Molla Pənah Vaqif, bizim böyük və istəkli şairimiz bəzən elə şeylər yazır ki, adam utandığından gözüyumulu oxumaq istəyir.
“Səhər-səhər həsrət ilən gəzirdim,
Cüt qoşa nar gördüm iki sinədə.”
Görünür, klassikimiz çox temperamentli kişi, ayıb olar deyə “qızğın” demirəm. Elə səhər tezdən gözü xanımların sinəsini alıb. Narları sayır… Cüt qoşa… Yaxşı ki, salyanlılar şeir oxuyan olmurlar, oxusaydılar, deyərdilər: “Ala, bu qazaxlı nə yazır…” Salyanlılar şeir oxumurlar, salyanlılar Marksın «Kapital», Leninin «Materializm və empriokritisizim» əsərlərini oxuyurlar…
Dalına (qoşmanın) baxaq.
“Birisi qız idi, birisi gəlin,
Can qurban eylərəm ikisinə də.”
Bu qoşmanı yəqin klassikimiz müəllim olanda yox, vəzir olanda yazıb. Müəllimdə bu bilicik hardandı ki, uzaqdan hansı xanımın qız, hansının gəlin olduğunu təyin edə. Şübhə yoxdur ki, bunu yazan bilikli və təcrübəli ekspertdir…
Nikulin “Qafqaz əsiri” filmində mahnı oxuyur: “Əgər mən sultan olsaydım, üç arvadım olardı…”
A kişi nə sultan, sən elə Qarabağ xanının vəziri olsaydın, bəsindi…
“Gəlin bulaqda əl-üzünu yuyur,
Qız deyin gəl gedək, həriflər duyur”.
Qız gəlindən həyalı və həssas imiş, görür ki, şair şor gözünü dikib onların sinəsinə…
“Belə gözəl sevən əldənmi qoyur,
Can qurban eylərəm ikisinə də.”
İkisinə də! Məşədi İbadı qınayırdıq. Məşədi İbad dükançı idi. Molla Pənah müəllim, sonra saray vəziri… “İkisinə də…”
“Gəlnin dodağıdır Təbrizin məti”
Nə bildi?
“Əlli-altmış tümən qızın qiyməti”
Məşədi İbad təkcə Tarixi-Nadiri oxumurmuş, kişi yəqin ki, Vaqifin şeirlərini oxuyurmuş… Əlli-altmış tümən görəsən manatla nə qədər eləyərdi?
Molla Pənah isə gözlərini xanımların sinəsindən çəkmir.
“Gəlinin yaxası polad iynəli,
Qızın yaxasıdır çarpaz düyməli.”
Bu bəndlərdə şiddətli erotizm və hətta, salyanlılar demişkən, ayıbçılıq olsa da, oynaqlıq var, az-çox şeiriyyət var. Ancaq başı yəqin eşqbazlığa qarışdığandan şeiri bitirməyi Vaqif elə bil şagidlərindən birinə ya da nökərinə tapşırıb, o da yarıtmayıb.
Kababım olaydı, közüm olaydı,
Yar yanında ötkün sözüm olaydı,
Vaqif deyir: iki gözüm olaydı,
Baxaydım bunların ikisinə də.
Biirnci beyt, əlbəttə, cəfəngdir. İikinci beyt isə daha cəfəngdir. Bayaqdan gözləri xanımların sinəsində, indi deyir “iki gözüm olaydı”…
Məşədi İbada gülürük, çünki Məşədi aldadılıb gülünc vəziyyətə düşür və Sənəmə qane olur. Ancaq Qarabağ xanının vəziri “ikisinə də” deyirdisə, yəqin ki, istədiyi kimi olardı…
09. 10. 2025, Samara

