox xırda şeylərdir. İndi Azrbaycan əhalisi gecə-gündüz dua eləyir ki, İlham Əliyevlə Putin tezliklə barışsın, yoxsa yenə ruslar yenə qayıdıb girərlər Azrəbaycana, yenə bizi əsarətə alarlar, zəncir ocağını, İmamzadanı və başqa ocaqları bağlayarlar, “həci”lərin, “kərbalıyıların” statusunu ləğv edərlər, bütün qulyabanıları, damdabacaları qovarlar, bəlkə hələ Xəzərə çəkilmiş hasarları da sökərlər, bununla da torpağımızın neməti gedər…

Mən Mizə Əlil olaraq İlham Əliuevlə Putin arasındakı küsünün analoqunu tarixdə və ədəbiyyatda axtardım. Tıq-tıq xanımla Siçan Solub bəyin konflikti mənə oxşar gəldi. Ancaq bu koflikt faciə ilə bitdiyindən onu qoydum kənara. İkinci analoq Qoqol tərəfindən qələmə alınıb ki, bu da İvan İvanoviçlə İvan Nikiforoviçin necə dalaşdığı haqqında hekayətdir. Məlumdur ki, İvan İvanoviçlə İvan Nikiforoviçin arasında şəhərdə hamının nümunəvi saydığı dostluq və qarşılıqlı məhəbbət olub. Onların arasında yaranan və tezliklə ədavətə keçən küsü bütün Mirqorod şəhərini sarsıdır və dərindən məyus edir. Və bu da məlumdur ki, İvan Nikiforoviç dostu İvan İvanoviçi “qusak”, yəni erkək qaz adlandırmış, bununla da onun zadəgan ləyaqətini təhqir etmişdi. Şəhərin yüksək cəmiyyətinin onları barışdırmaq səyləri boşa çıxır. İvan İvanoviç dostunu verir məhkəməyə. Bu məhkəmə çəkişməsi illərlə davam edir, hər iki dostun var-yoxu məhkəmə xərclərinə, rüşvətə sərf olunur…

Doğrudan da İlham Əliyevlə Putun arasındakı küsünün Qoqol hekayətinə oxşadığını inkar etmək olmaz. Ancaq fərqli cəhətlər də var. Məsələn, bunların heç biri məhkəməyə müraciət etmir. Çünki heç birinin ölkəsində məhkəmə yoxdur. Bu bir yana. Biz bilirik İvan İvanoviçə “erkək qaz” deyilmişdi. Bəs Əliyevlə Putunun arasında nə olub? Bu kişilərin hər ikisi yüksək tərbiyə görmüş adamdır və bunların ağzından ayıb söz çıxmaz. İndi görək İvan İvanoviçlə İvan Nikiforoviçin arasında avaya səbəb olmuş söz hansı söhbət zamanı deyilmişdi.

Hekayəti oxuyanlar bilirlər ki, İvan İvanoviç yayda vaxtaşırı evin avadanlığını çölə çıxartdırıb günə verdirirdi. Bir dəfə qonşusu və dostu İvan Nikiforoviç görür ki, günə verilən şeylərin arasında tüfəng də var. Və dostunun yanına gəlib tüfəngi istəyir. İvan İvanoviç deyir ki, tüfəng özünə lazımdır, birdənevinə quldurla basqın edərlər və s.. İvan Nikiforoviç müxtəlif təkliflər edir: pulla almaq, əvəzində donuz vermək və s. İvan İvanoviç get-gedə bərkiyir, İvan Nikiforoviç də özündən çıxıb onu “erkək qaz” adlandırır…

İndi fikirləşirəm: Putin Əliyevdən nə istəyib ya Əliyev Putindən nə istəyib ki, dava düşüb? Axı casus-masus söhbəti avam adamlar üçündür. Nə casusluq, a kişi? Putun Ukraynaya girməmişdən, Əliyevi çağırıb onun xeyir-duasını alır, indi Əliyev onun casusunu ifşa edəcək? Vallah, gülməlidir. Hamının casusu hər yerdə var… “Rus evi”nin yerləşdiyi binanı sahibinin satacağı lap yöndəmsiz quramadır. Əliyevin icazəsi olmadan kim nə sökə bilər ya kim nə tikə bilər?

Yox, Əliyevin Putindən küsüsü şəxsi incikliyə oxşayır. Elə bil ki, Putundən nəsə istəyib, Putin verməyib, ya da deyib “baxarıq”.

Əliyev Putundən nə istəyə bilərdi? Tüfəng? Yox, özünün tüfəngi çoxdur…

Ağla gələn bir şey var: Əliyev Ağalarovların xahişini eləyə bilərdi. Yəni “Krokus”dakı qırğından sonra yiyəsiz kimi qalan çoxmilyardlıq biznesin Ağalarıvlara qaytarılmasını. Şübhəsiz ki, bu biznesə Əliyev də milyardlar qoyub. Yəni öz cibindən qoymayıb. Neftin, qazın pulunu qoyub. İndi bu biznes havada qalmış kimidir. Manıs yeznə Emin Bakı ilə Moskva arasında girincdir…

Əliyev bu böyük sərvətin xahişini Putindən eləyə bilərdi. Putin deyə bilərdi ki, “baxarıq”, “məşğuluq”, “görək nə edə bilərik, xalqda etiraz doğura bilər və s. Sonra da susardı… Əliyev də acığa düşüb deyərdi ki, onda mən sənin ”evini” bağlayıram…

İndi yapçı da, gopçu da, müxalifətçi də, demokrat, qondarma deputatlar, bazar adamlrı da, Qaradağda daş atanlar da da rus casus şəbəkəsindən danışırlar. Xalqı yeni rus müdaxiləsi və hətta işğalı ilə qorxudurlar.. Xalq qorxur ki, rus gəlib zəncir ocağını, imamzadanı bağlaya, Allahşükürünn götünə bir təpik vurub məsciddən qova…

Yuxularında özünü Opra Uinfri kimi  görən gombul arvad Aygün Muradxanlı deyir: rus kulturundan uzaq olun…

Rus kulturundan, yəni rus mədəniyyətindən. Yəni Puşkindən, Qoqoldan, Tolstoydan, Çaykovskidən, Çexovdan.

Rus gəlir: əti, yağı yadınızdan çıxarın. Çörəyi də iki gündən bir yeyin, ac adamın gözü açıq olur, gözünüz açıq olsun, çünki yan-yörəniz rus casusudur…

Rus gəlir: ən təhlükəsiz yer elə türmədir. Ona görə də şərlənib tutulanlar üçün darıxmayın.

Bizi rus təhlükəsi ilə Azərbaycan dilində rus ləhcəsi ilə danışan diktator qorxudur…

Qoqol İvan İvanoviçlə İvan Nikiforoviç haqqında hekayətini bu cümlə ilə qurtarır: Скучно на этом свете, господа!”

Mən Mirzə Əlil olaraq belə deyərdim: “И скучно, и страшно!»

Yəni bu dünyada yaşamaq həm darıxdırıcıdır, həm də də dəhşətlidir…

Mirzə Əlil

13. 01. 2025, Samara

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 6. ƏZİZƏ VƏ AĞALAR

İkinci Dünya müharibəsinə görə yaşına görə ya ayrı səbəbdən getməmiş kişilər kənddə vaxtlarını boş keçirmirdilər.1941- 45-ci ildə Ərəbqardabəylidə xeyli uşaq doğulub… Əşrəf kişi ilə Səkinə xalanın kiçik qızı Əzizə təxminən 1943-cü ildə anadan olub. Mənim qardaşım Süleymandan bir az böyük olsa da, bir yerdə məktəb şəkilləri var idi. 1956-57-ci illərdə çəkilmiş bu ağ-qara şəkillərdə yeniyetmə Əzizənin necə kamil gözəl olduğunu görürsən.

Əzizə anası Səkinə xala kimi şən, zarafatcıl qız idi. Aralıqda özündən kiçik uşaqlara qoşulub oynayardı.

Ağaların Əzizədən yəqin on beş yaş – on altı yaş böyük olardı. Bir neçə il əvvəl ürəkkeçməsi olan birinci arvadı Zeynəb bədbəxt hadisə nəticəsində ölmüş, Ağalar iki oğlu ilə dul qalmışdı.

Yaxınlarının Ağəllə (Ağalələ) dedikləri Ağaları mən bir dəfə çox yaxından müşahidə eləmişəm. 1974-cü ildə Lətiflə İlham əsgərlikdən gələndə gözaydınlığılığına gələnlər Kamil müəllimin aynəbəndinə yığışmışdılar. Mən Ağalarla üzbəüz oturmuşdum. Və ona yaxından baxdıqca bu taksi şoferinin Hindistanın əfsanəvi aktyoru və rejissoru Rac Kapura onun əkiz qardaşı kimi oxşadığını görürdüm. Üz oxşarlığı bir yana, Ağaların mimikası, jestikulyasi da Rac Kapuru və ya onun “Avara”da ya “Cənab 420”- də oynadığı qəhrəmanları xatırladırdı. Ağalarda da aktyorluq istedadı var idi. Təxminən iki saat ərzində aynəbəddə qismən bəzək və uydurma olan müxtəlif məzəli əhvalatlar danışır və müxtəlif adamların tərzini çıxardıqca aynabənddəkilər uğunub gedirdilər. Lətif və İlham çoxdan yaddan çıxmışdılar…

Ağalar həmişı Bakıya işləyərdi, avtobazada hörməti var idi, tez-tez maşınını dəyişirdi. Müştərilər üçün də həmişə teatr çıxarırdı. Ancaq onu yaxından tanıyanlar bilirdilər ki, Ağaların görünən tərəfləri olduğu kimi görünməyən tərəfləri də var…

Mənim o vaxtlar eşitdiyim söhbətlərdən yadımda qalan budur ki, Əzizə Babazanlı qəsəbəsində yaşayan bacısıgilə gedirmiş. Salyanda Ağalara, yəni qardaşı Əzizağanın qaynına rast gəlir. Əzizədən hara getdiyini öyrənəndə deyir ki, otur maşına, aparım. Maşında Ağalara kömək üçün ayrı adam da olmuşdu, kimliyi yadımda deyil. Maşın tərpənəndən sonra Ağalar Əzizəyə elan eləmişdi ki, onu qaçırır. Əzizə haray qoparmışdı…

Əzizənin qaçırılmaq xəbəri ölüm xəbərinə, özü də cavan adamın qəfil ya da qəzanəticəsində  ölüm xəbərinə bənzəyirdi. Bu hadisəni dəhşətli edən bir neçə məsələ vardı və Ağaların yaşının çoxluğu, dulluğu, iki uşaq atası olmağı əsas məsələlər deyildi. Əsas məsələ Ağaların əmanətə xəyanəti, özünün də dolayısı ilə mənsub olduğu ailənin məsum, özünü müdafiəyə qadir olmayan üzvünə qarşı misilsiz zorakılığı idi. Bununla Ağalar həm də öz bacısınının ailəsəini dağılmaq təhlükə qarşısında qoymuşdu. Hadisədən sonrakı ilk günlərdə Əzizağadan Rahiləni, yəni Ağaların bacısını qovmağı tələb edən qohumlar az deyildi…

Əzizəni aparıldığı yerdən tapıb gətirdilər. Səknəxalagilin təkcə evində yox, həndəvərində də yas atmosferi vardı. Əzizə görünmürdü. Görünənlər qaşqabaqlı və hətta acıqlı gəzidrilər. Yadımdadır ki, radiomuzda konsert olanda səsini ya kəsirdilər ya da lap azaldırdırdılar. Adətən yaxında yas olanda ya da məhərrəmlikdə belə eləyərdilər…

Mənə elə gəlir ki, Əzizə bu qayda ilə üç aya qədər öz evlərində yaşadı. Hamı bu işi bitmiş saymağa başlayanda qəfildən səs-səmir çıxarmadan Əzizəni geyindirdilər, düyünçəsini qoltuğuna verib havanın qaralan vaxtında onun dalınca gəlmiş adamlarla Ağaların evinə göndərdilər. Səhv etmirəmsə, ya payızın axırı, ya qışın əvvəli idi. Əzizənin belə ötürülməyi tələsik, adamsız keçirilən dəfnlərə bənzəyirdi…

Bəs bu üç ayda nə baş verirdi? Niyə bu qədər vaxt keçdi? Əlbəttə, bu üç ayda yəqin ki, Ağalar tərəfdən diplomatlar işləyir, Səkinəxalagili razı salmağa çalışırdılar. Bəs bu iş niyə belə uzun çəkdi? Üç aya iki-üç müharibə yatırtmaq olar…Əlbəttə, şübhəsiz ki, Əzizə lap qardaşının, anasının təzyiqi olsa belə getmək istəmirmiş. Ancaq niyə sonra razı oldu?

Hələ bu qaçırılmağa qədər danışırdılar ki, Əzizəni kənddə istəyən subay oğlan var və Əzizə də o adama biganə deyil. O adamda elə bir kir kişi gözəlliyi yox idi, ancaq eybəcər də deyildi, gəlirli işi, hətta maşını var idi… Ola bilsin ki, bu üç ayda Səkinə xalagildə o adamdan bir səs çıxacağını gözləyirdilər.

O adam da səsini çıxarmadı…

Zorakılıq (zorla qaçırılmaq nənasında) qurbanı olmuş Əzizə indi iki ailədə yaranmış dərin çatların bərpası üçün özünü təzədən qurban verirdi…

Kamil müəllimgildə saysız şəkillər yığılmış çoxlu albomlar var idi. Onlara mərhum Ehtiramla çox baxmışam. Ağaların da müxtəlif yaşda çəkdirdiyi şəkilləri görmüşəm. Ancaq Əzizə ilə birgə çəkdirdiyi şəkil hamısından yaxşı yadımda qalıb. Şəkil yəqin ki, Salyandakı foto-atelyelərin birində çəkilib. Bayramsayağı geyinmiş Ağalarla Əzizə yanaşı qoyulmuş stullarda oturub obyektivə baxırlar Görəsən bu an onların hər birinin fikrindən nə keçirmiş? Atelyedə, peşəkar fotoqrafın qabağında oturub gözünü obyektivə dikəndə elə bil bir anın içində bütün həyatın gözünün qabağından ildırım sürətiylə ötüb keçirdi…

Çətin ki, Əzizə ömrünün sonuna qədər könüllü seçmədiyi, ona zorla sırınmış, boynuna ağır yük ya ağır günah kimi qoyulmuş həyatla barışardı…

Kənddə yaxın adamların şənliklərində Ağalarla Əzizə xoşbəxt cütlük kimi görünsələr də, evdə vaxtaşırı qalmaqalların olduğu da deyilirdi.

Əzizənin haçan, nədən öldüyünü bilmirəm. O mənim yadımda həmişə uşaq vaxtı gördüyüm gülərüz gözəl qonşu qızı kimi qalacaq…

Ağaların ömrünün son illəri birinci arvadından olan oğlu Qaliblə məhkəmə çəkişmələrində keçirdi. Qalibin atasına mülk iddiası var idi. İstədiyini xoşluqla ala bilməyəndə atasını vermişdi məhkəməyə. Qalibdə mərhum anası kimi ürək qüsuru var idi, tez-tez ürəkkeçməsi olurdu. Qəribədir ki, atası ilə məhkəmə çəkişməsi elə bil Qalibin dərmanı imiş və proses başlanandan Qalibin ürəyi cağbacağ işləyirdi. Ağaları isə məhkəmə iclasları zəiflədir, o, gündən-günə şuxluğunu itirirdi. Hərdənbir Kamil müəllimgilə gəlir, yenə də tərz çıxarır, Kamil müəllimi, Sima xalanı və uşaqları güldürürdü. Ancaq Ağalar indi yalnız bir adamın tərzini çıxarırdı. Bu adam oğlu Qalib idi. O, Qalibin məhkəməyə necə geyinib gəldiyini, necə danışdığını ətraflı, elə oğlunun səsi və mimikası ilə təsvir edirdi, ayağa durub yerişini də göstərirdi.  Ağaları bu işdə ən çox yandıran Qalibin məhkəmələrə başında şlyapa gəlməsi idi. Ağalar düşünürdü ki, Qalib şlyapanı onu sarsıtmaq, zəiflədib məğlubiyyətə uğratmaq üçün qoyur…

Məhkəmənin kimin xeyrinə qurtardığını bilmirəm.

Ata ilə oğul arasındakı mülk davasında qalib ya məğlub tərəf ola bilərmi?

Kənddə zorla qızqaçırma, xoşbəxtlikdən, az olurdu. Əzizədən sonra zorla Məlahət qaçırılıb. Bu, 1969-cu ildə olub…

X.X.

24-25.12. 2024, Samara

(ardı var)

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 5. QANLI SURRA TOYU, ƏZİZAĞA VƏ SALAH QARDAŞLARI

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 4. CAHANGİR VƏ İMANQULU

20230721_135628

Təxminən 1959-cu ildə lələm böyük oğlu Seyfullaya ev tikmək istəyir. Ev yeri üçün Məmmədyarov adına kolxozun sədri İmanqulu Rzayevə müraciət edir. Qanuna görə ev tikintisi üçün yeri kənd soveti, yəni yerli hökuməti verməlidir. Ancaq hökumətin adı hökumət idi, kənddə havadan başqa hər şeyin ixtiyarı kolxoz sədrində, yəni İmanqulu Rzayevdə idi. Zənnimcə, Cahangirlə İmanqulunun heç vaxt arası olmayıb. Yəqin ki, bir-birlərini görəndə heç salamlaşmırdılar da. Soyuqluqdan çox ədavətə yaxın olan bu münasibət bəlkə də kollektivləşmə ilə bağlıdır. Kənddə kolxoz yaradılanda o vaxtlar özünün əkini, atları və hətta xırda ticarəti olan lələm bu hoqqaya girməkdən imtina eləmiş, cavabında sovet orqanları onu qolçomaq çıxarıb hər şeyini almışdılar. Özünü tutulub sürgün edilməkdən bəstəkar Arif Məlikovun atası qurtarıb – təfərrüatını bilmirəm, ancaq Bakıda hansı vəzifədəsə olan salyanlı Cahangir Məlikovun lələmi qurtardığını uşaq vaxtı eşitmişəm. Lələm hətta Bakıda bir neçə ay gizlənib də.

Mən müəllim işləyəndə İmanqulu Rzayevin qardaşı Əliqulu kişi məktəbin qarovulçusu idi. Əliqulu kişi də qardaşı kimi kollektivləşmənin benefisiarı olmuşdu – qardaşı sədr, özü briqadir, ambardar… Yəni lələm uduzmuş, bunlar udmuşdular. Əliqulu dayı tez-tez müəllimlər otağına gəlib keçmişdən, o cümlədən kolxoz qurmaqlarından danışardı. Bir dəfə mənə baxıb dedi: “Sənin dədən acığından atlarını bizim kolxoza vermədi, aparıb verdi Musalı kolxozuna…”

Deməli, sonralar əhalisi dağılıb ləğv olunmuş Musalıda da kolxoz var imiş və lələm acığını atları öz kəndindəki kolxoza yox, ordakı kolxoza verməklə çıxıb… Yəni ona elə gəlirmiş ki, acığını çıxıb… Acıq çıxmaq nədir, atalarını yandırıb…

Tragikomediya…

Əliqulu kişi, yarım əsr keçsə də, bu qisası lələmə bağışlaya bilmirdi – atlar elə bil onun tövləsindən getmişdi…

Və ən maraqlısı odur ki, Əliqulu kişi sonralar lələmlə quda olmuşdu, ancaq aralarında mehribanlıq yaranmamışdı.

Lələm sovet hakimiyyəti tərəfindən qarət edilib  lütlənəndən sonra bu qırmızı rejimdən uzaq olmaq üçün keçələt kolazını götürmüşdü. Yəni özü özünə hökumət idi. Nə partiyaya girmiş, nə cibində “allasız” bileti gəzdirmişdi. Kolxozu, yəni ictimai mülkiyyəti yeyib-dağıdanlara, sərvət sahibi olanlara həsəd aparmırdı, sovet hökumətinin əleyhinə də danışmırdı. Ancaq bir dəfə oğruları nəzərdə tutaraq belə dediyini özüm eşitmişəm: “Şura hökuməti belə adamların hökumətidir…”

Araları olmasa da, lələm İmanqulu Rzayevə müraciət etməli olur. Lələm Seyfullanın evi üçün torpağı öz evinə yaxın yerdə isətyir. Sədr vermir. Lələm deyirdi ki, Cabbar kişinin yurdunda, çəpərdən qıraqdakı armudun altında söhbət ediblər. “Dedim ki, İmanqulu, mən öləcəm (əvvəl özümü dedim), sən də öləcəksən, bax, bu yerlərin hamısında öy tikiləcək”.

İmanqulu kişi yəüin nə öləcəyinə, nə də o vaxtlar pambıq əkilən yerdə sonralar evlərin salınacağına inanmışdı. Qəti rədd cavabı alan lələm yenə acığa düşüb qərara gəlmişdi ki, Seyfulla üçün evi Kürün sağ sahilində, o vaxtlar rəsmən Kimsomol adlanan kənddə tiksin. Və tezliklə material alıb tikintiyə başlamışdı. Barı qurtarana yaxın, necə deyərlər, sitüasiya radikal şəkildə dəyişmişdi. Yuxarının  qərarı ilə Məmmədyarov adına kolxoz ləğv olunmuş, kolxoza daxil olan kəndlər Qaraqaşlı südçülük sovxozuna verilmiş, ən başlıcası isə İmanqulu Rzayev vəzifəsini itirmişdi!

Uşaqlığından əvvəl kolxozda, sonralar sovxozda işləmiş, uzun illər briqadirlik eləmiş mərhum qonşumuz İbad Əhmədov ölümündən bir neçə il əvvəl mənə danışırdı ki, kənddə kolxozu İmanquluya görə ləğv elədilər. Guya İmanqulunu çıxarmaq istəyirlərmiş, bata bilmirlərmiş. Bu qayda ilə məsələni həll ediblər. Yəni başı kəpəkdən təmizləmək üçün, boynu vurublar…

Kolxoz ləğv edilən kimi lələm  elə öz evimizdən bir az dalda ev tikməyə sovxoz rəhbərliyindən icazə alır. Və tikdiyi barını sökür, kolazla keçirir bu taya…

Yaxşı ki, lələm təkgöz ev tikridi… Ancaq yenə də daşınacaq yük az deyil – sök, daşı əlarabaları ilə Kürün qırağına, yüklə kolaza, bu tayda boşalt, daşı təzə yerə… Böyük şeylər Salyandan, Salyan körpüsündən keçməklə Şirvan yoluyla maşınla daşınıb. Yəni az qala ekvatora bərabər məsafə qət edilib…

Lələm ömrü boyu həyatını dönə-dönə sıfırdan da yox, minusdan başlayıb. Ona dağın yerini dəyişmək lazım olsaydı, elə bellə bütün torpağ-daşı qazıb kisələrə ya vedrələrə doldurub daşıyardı. Sovet hakimiyyəti, yəni özünü hakimiyyət kimi qələmə verən quldurlar onun həyatını dağıdandan sonra minusdan başlayıb hər şeyi təzədən qurmaq onun təbiətinin xassəsinə dönmüşdü. Ancaq tikdiyi, qurduğu ona sevinc, qəlb rahatlığı gətirmirdi…

Böyük alman folosofu Şopenhauer yazır ki, varlığın, yəni yaşamağın, olmağın daxili mənası yoxdur. Varlıq, olmaqlıq özlüyündə mənalı olsaydıq, insan heç nə eləmədən məyusluq, qüssə bilməzdi. Yəni yaşamağı özü kef olardı. Məna istəkdə, bu istəyin dalınca getməkdə, əlləşib-vuruşmaqdadır. Ancaq istədiyinə nail olan kimi insanı yenə məyusluq, qüssə bürüyür…

Lələmin məyusluğunun səbəbi həm də övladlarını, bəlkə Seyfulla istisna olmaqla,  yarıtmaz görməyi idi…

Lələmin istədiyi, İmanqulu Rzayevin vermədiyi yerlərdə doğrudan da sonralar evlər tikildi. Lələm öldü, bəlkə də bir il sonra İmanqulu Rzayev də öldü. Myın 9-da. O vaxtlar 9 May Qələbə günü idi…

Kolxoz ləğv olunmamışdan bir az qabaq kənddə klubu olan idarə binası tikməyə başlamışdılar. Kolxoz ləğv olunan kimi yarımçıq binanı verdilər məktəbə. 1960-ci ilin payızında əvvəl yuxarı siniflər köçdü. Mən birinci sinifdə idim. Biz 1961-ci ilin yazında, dərs ilinin axırına yaxın köçdük. Məktəb yeddiillik idi. Buraxılış sinfi klub kimi tikilmiş hissədə yerləşmişdi. Ağənnə bacım da o sinifdə idi. Gedib hərdən qapıdan baxırdım. Qızların səhnəyə çıxıb oynadıqları gözümün qabağındadır. Mənsurə, Gülsabah, Sərmayə, Nəmidə…

Klub bizim kəndə qismət deyilmiş…

İmanqulu kişi sonralar Bala Surradan köçüb gəldi. Hərdə rastlaşardım. Bir neçə dəfə salam verdim, almadı. Sonralar yanından salamsız keçirdim. Mən təzə müəllim işləyən vaxtlar səhər tezdən yol qırağında, transformatorun yanında qoyun otarardı. Bir dəfə Səməd dayının evlərinin tarazını adlayanda məni daldan kiminsə çağırdığını eşitdim: “Müəllim, müəllim!”  Dayanıb baxanda gördüm ki, İmanqulu kişi mənə sarı gəlir. Çox təəccüb elədim. Mənə çatan kimi soruşdu: “Məllim, papruzun var?” Mən o vaxt çəkirdim – hərdən filtrli bolqar siqareti, hərdən Avrora. Siqaret qutusunu çıxarıb ona uzatdım, İmanqulu kişi bir neçə gilə götürüb “sağ ol” dedi və qayıtdı qoyunlarının yanına…

Hamımız insanıq… Hamımız da öləcəyik, hərçənd ölən günəcən çox adam buna inanmır…

X.X.

22. 12. 2024, Samara

 

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 3. MƏDİNƏ

İYUL 2023

“Rubens qadını” ifadəsi niderland (flamand) rəssamı Piter Paul Rubensin adı ilə bağlıdır. Onun portlərindəki qadınlar iri, ətli-canlı, dolu bədənlidirlər ki, bu da on yeddinci əsrdə mövcud olmuş qadın gözəlliyyi idealı ilə uyuşurdu. Belə qadınlar həm də doğuşa, analığa, məhsuldarlığa qabilliyi təcəssüm etdirirdilər.

Mən, əlbəttə, uşaqlıqda nə Rubensi tanıyırdım, nə də №rubens qadın”ının kim ya nə olduğunu bilirdim. Ancaq çox sonralar rəngkarlıqla az-çox maraqlananda və muzeylərdə olanda yadıma Mədinə düşürdü. Onu gözümün qabağına gətirəndə görürdüm ki, kəndimizdə əsl “Rubens qadını” yaşayırmış…

Mədinə mərhum Qasımağanın bacısı, Gülsüm xalanın qızı idi. Mən onu kənddə kənddə təxminən 1964-65-ci illərdə görmüşəm. Lap əvvəllər, az yaşım olanda adını eşitmişdim, hərdən ondan danışırdılar, bəlkə Gülsüm xala bizə gələndə məməmlə danışırmış. O vaxt eşitdiklərimdən başa düşdüyüm budur ki, Mədinə qız vaxtı Əmirxan adlı kiməsə ərə getmişdi. Əmirxan kim idi – bilmirəm. Səhv edə bilərəm, deyəsən, Əmirxan ölmüşdü. Bir müddət dul yaşayandan sonra Mədinə bir salyanlıya getmişdi, ancaq bu nikah uzun sürməmişdi. Mədinə boşanıb gəlmişdi kəndə. Mədinənin ata yurdunda, yəni həyətlərində iki ev var idi. Birini, yəqin ki, haçansa atalarından qalan komanın yerində, ailəsi ilə Ələtdə yaşayan qardaşı Qasımağa tikmişdi. İkigöz, aynabəndli ev idi ki, uzun illər sonra orda Böyükkişi yaşadı. Gülsüm xala o evdə yaşamaqdan qətiyyətlə imtina elədiyinə görə oğlu ona təkgöz alçaq ev tikmişdi ki, Gülsüm xala həmişə orda qalardı və böyük evə ayaq basmazdı. Mədinə boşanıb gələndən sonra böyük evdə olurdu, anası  onunla küsülü qonşu kimi dolanırdı.

Mədinəni o vaxtlar az qala hər gün görürdüm. Onun bir sürü qazı var idi. Qazlar gah cüyürdə itir, gah da Kürün  o biri tayına keçirdilər. Mədinə də əlində çubuq həndəvəri gəzib qazları çağırır, səs-səmir gəlməyəndə quşların həmişə suya girdikləri yerə, keçələt suvatına gəlirdi. Mən də saat üçlə dörd arasında termosda lələmə çay aparırdım. Uzun illər ərzində kişinin çayı hər gün beləcə gedirdi və çay aparmaq vəzifəsi tədricən böyüklərdən kiçiklərə keçirdi. Kişi niyə çayını naharını yeyib gedəndə özü aparmırdı – mənə qaranlıqdır…Hə, mən çay aparanda Mədinəni görürdüm. Bəzən suvatda durub lələmlə söhbət edirdi. Nə danışdıqları yadımda deyil. Deyəsən, kişiylə zarafatlaşırdı – Mədinə zarafatcıl xanım idi. Deməliyəm ki, qulağı, qardaşı Qasımağanın qulağı kimi, bir az ağır eşidirdi. Lələmdə də bu problem var idi. Ona görə bir-birlərini necə başa düşdükləri mənim üçün xeyli təəccüblüdür. Mədinə çox işıqlı insan idi, dava-şava ilə işi yox idi, onunla ünsiyyət hətta mənim lələm kimi sərt, kəmhövsələ adamı yumşaldırdı…

O vaxtlar kənddə dörd ya beş evdə televizor olardı. Onlardan biri də Mədinədə idi. Qulağı ağır eşitsə də, Mədinə musiqini çox sevirdi. Yəqin səxavətli ürək sahibi olduğundan bu sevgini, musiqidən aldığı ləzzəti başqalarıyla bölüşmək istəyirdi. O illərdə televiziya ilə həftədə bir dəfə Azərbaycan xalq musiqisindən ibarət konsert verilirdi. Yazı yox idi, bütün verilişlər canlı idi. Rübabə, Sara, Zeynəb, İslam, Arif kimi müğənnilər ansamblların birinin müşayiəti ilə iyirmi-iyirmi beş dəqiqəlik konsertdə oxuyurdular. Konsertin olacağını bütün kənd qabaqcadan bilirdi və hər kəs özünə yer axtarırdı ki, gedib baxa bilsin. Mədinə öz tamaşaçılarını özü yığırdı. Konsertə bir bir neçə gün qalmış adaşına – Dünya xalanın qızı Mədinəyə, Şükufəyə, mənim bacım Ağənnəyə xəbərdarlıq edir, hər gün də yadlarıinna salırdı: “Qızlar, gözləyirəm ha…”

Mən televizora qonşularımız Ərəstun və Məmmədhüseyn qardaşlarının evində baxırdım, ancaq bacım Ağənnə ilə bir neçə dəfə Mədinəgildə də olmuşam. Təşkil elədiyi məclisdən Mədinənin necə xoşbəxt göründüyünün şahidiyəm. Hərdən kamançaçı qızı göstərib deyirdi? “Qızlar, o qızı yanında oturan kamançaçı oğlan istəyir…”

Mədinə bunu hardan blirdi – mənim üçün sirrdir. Bəlkə bu fantaziyalar Mədinənin özünə də, başqalarına da sevmək, sevilmək arzusundan yaranırdı. Mədinə kimi gözəl arvad niyə də sevilməyəydi?

Yox, o Vaqif deyən gözəldən deyildi: “Sinə meydan, zülf pərişan, bel nazik…”  Mədinə Rubensin qadınlarının azərbaycanlı təcəssümü idi: uca boylu, ətli-canlı, ağ üzlü, saçlar sarışın-kürən, nazik qaşlar da o rəngdə…

Gülsüm xala heç vaxt yuxarı çıxıb televizora baxmazdı. “Dilvizir… Dilvizirim əssiydi… Dombalağ aşacağlar, mən də baxacam… Ay baxdım a…”

Mədinənin televizorunda “Əsli və Kərm” operasının canlı yayımına baxmışam. O vaxt da gözümdən yaş axıb, indi də Qulunun səsi yadıma düşəndə axır…

Bir dəfə Mədinəgildə olanda Qasımağanın böyük oğlu Böyükkişi də orda idi. O vaxt yəqin səkkinci ya doqquzuncu sinifdə oxuyardı. Heç kimi dindirib-danışdırmırdı. Bibisinin dəvətiylə televirora baxmağa gələnləri nifrətlə  süzürdü. Mən Böyükküşini bir də çox sonra, bəlkə otuz-qırx il sonra, həbsdən çıxıb kənddə yaşayan vaxtlar gördüm. Bir dəfə Kamil müəllimin həyətində nə münasibətləsə yığışmışdılar, İham məni də çağırmışdı. Böyükkişi ara vermədən danışır, “SSRİ-ni dağıdanları” söyür, hamını, hər  şeyi, pisləyir, əməlli-başlı öd püskürürdü. Mən nə barədəsə fikrimi demək istəyəndə elə qışqırıq saldı ki, səsi bəlkə də Kürün o tayında eşidilirdi… Ali təhsil almış bu adamın aqressiv cahilliyi, gerifikirliliyi, həmişə haqlı olduğuna əminliyi dəhşət doğururdu.

Mənə elə gəlir ki, Böyükkişinin əsl bədbəxtliyi öz əməlinə görə həyatının pozulmağından, türməyə düşməyindən yox, bir vaxt və elə indi də bəyənmədiyi, lağa qoyduğu və hətta nifrət elədiyi kənd adamlarının içində yaşamağından irəli gəlirdi. Uzun dustaqlıqdan sonra azadlığa çıxan, xoşbəxtlik üçün hər şeyi – azadlığı, ailəsi, gözəl uşaqıarı, evi, qazancı – olan bu adam, mənə elə gəlir ki, bir an belə özünü nəinki xoşbəxt, hətta rahat da hiss eləməmişdi…

Mərhum Qasımağa kişinin uşaqlarıyla çox sərt davrandığını deyirdilər. Bəzən ailə əsarətindən qurtulanlanlar sonradan özləri, ilk baxışdan qəribə görünsə də, ailə ya icma içində tirana çevrilirlər…

Böyükküşi orta məktəbdə yaxşı oxumuş, o vaxtlar yəqin ki, Azərbaycanın ən yaxşı ali məktəbi olan Neft və kimya institunu bitirib Qazaxstana mühəndis kimi təyinala getmiş, bir müddət öz ixtisası üzrə işləyəndən sonra milisə girib kapitan rütbəsinə qalxmış, orda da rüşvət ittihamı ilə tutulub, səhv etmirəmsə, on illik ağır cəza almışdı. Mənə elə gəlir ki, milisdədəki işi onda texniki ziyalılığı aşılamış, indi Azərbaycan polisinə irs kimi keçmiş milis milis zehniyyəti yaratmışdı. Bu nədir? Azad ya alternativ fikrə, rəyə qarşı dözümsüzlük, opponentin qarşısına arqumentlə yox, aqressiya ilə, təhdidlə çıxmaq. “Basaram, gedərsən…”

Deməliyəm ki, Böyükkişinin düzlüyü, haqq-hesab məsələsində ciddi intizamı, kənd icmasının xeyir-şərində fəal iştirakı barədə də eşitmişəm. Allah rəhmət eləsin!

Mədinə isə bir müddət sonra arzu elədiyi sevgiyə  qovuşdu. Deyirdilər ki, Neftçaladan olan çox yaxşı bir adama gedib. Onların axşamlar televizorla konsertə baxmaqlarını təsəvvür edirəm. Mədinə kamançaçı qızı göstərib deyərmiş: bax bu qız, o başdan ikinci tarçalan oğlanı istəyir. Əri soruşarmış: Hardan bilirsən, ay Mədinə? Mədinə də deyərmiş: Ədə, necə hardan? Görmürsən bir-birlərinə necə baxırlar…?

X.X.

20-21. 12. 2024, Samara

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 2. DÖVLƏTALI KİŞİ VƏ NOĞUL XALA

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 2. DÖVLƏTALI KİŞİ VƏ NOĞUL XALA

Haçan Gözəl kişini xatırlayıramsa, Dövlətalı kişi yadıma düşür.

Bu, yəqin ki, beşinci sinifdə oxuyan vaxt olub. Mayın axırı, qəfil şiddətli isti, üstünü  indiki pilotsuz uçuş aparatlarını xatırladan mığmığa qoşunu bürümüş torpaq yolla ikinci növbənin dərsinə gedirəm. Məndən təxminən on addım qabaqda qoşa zənbillə yüklənmiş Dövlətalı kişi gedirdi. Dövlətalı kişi Noğul xalanın əriydi, ancaq çoxdan ailədən getmişdi. Salyan-Bakı yolunun qırağında, Xələcə çatmammış, dikdə hansı idarədəsə qarovulçu işləyir, orda da qalırdı. Özünə yaxşı həyət-baca düzəltmişdi, qoyun, toyuq-cücə saxlayırdı. Bizim qonşu mərhum Kamal dayı hərdən ona qonaq olurdu və sonra Dövlətalının necə kef çəkdiyindən, necə yeyib-içdiyindən elə vəcdlə danışırdı ki, elə bil İsveçrəyə gedib-gəlib… “Sən öləsən, (Kamal dayı «özüm ölüm» deməzdi, «sən öləsən» deyərdi) Dölət kefdədir. Çəkir hinduşka kababını, quzu kababını, vurur arağı, yanında da arvad..” Yəqin ki, Kamal dayı da illərlə küsülü olduğu arvadından qaçıb ailədən getmək, Dövlətalı kişi kimi özünə güzəran qurub azad yaşamaq istərmiş. Ancaq hünəri çatmırmış. Dövlətalı kişi isə çox hünərli adam idi. Çox…On ili elə-belə yatmamışdı ki…

Mən bilən, Dövlətalı kişi vaxtaşırı kəndə gəlir, uşaqlarının yeməyini gətirirdi. Yadımdadır ki, mən birinci sinifdə oxuyanda sübh tezdən Dövlətalı kişi bizim sonralar Kür aparan evimizə gəlmişdi, yanında da mənim yaşıdım olan oğlu Şakir. Atası Şakiri Salyan internatına qoymuşdu. Yəqin ki, istirahət günü anasının yanına gəlmiş Şakiri Dövlətalı kişi tezdən aparıb dərsə çatdırmaq istəyirdi. Mən çox təəccüb elədim ki, Şakirin çantası yoxdur, olanı elə əlindəki dəftərdir. Dəftərə baxanda gördüm ki, müəllim tapşırıqların altından qoymət qoyur, ancaq qol çəkmir. Mən buna çox təəccüb elədim, çünki bizim Ağəli müəllim qiymətə həmişə qol çəkirdi. Çəkirdi demək insaf deyil, Ağəli müəllim qolunu yaradırdı, “A” hərfinin belinə elə kəmər çəkirdi ki, elə bil gəlin beli bağlayır…

Mən bu qolsuz qiymətləri, xüsusən Şakirin əynindəki internat verən qızıl düyməli göy rəngli  qəşəng kostyumu görəndə mən ona çox həsəd apardım. Çünki mən general formasına oxşayan  o cür kostyumu ancaq yuxuda görə bilərdim, məktəbə isə Zabitə xalanın tikdiyi beli və balağı rezinli şalvarda gedirdim…

Qayıdaq təxminən 1965-ci ilə. Deməli, Dövlətalı kişi qabaqda, mən də on addım dalda gedirik. Gözəl kişinin çəpərinə çatanda Dövlətalı kişi çəpərin o tayında iş görən Gözəl kişini görüb dayandı və  zənbillərini yerə qoydu. Söhbətlərinin lap əvvəlini eşitmədim. Mən onların bərabərinə çatanda bunları eşitdim:

Gözəl kişi: Arvad-uşaq nə təhərdi?

Dövlətalı kişi: Nə təhər olacaq? Az qalmışam dayandoldurumu götürüb hamısını qıram. Adam arvad-uşaqğa haçanacan çörək verər?

Bunu eşidəndə Gözəl kişi güldü. Ancaq mən ordan tez sovuşub yoluma davam etdim. Dayandoldurumun nə olduğunu bilmirdim. Gözümün qabağına gətirdim ki, Dövlətalı kişi kinolarda gördüyüm qədim PPŞ avtomatla arvad-uşağı qırır: Noğul xalanı, Gülsabahı, Şahnazı, Baxşəlini… Bircə Şakirə dəymir. Çünki Şakirin çörəyini internat verirdi…

Noğul xalanı çox yaxşı xatırlayıram. Çünki Salyandan ya ayrı yerdən qayıdanda çox vaxt bizə gəlib nəfəsini dərir, çay içib məməmlə söhbət edirdi. Səhv etmirəmsə, gömgöy gözləri vardı. Ruslar bu rəngdə gözlərə yaxşı şeirlər, mahnılar qoşublar, bizdə isə qiymət verən yoxdur, elə ala göz, qara göz… Keçimiz ala, pişiyimiz ala, gözəlimizin gözü də ala… Salyana ya ayrı yerə gedən vaxtlar Noğul xalanın sinəsini taxılan yeri gözləri ilə bir rəngdə olan, Qəhrəman analara verilən qızıl medal bəzəyirdi, çünki on ya on bir uşaq doğmuşd. Bu qədər uşağı dünyaya gətirmək üçün ərlə arvad arasında ciddi iş getməli, elmi dildə desək, yaxın münasibət olmalıdır. Və bu qədər səmərəli fəaliyyətdən sonra Dövlətalı kişinin ailədən getməyi təəccüb odğura bilər. Ancaq Noğul xalaya diqqət edəndə görürdün ki, Dövlətalı kişinin fərariliyi təsadüfi deyil. Noğul xala, gözəl göy gözləri olan bu əməkdar qəhrəman ana amiranə və hətta bir az hampazor adama oxşayırdı. Və bəlkə də Dövlətalı kişi üçün bu ər-arvadlıq ağır qarşıduma imiş. Günlərin bir günü cana doyub və xata çıxarmamaq üçün cəbhədən qaçıb…

Sonralar bildim ki, dayandoldurum nədir. Dövlətalı kişi həmişə silahlı olub. Yəqin öləndə də balışının altından ya dayandoldurum ya tapança çıxıb…

Birinci sinifdə ilk və son dəfə gördüyüm Şakir, nə şuluq qayırmışdısa, yeddinci sinifdən sonra internatdan çıxarıldı və kəndə gəlib bizim sinfə qatıldı. Çox uzun, şaqqalı cavan olmuşdu, deməzdin on beş yaşı var. Elə birinci gün məni dərin biliyi ilə sarsıtdı. O mənə belə bir sual verdi: Avropada hansı çaydır ki, adını tərsinə oxuyanda tərəvəz adı alınır? Qaldım gözümü döyə-döyə və sinfin yeganə əlaçısı kimi nüfuzumu bir anda itirdim. Verdiyi möhlət qurtarandan sonra Şakir sualının cavabını açdı: Prut çayı…

Prut… Turp….

Səkkizincini qurtarandan sonra Şakiri bir də görmədim…

X.X.

19-20. 12. 2024, Samara

(ardı var)

əvvəli burda:

ƏRƏBQADAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 1. ZABİTƏ XALA VƏ GÖZƏL KİŞİ