Oğul, ərazimiz otuz iləcən,
İşğal altda qaldı, bilirsən yəqin.
Qaçqın, köçkün oldu nə qədər insan,
Getdi yad ellərə, düşdü didərgin.
+
Otuz yaz ötüşdü bu işğal altda,
Qışların sayısa çox ola bəlkə.
Ölkədə bir yeni nəsil boy atdı,
Ölkədən nə deyim… həmindi ölkə…
+
Sonra ölkə qalxdı ayağa birdən,
Ölkə deyəndə ki, xalq idi qalxan.
Kimə xalq deyirəm, özün bilirsən,
Xalq deyil savaşa daldadan baxan.
+
Kimdi qabaqdakı? Kasıb-kusubdu,
Kənd uşaqlarıydı qan axıdanlar.
Xalqındı, əlbəttə, döyüşən ordu,
Hərçənd bu barədə ayrı fikir var…
+
Nə baş ağrıdıram – qovuldu düşmən.
Torpaqlar işğaldan azaddır indi.
Ərazi bütövdür, ölkə suveren,
İtirdik neçə min ancaq igidi…
+
Hər şeyə, hər kəsə ölkədə indi,
Dövlətin çox ciddi nəzarəti var.
Bağlanıb, qıfıllı qalır sərhədi,
Xarici unudur daha adamlar.
+
O ki qaldı xalqa… həminkidir xalq…
Çalışır, başını salıb aşağı.
Dövlət işlərinə onda yox maraq,
Əsgər böyüsə də evdə uşağı.
+
Oğul, siyasətə qarışmaq bizim
Ölkədə heç kimə məsləhət deyil.
Başçı yaxşı bilir xalqa nə lazım,
Sözün doğrusunu ancaq o deyir.
+
Çəkir qayğısını suyun, çörəyin,
Yollar, körpülər də öhdəsindədir.
Onda açarı var hər bir ürəyin,
Biləcək – ifadə eləməsən də…
+
Xalqınsa əslində işi çox asan,
Dilinə nəzarət eləsə əgər.
Ağzını sərhəd tək qıfıllayarsa,
Azad, həm suverən sayıla bilər.
30. 07. 2025, Samara




