
Qəriblər içində çoxdur eləsi:
Nə köçgün sayılar, nə də ki, qaçqın
Düşmən işğalında deyil ölkəsi,
Nə yanğın baş verib, nə də ki, daşqın.
+
Süfrənin üstündən öz evindəcə,
Bəzən qaldırılıb qovulur insan.
Deyirlər baxışla, himlə, çox incə,
Ağrısa çox olur ilan vurandan.
+
Eləcə qovulur insan ölkədən;
Əyri baxışlardan kimsə yorulur,
Var himlə gedən də, təpiklənən də.
Kim nəyə layiqsə, o cür qovulur.
+
Ağzından vururlar əgər dinərsə,
Susmağa tədricən insan alışır.
Danışmaq hüququ bir nəfərsinsə,
Səsindən bezilir, sərhəd aşılır.
+
Ölkədə yanğın yox, sular da daşmır,
Çökür zəlzələdən başqa ölkələr.
Götürüb qaçan çox amma başını,
Var könüllü gedən, var təpiklənən.
+
Çıxıb orbitindən evin və elin,
Gedir, sığınacaq verər yad ölkə.
Qatarın, uçarın, avtmobolin,
Yük yerində dönər haçansa bəlkə.
+
Dinib-danışmağa yox daha şansın,
Ölkə əlindəsə uzurpatorun.
Nə qaçır, nə köçür — qovulur insan,
Qovulub gedənin var adı: qovqun!
11.04. 2023 Samara