Архив тегов | rus poeziyasından tərcümələr

İQOR SEVERYANİN. UVERTURA

severyanin.jpg

İQOR SEVERYANİN

       (1887-1941)

         UVERTURA

               Ананасы в шампанском! Ананасы в шампанском!

Şampanda ananaslar! Şampanda ananaslar!

Möcüzəlidir dadı, alovlu və yandıran!

Norveç sayağıyam mən, həm də ispan sayağı!

İlham coşdurur məni, qələmə sarılıram!

 

Uçur aeroplanlar, qaçır avtomobillər!

Havada şütüyərək ekspreslər gedir!

Burda qucaqlaşırlar, orda kimsə döyülər!

Şampanda ananaslar! Bu, gecənin nəbzidir!

 

Ətrafında ədalı xanımların, qızların,

Həyat faciəsindən məzhəkə yaradaram.

Şampanda ananaslar! Şampanda ananaslar!

Moskva – Naqasaki! Və Marsa Nyu Yorkdan!

1915

Ruscadan tərcümə

05.08.17

Samara

 

 

İNNA LİSNYANSKAYA. «TANRI, APAR MƏNİ ONUN YERİNƏ…»

İNNA LİSNYANSKAYA

              (24.06.1928 – BAKI – 12.03.2014, İsrail)

TANRI, APAR MƏNİ ONUN YERİNƏ…

                           «Возьми меня, Господи, вместо него…»

Tanrı, apar məni onun yerinə,

Onasa rəhm elə, onasa dəymə.

Həyatda vecsizin mən ki biriyəm,

Yolla, məsləhətsə, lap cəhənnəmə.

 

Rəhm elə, yaşasın hələ dünyada,

Çalışsın, axtarsn uğur qazancı.

Razıyam əriyim qır tiyanında,

Tabutu başında yanmayım ancaq.

 

Tanrı, gözüyaşlı yalvarıram mən.

Rəhm elə, damarda qanımı dondur.

Günahıma görə apar – axı bilirsən,

Səndən daha artıq sevdiyim odur.

1978

Ruscadan tərcümə

11-12.06 – 2017

Samara

NİKOLAY RUBTSOV. «ÖLƏRƏM KREŞŞENSK ŞAXTALARINDA…»

 

NİKOLAY RUBTSOV

                                (1936 – 1971)

                   Я умру в крещенские морозы…

Ölərəm Kreşşensk şaxtalarında,

Ağcaqayınlarda çat yarananda.

Tamam dəhşət olar gələndə bahar.

Daşıb məzarlığı yenə çay basar.

Mənim qəbrimi də boz sular yaxar,

Miskin, unudulmuş tabutum çıxar.

Çırpılıb dağıdar onu dalğalar,
Qorxunc taxta-tuxta axıb yox olar.

Özüm də bilmirəm nə hoqqadır bu…

Yox, əbədi deyil ölüm yuxusu!

Ruscadan tərcümə

09.01.2017

Samara

BORİS RIJİY. EVLƏRİN, EVLƏRİN, EVLƏRİN ÜSTDƏ…

   BORİS RIJİY

                      (1974-2001)

                        Над домами, домами, домами
                        голубые висят облака…
 

Evlərin, evlərin, evlərin üstdə,

Sıralanıb qalıb mavi buludlar.

Onları görərik axır nəfəsdə,

Onlar həmişəlik bizimlə qalar.

 

Tavadaş hörülü qüllələr üstdən,

Ağ duman sürünür mavi çalarlı.

İncəyik, möhkəmik biz qranitdən,

Heç zaman heç yanda itib-batmarıq.

 

Çatlayıb qınımız dağılarsa da,

Nizamı itsə də fani həyatın –

Geri dön, gəl məni bağrına bas sən,

Bir yerdə qovuşaq əbədiyyətə.

 

Əgər üz verərsə bizə ayrılıq,

Onda yığıb apar qanadlarında,

Təkcə bəyaz duman mavi çalarlı,

Təkcə bəyaz duman apar sən onda…

1996

Ruscadan tərcümə

03.11.2016

Samara

NİNA İSKRENKO. QƏBİRİSTAN 2

  QƏBİRİSTAN

                   2

                      Кладбище ночью не то же что кладбище днем
                      Ночью на кладбище сразу же набок съезжает ментальность….               

 

 

Gecələr qəbiristan gündüzlər kimi deyil,

Gecə qəbiristanda ağıl o saat çaşır.

Xəfifcə bir xışıltı gələn tək itir başın

Təmikinlilik, ağırlıq, düşüncə itib gedir.

 

 

Gündüz qəbiristanda sən bir yoldan keçənsən
Elə bil təsadüfi, tamamilə özgə şəxs.

Gecə qəbiristanda sənə göz dikir hər kəs,

İstəyir barmağını soxa gözünə hələ.

 

Oktyabr gecəsi turşumuş qədiristan
Ən üzüntülü yerdir dünyada, yəni burdan.

Müdhiş yer çətin ola. Palçığı qurşağacan,

Vecsiz yöndəmsiz üzlər görürsən hara baxsan.

 

Ruscadan tərcümə

24.10.16

Samara

 

Boris PASTERNAK. DƏYİŞİKLİK

                      Я льнул когда-то к беднякам…

Haçansa aşnaydınm kasıb-kusubla,

Səbəbi deyildi ancaq əqidə.

Həyatları sadə, haqlı, hesablı,

Nə parad var idi, nə də dəbdəbə.

 

Tanışlığım vardı ağalarla da,

İncə cəmiyyətə bələddim hərçənd.

Müftə yeyənləri uzaq qovurdum,

Mənə qardaş idi lüt və dilənçi.

 

Alnının təriylə çörək qazanan,

İnsanla can atdım mən ünsiyyətə.

Elə buna görə mən də o zaman,

Cındır çağırıldım, yetib hörmətə.

 

Məni kəlməsiz də anlayırdılar,

Cisimdim, maddəydim, çəkim var idi.

Necə ki bəzəksiz zirzəmilər var,

Ya da ki çardaqlar – yox şüşə, pərdə.

 

İndi dəyişmişəm, mən pozulmuşam,

Elə bil zamanın güvəsi dəydi.

Hamı optimistdir, hamı da meşşan,

Hamı ayıb sayır qüssəni, dərdi.

 

Kimə etibarım vardısa bir vaxt,

Çoxdan hamısına etibarsızam.

İnsanı, İnsanı, itirdim, heyhat!

Onu hamı, hər kəs itirən andan.

 

1956

Ruscadan tərcümə

03.11. 2014 Samara

Aleksandr PUŞKİN. QURANA BƏNZƏTMƏLƏR. II

 

           II

О жены чистые пророка…

Siz ey Məhəmmədin saf arvadları,

Başqa arvadlara tay deyilsiniz.

Onun kölgəsi də sizi sarsıdar,

Təklikdən həzz alıb ömür sürün siz.

Bakirə qızları gizlədən örpək,

Sizə də yaraşır. Saxlansın gərək

Qanunlu, həyalı naza, işvəyə,

Qorunsun vəfalı, sadiq ürəklər.

Hiyləli, şərəfsiz bir baxış, nəzər,

Sizin üzünüzə qona bilməyə.

Siz ey Məhəmmədə qonaq gələnlər,

Axşam məclisinə çağırılan vaxt,

Söhbəti uzadıb gecəyə qədər,

Etməyin nəbimi yorğun, narahat.

Nəcib düşüncələr ona qanaddır.

Qəliz çıxışlarsa qəlbinə yaddır.

Heyvərə boş sözə nəbi həvəssiz,

Gəlin məclisinə həqir, iznli.

Peyğəmbərin cavan kənizlərinə

Hədsiz ehtiramla təzim edin siz.

 

1824

tərcümə: 16.02. 2014