“Azad et!”
“Tofiq bəyə azadlıq tələb edirəm!”
“Tofiq Yaqubluya azadlıq tələb edirəm!”
Tofiq Yaqublu aclıq elan edəndən sonra Facebook-da bu tələblərin sayı gündən-günə artır. Bir saytda 1300 (min üç yüz) gördüm. Tələbkarların sayı bu sürətlə artsa, tezliklə bir milyon üç yüz minə çatar və hətta bu rəqəmi də keçər.
Və bir milyon üç yüz min yox, bundan da çox insan İnternetdə Tofiq Yaqublunun azadlığını tələb edərsə, nəticə sıfıra bərabər olar. Tofiq Yaqubluya azadlığı İnternetdə tələb eləməklə yorğan altında tələb etməyin elə bir fərqi yoxdur. Bir fərqi var ki, yorğan altında edilən tələbdən İlham Əliyevin xəbəri olmayacaq, ancaq İnternetdəki tələbləri ona göstərsələr, qarnı ağrıyanacan güləcək…
Qəribədir: niyə mənim soydaşlarımın canına birdən-birə elə bil taxtabiti daraşdı? Jurnalist qızlar bir əsrdir ki, türmədəirlər, niyə qaşınan yoxdur? Gərək qızlar da aclıq elan eləyələr? Türmədə olan qızlar və qadınlar bəlkə çörək qədər vacib şeylərdən mərhumdurlar və onların hər günü, hər saatı fövqəladə vəziyyətdir – niyə bu, kütləvi narahatlıq doğurmur?
Tofiq Yaqubluya bir səhifədə azadlıq tələb edən 1300-dən artıq insan kimdir? Ehtimal etmək olar ki, onların hamısı da olmasa, böyük əksəriyyəti risklə bağlı heç bir addıma qadir olmayan, demaqoqiyaya, boşboğazlığa meylli şəxslərdir. İlham Əliyev birdən Rusiyadakı kimi Facebook-u ekstremist ya da terrorçu təşkilat elan eləsə, o min üç yüzdən heç on üçü də onun səhifələrində özünü göstərməz. Riskə qadir, azadlığından və həyatından haqq işi üçün keçməyə hazır adamlar Facebook-da “Azad et” yazmağa özlərinə ar bilərlər, türmənin, məhkəmənin, prezident idarəsinin qabağına gedib tələblərini orda bildirərlər.
Azərbaycanda demokratik fikrin əhali arasında kütləvi dəstəyi yoxdur. Azərbaycanlı, əlbəttə, yaxşı yaşamaq istəyir, hər kəs özü başa düşdüyü kimi ədalət də istəyir, ancaq demokratik idarəçiliyə tələbat yoxdur. “Meydan hərəkat”ı demokratik hərəkat olmayıb. 1.Meydana yüz minlərlə insan Qarabağa görə yığışırdı. 2. Meydana yüz minlərlə insan iqtisadi vəziyyətin yaxşılaşacağı ümidi ilə çıxırdı. Sadə desək, xalq ümid edirdi ki, kommunist hakimiyyəti yıxılsa, hamı ucuz qiymətə ət alıb yeyə biləcək, işıq, qaz heçneçəyə olacaq. 3. Meydan hərəkatının önündəkilərdən heç birinin bioqrafiyasında demokratiya uğrunda mübarizə faktı yox idi. Xatırladım ki, Yerevandakı hərəkata uzun illər sovet dustağı olmuş Paruyr Ayrikyan rəhbərlik edirdi. Bakı Meydanının tribynasındakı “dirijorların” hamısı sovet dövründə yaxşı və hətta firavan yaşamış insanlar idilər. Bəxtiyar Vahabzadə hərəkatdan cəmi bir neçə il əvvəl Leninə poema yazıb Əliyevin dəstəyi ilə SSRİ Dövlət mükafatı alıb özü yemiş və debil oğluna yedirtmişdi… Sabir Rüstəmxanlı gəncliyindən yüksək vəzifələr tututb, onlarla kitabı çlıxıb… Qorbaçov Perestroyka elan edən kimi iy bilmişdilər…3. Meydana həm də ona görə yüz minlərlə insan çıxırdı ki, onlar heç bir risklə üzləşmirdilər. 1990-cu ilin yanvarına qədər Qorbaçov kimi tutmuşdu? Meydan, burda gərək xalq ifadəsi işlədəm, arıq eşşəyin yaylağı idi. On minlərlə tələbə dərsi buraxıb Meydana qaçırdı. Sonra onların hamısına diplom verdilər… 4. Meydan demokratik hərəkat təzahürü deyildi, demokratik hərəkatdan İsgəndər Həmidov kimi nazirlər çıxmazdı… Və Meydan fəallarından çoxu sitüasiya dəyişilən kimi qaragüruhçya, yapçıya çevrildi…
28 yaşıma qədər Azərbaycanda yaşamışam, texnikumda, universitetdə oxumuşam, demokratik fikirli bir nəfərə də rast gəlməmişəm. Mən Azərbaycandan 1981-ci ildə getmişəm. Beş-altı ilin ərzində guya demokratik fikirli yüz minlərlə adam hardan peyda oldu? Yox, o insanların əksəriyyəti, kobud desək, kabab iyinə gedirdi. Və, təkrar edirəm, Meydan hərəkatı risk yaratmırdı. Sonradan, müharibə başlayanda meydanda dörd il kabab çəkənlərin böyük əksəriyyəti qaçıb-dağıldı. Yeni yaranan orduya əsgərləri kəndlərdən burnu fırtıqlı kasıb balalarını qamarlayıb maşına basmaqla yığırdılar…
“Facebook”dakı “Azad et!” kampaniyası Azərbaycan xalqının demokratiyadan nə qədər uzaq olduğunu göstərir. Əli Kərimlinin həcmcə gündən-günə böyüyən yazılı və şifahi nitqləri adamda yalnız hiddət doğurur. Başına əlli-yüz adam yığıb küçəyə çıxa bilməyən, öz duruşuna, niqinə vurğun bu insan nəyin, kimin lideridir?
Niyə götlərini divana basıb rahatca “Azad et!” yazanların beşi, onu Tofiq Yaqublu ilə həmrəylik aclığı keçirmir? Hə? Rus demişkən, больно жрать хочется?
Sonda Facebook qəhrəmanlarına məsləhət görərdim ki, bir quyu tapıb ağızlarını söykəsinlər və İskəndər Zülqərneyn haqqında nağıldakı kimi “Azad et!” desinlər. Bəlkə o quyuda bitən qamışdan bir çoban tütək qayırar, o tütək çalınanda “Azad et!” səslənər və bu tələb İlham Əliyevin qulağına çatar…
Və İlham Atakürük qarnı ağrıyanacan gülər….
14. 04. 2025, Samara



