Архив тегов | şəhər haqqında şeir

«ÇƏTİN, ÇOX ÇƏTİNDİR PİYADAÇILIQ…»

İndiki zamanda şəhər yerində,
Çətin, çox çətindir piyadaçılıq.

Evin qapısından qırağa çıxcaq,
Həyatın, bilirsən, təhlükədədir.

 +

Sanki sürücülər düşməni görür,
Səni həndəvərdə görən dəqiqə,
Eləsi az qalır çıxa səkiyə,
Eləsi maşını üstünə sürür.

 +

Göz ağardanı var, qışqıranı var,
Biri işarəylə silah göstərir.

Bəlkə də kiminsə namaz üstədir,

Ya ayrı səbəbdən yan sovuşurlar.

 +

Susmur nəriltisi mühərriklərin,

Əsirsən piyada zolağında da,
Sanki zebra  deyil ayağın altda,
Keçirsən pələngin belində sanki.

 +

Sükan arxasında qadınsa əgər,
Qalxır avtomobil şahə də hərdən.

Səni, məni minə beləsi birdən  —
Necə ölü olaq, coşmarıq məgər…

 +

Nə deyim, çətindir piyadaçılıq,
Elə bil azlıqsan – qovulan, həqir.
Nərələr dalımca evə də gəlir –

Vura bilməyiblər, yandırır acıq…

 

23. 08. 2025, Samara

BALACA EVLƏR VƏ YEKƏ EVLƏR

Şəhərdə yekəpər, uca evlərin,
Balaca evləri gözü götürmür.

Onların yanaşı həyatı gərgin,
Həyat yox, daimi savaşdır ömür.

 +

Uca, yekəpər ev dinc duran deyil,
Gözümçıxdıdadır yazıq balaca.

Gah açıq sataşır, gah da ki, qəfil,
Yorulub oturmur yekəpər, uca.

 +

Yuxarı qatlardan ya kül əndərir,
Yanan siqareti tullayır hərdən.

Başına kranı açıb döndərir,
Özü də işəyir üstünə bəzən.

 +

Gah yanır balaca, gah suda üzür,
Sarsılıb, üzülüb barı da, dam da.

Canını dişinə yığaraq dözür,
Bu zülmə ev nədir, dözməz adam da.

 +

Balaca yekənin gözünə girir,
Korlayır peyzajı, perspektivi.

Görür yuxusunda zırpı hər gecə,
Silib yer üzündən balaca evi.

 +

Balaca zavallı neyləyə bilər? —

Uca, yekəpərin göy dəlir başı!

Şikayət elərsən – gəlib sökərlər!

Hara getsən – onun dostu, qardaşı.

 +

Sonu balacanın çatır deyəsən,

Zırpı təpiklərdən sarsılıb divar.

Var nə harayına onun tələsən,
Nə də yekəpərə “dayan” deyən var…

 

11. 04. 2024, Samara