Архив тегов | qardaş haqqında şeirlər

“ANAM OLAN YERƏ GEDƏRDİM ANCAQ…”

cropped-u-lenc4b0.jpg

Gəzmək də, görmək də yemək kimidir,

Kim gəzir – dadanır, həvəsə gəlir.

Təzə ölkələri, təzə yerləri,
Gəzsə də nə qədər, “yoruldum” demir.

+
Gəzməyən nə bilir səfərdə nə var,
Baxmağın, görməyin nədir məzəsi?

Yoxdur dörd divardan çıxmaq həvəsi,
Ömrünü dünyadan xəbərsiz yaşar.

 +

Yox həvəs gəzməyə məndə də indi,

Yaddır görmədiyim yerlər, həm uzaq.

Elə bil yorucu səfərdir aşmaq,
Həddini ən yaxın məhəllənin də.

 +

Anam olan yerə gedərdim ancaq,
Nə vaxtdan o yerin həsrətindəyəm,

Salmanı görərəm ora getsəm, həm
Ağənnə bacım da orda olacaq.

 +

Orda Süleymanı görərəm yəqin,
Gülər görən kimi, qucaqlar məni.

Çəkib odekolon, tütün ətrini,

Bilərəm əynində pencəyi həmin.

 +

Gülsə də, gözündən oxunar qəmi,

Deyər: “Niyə belə bəs yubanmısan?
Mən bura gəlmişəm, qardaş, gör haçan,

Sən məndən kiçikdin səkkiz yaş cəmi…”

 

06. 10. 2022, Samara

 

BASATIN AĞLAYIB QARDAŞI ÜÇÜN DEDİYİ

 

(Basatın Təpəgözü öldürdüyü boy)

 

Qara torpaq üstdə tikdyin evi,
Qardaş, o zalımdır yıxıb dağıdan.

Şahbaz atlarını, girib tövləyə,
Qardaş, o zalımdır seçib aparan.

Sənin təkhürgüclü dəvələrinin,
Odur yaxşını seçən qatardan.

Toylara kəsdiyin kök qoyunları,
Qardaş, o zalımdır qırıb-dağıdan.

Gəlin gətirmişdin sevimli yarı,

Qardaş, o zalımdır sizi ayıran.

Ağsaqqal atamı dərdin əzirdi,
Elə “oğul” deyib ağladı, qardaş.

Ağ üzlü anam da dərdə əsirdi,
Ovunmaq bilmədən sızladı, qardaş.

Qarşı qara dağın zirvəsi qardaş,
İşığım, belimin qüvvəsi qardaş!

07-08. 04. 2021, Samara

GÜLANƏ

SONY DSC

Qardaş qızı, nə xəbərdir mən aldım? –

Eşidəndə yaş axıtdım, ağladım.

“İssiz yerin qurdları tək” uladım,

Havalanıb fikir dolu gəzirəm,
Mənə gəlsin hər nə varsa azarın.

 

Bəlkə səni  görmədiyim on ildir,
Demə əmin həmin əmi deyildir.

Qəlb yaşadır xatirəni, həm də dil,
Danışıram mən səninlə xəyalən,
Mənə gəlsin, balam, sənə hər gələn.

 

Atan səni candan artıq sevirdi,

Nə tufanlar qoparardı gör indi.
Atan kimi sən özün də igiddin,

Əlin, qolun ağrımasın, əzizim,
Ağrın alım, dərdin alım mən özüm.

 

06. 08. 2020, Samara

«SUSUR TANRI DA…»

                    Salmanın xatirəsinə

 

“Beş”lə öyrəndiyin, “beş”lə yazdığın,

Kirillə yazılıb xırda başdaşın.

Silinər, yazının qalmaz izi də,
Kirili bilənlər tükənməmişdən.

 

 

 

Doğumdan ölümə gedən illərin,
Sayı sadə hesab məsələsidir.

Çıxırsan —  nə qalır? Səkkiz eləmir!

Çaşdıran, sarsıdan burda bəs nədir?

 

 

 

Yoxdur elə elm, elə fəlsəfə,

Uşaq ölümünü  yoza, anlada.

Tanrıdan cavabı umub hər dəfə,
Ona üz tuturiuq. Susur Tanrı da…

 

16. 10. 2019, Samara

YENİ İL AXŞAMI SÜLEYMANIN XATİRƏSİNƏ

 

Görsən, tanımazsan məni bəlkə də,

Özümə yad gəlir güzgüdə əksim.

Saçım, saqqalım ağ, gözüm çökəkdə,

Dəyişməyib bəlkə eybəcər səsim.

 

Səs də ki, haçandır qalıb içimdə,

Boğazımda batıb, çıxıb yadımdan.

Səndən nə gizlədim, məmə köçəndən,

Daha danışmağa qalmayıb adam.

 

…Yolka bəzənərdi çıraqlı, əlvan,

Yöndəmsiz, darısqal xruşşovkada.

“İlahi, özün keç günahımızdan!” —

 Deyilərdi hökmən içəndən qabaq.

 

Siqaret aramsız tüstülənərdi,

Başı ağrıdardı dəmi arağın.

Xarici estrada ustalarının,

Konserti başlardı səhərə yaxın…

 

O vaxt doğrudan da il dəyişirdi,

Təzə il gəlirdi, gedirdi köhnə.

O vaxt sənin kiçik qardaşınıydım,

İndi tanımazsan sən məni görsən…

 

Tanıya bilərdin bəlkə səsimdən,
Bəlkə dəyişməyib, bəlkə həmindir.

Çoxdan öz səsimi eşitmirəm mən,

Yoxsunuz – kiminlə danışım indi?..

 

31.12.2016

Samara

SƏN QEYRƏTLİ KİŞİ İDİN…

   qardaşım Seyfullanın xatirəsinə

 

Sən qeyrərtli kişi idin,

Yaradandın, qurandın.

Yerlə, göylə əlləşirdin,

Nə gərəksə, varındı.

 

Yuxudasan on beş ildir —

Yuxu sevən deyildin.

Yatır atan, qardaşın da,

Yoxdu səni ayıldan…

 

İndi, qardaş, qəbrin üstdə

Tikan, şoran göyərib.

Gələn-gedən belləsə də,

Yenə bitir şoğərib.

 

Fağır, qərib təbəssümün,

Donub qalıb daşında.

Hardasansa, üzün gülsün,

Qardaş, səksən yaşındı!

14 noyabr 2015

 Samara

ÇANTA

20230721_135628

qardaşım Salmanın (16.10.1958-05.08.66) xatirəsinə

 

Köhnə bir dolabın arxasındakı,

Mıxçadan balaca çanta asılıb.

Dəbdən düşüb gedib beləsi çoxdan,

Rəngi çəhrayıdır, duruşu yaslı.

 

Yarım əsrdir ki dolub bağlanıb,

Bu çanta açılmır, qıfılı pasda.

“Beş”lə birincini adlayan oğlan,

Tətilin bitmədi? İndi hardasan?

 

Qırmızı beşlərin rəngi çəkilər,
Vərəqlər saralıb incələrsə də.

Bu xırda çantanın içindəkilər,

Dünyanın ən böyük faciəsidir.

 

Yetişər günlərin sonu haçansa,

Yer göyə qarışar, Qiyamət qopar.

 Hüzura bir uşaq əlində çanta,
Gələrsə, Yaradan çətin söz tapar…

29 avqust 2014, Ərəbqardaşbəyli