YENİ İL AXŞAMI SÜLEYMANIN XATİRƏSİNƏ

 

Görsən, tanımazsan məni bəlkə də,

Özümə yad gəlir güzgüdə əksim.

Saçım, saqqalım ağ, gözüm çökəkdə,

Dəyişməyib bəlkə eybəcər səsim.

 

Səs də ki, haçandır qalıb içimdə,

Boğazımda batıb, çıxıb yadımdan.

Səndən nə gizlədim, məmə köçəndən,

Daha danışmağa qalmayıb adam.

 

…Yolka bəzənərdi çıraqlı, əlvan,

Yöndəmsiz, darısqal xruşşovkada.

“İlahi, özün keç günahımızdan!” —

 Deyilərdi hökmən içəndən qabaq.

 

Siqaret aramsız tüstülənərdi,

Başı ağrıdardı dəmi arağın.

Xarici estrada ustalarının,

Konserti başlardı səhərə yaxın…

 

O vaxt doğrudan da il dəyişirdi,

Təzə il gəlirdi, gedirdi köhnə.

O vaxt sənin kiçik qardaşınıydım,

İndi tanımazsan sən məni görsən…

 

Tanıya bilərdin bəlkə səsimdən,
Bəlkə dəyişməyib, bəlkə həmindir.

Çoxdan öz səsimi eşitmirəm mən,

Yoxsunuz – kiminlə danışım indi?..

 

31.12.2016

Samara

Реклама

SƏN QEYRƏTLİ KİŞİ İDİN…

   qardaşım Seyfullanın xatirəsinə

 

Sən qeyrərtli kişi idin,

Yaradandın, qurandın.

Yerlə, göylə əlləşirdin,

Nə gərəksə, varındı.

 

Yuxudasan on beş ildir —

Yuxu sevən deyildin.

Yatır atan, qardaşın da,

Yoxdu səni ayıldan…

 

İndi, qardaş, qəbrin üstdə

Tikan, şoran göyərib.

Gələn-gedən belləsə də,

Yenə bitir şoğərib.

 

Fağır, qərib təbəssümün,

Donub qalıb daşında.

Hardasansa, üzün gülsün,

Qardaş, səksən yaşındı!

14 noyabr 2015

 Samara

ÇANTA

qardaşım Salmanın (1958-66) xatirəsinə

 

Köhnə bir dolabın arxasındakı,

Mıxçadan balaca çanta asılıb.

Dəbdən düşüb gedib beləsi çoxdan,

Rəngi çəhrayıdır, duruşu yaslı.

 

Yarım əsrdir ki dolub bağlanıb,

Bu çanta açılmır, qıfılı pasda.

“Beş”lə birincini adlayan oğlan,

Tətilin bitmədi? İndi hardasan?

 

Qırmızı beşlərin rəngi çəkilər,
Vərəqlər saralıb incələrsə də.

Bu xırda çantanın içindəkilər,

Dünyanın ən böyük faciəsidir.

 

Yetişər günlərin sonu haçansa,

Yer göyə qarışar, Qiyamət olar.
Xırdaca bir uşaq əlində çanta,

Hüzura çatanda susar Yaradan…

  

29 avqust 2014, Ərəbqardaşbəyli