Архив тегов | səs

SƏS

KÜR 2

                anam üçün

I

Əl, göz təmasındayıq,

Yaxınlarla biz ancaq.

On addım uzaqdasa,

Yetir səsimiz ancaq.

 

Tanrıya ünvanlanan,

Nə söz desən — deyiblər.

Bizi səsdən tanıyar

Tanrı – tanısa əgər.

 

II

 

Maneələri yarar,

Güllədən iti gedər.

İndisə qabaqlayır,

Səs öz sürətini də.

 

Sürətdə işıqlanıb,

Səsin yetişdi mənə.

Tanrıya alqış deyim,

Ya mobil telefona?

 

Keçib bulud qatından,

Ulduzlar sırasından,

Bir sərhəd tanımadan,

Səsin yetişdi mənə!

 

III

 

Səs çıxmamış boğazdan

Gözdə yaş gilələnir.

Bunun mənbəyi harda,

Bunun sürəti nədir?

 

27 fevral 2007 Samara

Xeyrulla XƏYAL. CO DASSENİN XATİRƏSİNƏ

                                                       

Bir səs gəzir gərib-gərib,

Dünyanın küçələrini.

Gəzir gündüzlərini,

Gəzir gecələrini.

 

Ürəklərdə qərar tutmaz,

Ağlayar, ağlayar, gedər.

 

Yetim-yetim uçan quş,

Kim dağıtdı yuvanı?

Dünyanı bir səs dolanır,

Ovunmur ki ovunmur.

 

Bülbül ölüb, gül ölüb,

Yas içində yaz qalıb.

Dodaq ölüb, dil ölüb,

Nəfəs qalıb, səs qalıb.

 

Bir səs gəzir başılovlu,

Soyuq bilməz, isti bilməz.

Bir səs gəzir qaşqabaqlı,
Daha bir də üzü gülməz.

 

Haray salıb bir körpə,

Ağlayar, beşiyin istər.

Uyumur, uyumur bu səs,

Ürəklərin dizi üstə…

                                                                1980, Ərəbqardaşbəyli