Rusiyda yenidənqurma dövrünün ilk və ən çoxsaylı mitinqlərindən biri 1988-ci ilin yayında o vaxt hələ Kuybışev adlanan Samarada keçirilib, əslində dalbadal iki mitinq oldu, sovet ölkəsi üçün ekzotik bu tədbirlər eyniliyə varacaq qədər elə oxşardılar ki, onları bir tamaşanın baş məşqi və premyeri də adlandırmaq da olardı. Nə biri, nə diqəri, görünür ki, tamaşanı camaata sevdirmədi, çünki o meydan bir də elə mitinqlər görmədi.
Yeri gəlmişkən, o vaxt Kuybışein adını təkcə şəhər yox, həm də mitinqlərin keçirildiyi və Avropada ən böyük sayılan meydan da daşıyırdı. Özü də şəhərdən fərqli olaraq, indiyəcən daşıyır. Meydan müharibə vaxtı Stalin üçün tikilmiş bunkerin üstündədir. Stalin özü bir dəfə də bu unikal tikilidə olmayıb. Stalinçilər isə bunkerə çox gedirlər, hərçənd bunker ziyarətçilərinin çoxu, əlbəttə, stalinçi deyil…
Hər teatr tamaşında yaxud teatrallaşdırılmış tədbirdə qəhrəman olmalıdır. Birinci mitinqə vilayətin başçısı Muravyov gəlmişdi, kütlə onu fitə basıb danışmağa qoymadı. O da maşınına minib getdi və az sonra Qorbaçov tərəfindən işdən çıxarılıb, kadr seçimində möcüzələr göstərən Baş Katib yoldaş Muravyovu ondan da zəif bir yoldaşla əvəz elədi. Əslində camaatın kommunist rejimiylə heç bir barışmaz ziddiyyəti yox idi, söz azadlığından, demokratik seçkilərdən ötrü də heç kimin ürəyi axmırdı – bütün bunlar qərb hoqqalarıdır, qərbi sevməmək isə Rusiya camaatının çoxunda çəkmək, içmək və burun qurdalamaq kimidir. Əlbəttə, ziyanlı vərdişlərdir, ancaq atmaq da çətindir…
Mitinqçilər istəyirdilər ki, partiya rəhbərliyi mənzilləri ədalətlə bölsün, adamlar qazandıqları pula istədikləri şeyi ala bilsinlər və vilayət rəhbərliyinin bufetində olan kolbasadan şəhər mağazalarında da satılsın. Mitinqlər bəkə həm də ona görə təkrar olunmadı ki, tezliklə mağazalarda konservləşlirilmiş qıtığotundan başqa heç nə qalmadı. Ruslar bu bitkiyə “xren” deyirlər…
Bəlkə də uzaqgörən adamlar elə o mitinqlərin keçirildiyi saatlarda başa düşürdülər ki, Rusiya bir on-on beş ildən sonra yenə indiki ideoloji istiqamət, baxışlar sisteminə qayıdacaq. Başqa cür olsaydı, mitinq meydanın mərkəzi fiquru olan nəhəng və möhtəşəm tunc heykəlin götürülməsi tələbiylə başlanardı. Yəqin sizə çatdı ki, heykəl də Kuybışevindir və mən bu sətirləri yazdığım dəqiqələrdə öz yerindədir. Məsələ burasındadır ki, sosializmlə, xüsusən sovet sosializmiylə azad fikirli adamlar arasında həm də barışmaz estetik , hətta linqvistik ziddiyyətlər var – totalitar rejimlər heç bir siyasi fəallığa qatılmayan bir çox sənətkarları məhz bu səbəbdən burunlayırlar. Rəsmilərin kütləvi hipnoz seanslarını xatırladan diskurslarını üzvi şəkildə qəbul edə bilməyən müəllif ya yazmaqdan qalır, ya da özü də istəmədən müxalifətə qoşulur – müxalifət xüsusən şərq tipli totalitar ya avtoritar rejimli ölkədə orijinal yaradıcılıq dilinin saxlanması və ifadəsi üçün yeganə mühitdir. Çexovun əyalətdən qurtula bilməyən “üç bacı”larından biri ağrınır ki, tezliklə italyan dilini unudacaq. Şərq tipli avtoritar rejim informasiya texnologiyalarının ən imtiyazlı sahibi kimi onları tam əks istiqamətədə işlətməyə nail olur və bütün elektron vasitələrindən fasiləsiz eşidilən və görülən rəsmi diskurs ölkəni, zəngin tarixi, siyasi, mədəni ənənələrinə baxmayaraq, bütün qapıları yeddi qıfıl dalında olan əyalətə çevrilir. Öz təcrübəmdən bilirəm ki, belə ölkəyə qısa müddətə gələndə də yaxınlarla görüşün bütün əvəzsiz ləzzətini cəmi iki-üç gündən sonra başlayan ciddi tutmalar tamam korlayır – bu xəstəliyin adı klaustrofobiyadır…
Mən klaustrofobiyaya yaxın halı Samaradakı birinci mitinqdə yaşamışam. Yayın qızmarında çoxminli kütlənin içində xeyli dayanandan sonra sinirlər gərilir, düşünürsən ki, sənə hər tərəfdən pərçim olmuş tər, pivə, kilkə, kerosini xatırladan ucuz dezodarant qoxulu adamların əhatəsindən heç vaxt çıxa bilməyəcəksən. Gözümün qabağına gətirirdim ki, heykəl Kuybışev qəfildən postamentindən qopur və tonluq çəkmələrlə başlayır camaatı əzməyə…
Əlbəttə, kütləvi mitinqlərin psixoloji və sanitar-gigiyenk narahatlığı tək-tək tutulanların türmə işgəncələrinə baxanda heç nədir…
Kuybışevin heykəlini indi bütün başqa heykəllər kimi qar basıb. Ancaq cənab Putinin son mətbuat konfransında dominant olan antiliberal ritorikanı eşitdikcə, mən Avropanın ən böyük meydanında quncları bir neçə metr, hər tayı bir neçə sentner çəkmələrlə təpik döydüyünü təsəvvür edirdim. Putin diskursuyla ilhamlanan təpiklərin altındakı bunkerdə Stalin ruhu da oyana bilərdi — əgər indiyəcən yatmışdısa…
Sanki yalnız metallurq fəhlələrin “yaradıcılıq” fantaziyası və səyi ilə yaranmış heykəl antiestrtikadır və onun saxlanması ideoloji nişan və oriyentirdir.
Meydanı eybəcərləşdirən heykəli götürmək təklifləri olan kimi, rəhbərlər tarix və mədəniyyət qoruyucuları maskasını taxır, şəhərin keçmişini qorumağın vacibliyindən danışırlar ki, bu da riyakarlıqdır. Həmin rəhbərlər şəhərin əsl keçmişini heç hərracda da yox, kabinet xəlvətində çoxdan satıblar. Samaranın siması olan ağac memarlığı nümunələri ya sökülüb, ya da – sahibləri inad edəndə — yandırılıb, yerində tortabənzər varlı evləri tikilib. Parkları, sahili, idman sarayını satanlar III Aleksandrın dağıdılmış heykəlinin postamentinə calanmış Lenin heykəlinə, Kuybışevin öz adını daşıyan meydandakı abidəsinə dəymirlər. Elita bununla camaata deyir ki, hə, biz varlıyıq, biz şəxsi təyyarələrlə Kurşevillərə uçuruq, ancaq biz sizdənik, ətimiz ətinizdən, qanımız qanınızdandır. Məbədlər bərpa olunub, heykəllər saxlanılıb, rusların özünün dediyi kimi, canavarlar da toxdur, qoyunlar da salamatdır…
Azərbaycanda heykəlləri söküb-dağıdanların o vaxt ağlına da gəlməzdi ki, tezliklə qayıdacaq köhnə hakimiyyətə necə xidmət ğöstərir. Bilmirəm, indi bir nəfərə qoyulan heykəllərə yer açanlara sağ ol deyildimi…
16.02.08. Samara
Azadlıq qəzeti