Архив тегов | Ulduz jurnalı

ÇİNGİZ ƏLƏKBƏRZADƏ. ALTINCI DUYĞU, AZƏRBAYCAN GÖYLƏRİNDƏ QADIN QATARI…

Çingiz Ələkbərzadə 2

ƏVVƏLİ BURDA:https://xeyrulla.com/2023/11/14/cingiz-elekberzade-haqqinda-padarli-esger-ve-pyezoalisqan/

Miryusif Manafovun musiqi məktəbində direktorluğu çox çəkmədi – uzağı beş ya altı ay. Çox sözlər danışırdılar. Guya orda elə iştah açıbmış ki, mebelə, musiqi alətlərinə girişibmiş…

Çingiz Ələkbərzadə özünün də müəllifi olduğu proyektin belə başa çatmasından heç nə yazmadı. Miryusif yenə əmək müəllimliyinə, özfəaliyyət teatrının rəhbərliyinə qayıtdı.

Mən Çingiz Ələkbərzadənin o vaxtlar cəmi bir hekayəsini oxumuşdum. “Ulduz” jurnalında çıxmış bu hekayənin adı, səhv etmirəmsə, “6-cı duyğu” idi. 60-cı illərin sonlarında 6-cı hiss, 6-cı duyğu idiomu intelligent jarqonuna dönmüşdü. Öz ata-anaları, övladları, bacı-qardaşları, ərləri ya arvadları ilə ünsiyyət qura bilməyən adamlar ağaclarla, heyvanlarla, yadplanetlilərlə kontakt axtarırdılar. Bu mövzuda yazanlar da çox idi. Gənc Azərbaycan yazıçısı niyə kənarda qalmalıydı? Cəlil Məmmədquluzadədən başqa kim orijinal süjet yaradıb ki? Bolqar yazıçısı Pavel Vejinovun “Baryer” povesti çıxan kimi Anar qələminə tüpürüb “Beşmərtəbəli…” yazdı, Vejinovda qadın yox olurdu, Anar da qəhrəmannı beşmərtəbənin yox mərtəbəsinə qaldırdı. Qarsia Markesdə qadın göyə çəkilirdi. Bizim cızmaqaraçılar da başladılar qadınları uçurtmağa. Azərbaycan nəsrinin göylərində qadınlar qatar-qatar uçurdular… Əslində Anarın “Mən, sən, o və telefon” hekayəsi də plagiatdır, çünki süjet macar pyesi əsasında Hollivudda 1940-cı ildə çəkilmiş filmdən götürülüb, baş rolda Ceyms Stüart oynayır. (Shop Around The Corner).

Maraqlıdır ki, Azərbaycanfilmdə 1935-ci ildə “Altıncı hiss” adlı lal film çəkilib, rejissor Mikail Mikailov, ssenari müəllifləri isəAleksey Kapler və İvan Tartakovskidir.

Çingiz Ələkbərzadənin kekayəsinin məzmunu yadımda deyil. O vaxt rus tənqidində belə termin işlənirdi: «рефлексирующий герой». Yəni süjet mənəvi böhran keçirən, öz alıminə qapılan, öz içini eşən qəhrəmanın düşüncələri, özünütəhlili əsasında qurulur. Çingizin hekayəsində də belə bir qəhrəman vardı. Deyəsən, təyyarə salonunda oturub içini eşir. Yaxında bir qadınla bir kişi qızğın mübahisə edirlər. Qadın deyir ki, hardasa baş vermiş təyyarə qəzasında adamlar ölüblər, kişi deyir yox. Qadın isteriya halındadır. Sonra qeyzindən ağlayır və durub Çingizin qəhrəmanının yanına gəlir: “Siz deyin, qəzada adamlar olublar?” Qəhrəman da cavab verir:” Olublar, olublar…”

Oxuyanda məi fikir götürmüşdü: axı müəllifin eyhamlarından bilinirdi ki, ölən olmayıb. Bəs niyə belə sonluq?

Bir də hansı tədbirdənsə gedirdik ya da tədbirdən qayıdırdıq. Çingiz Ələkbərzadə də bizim avtobusda idi. Yaxınlaşıb soruşdum: “Hörmətli Çingiz müəllim niyə…”

Çingiz Ələkbərzadə niyəsini asta səslə dedi…

Mənim on altı yaşım vardı… Kitablar da, adamlar da maraqlı idi. Nəinki Şekspirdən ya Füzulidən, hətta toy dəvətnaməsindən, açıqcaya yazılmış yeni il ya doğum günü təbrikindən təsirlənib ağlaya bilərdim, hələ məktubları demirəm… Özfəaliyyət teatrının rəhbəri olan lotu dostuna qoşulub Stalin dövründən qalmış sınıq-salxaq ZİS avtobusunda hansı şəhər tədbirinə gedən ya hardansa gələn, biabırçı “İşıq” qəztində günlərini, aylarını yubadan bu iri, koppuş cavan mənim üçün göy cisimləri qədər uzaq olan ədəbiyyat aləminin səlahiyyətli nümayəndəsi idi. Jül Renar gündəliyində yazır: “Adam hərdən elə bir ədəbiyyat ailəsi arzulayır ki, sevdiyi sətirlərin müəllifinə qardaş deyə bilsin”. Bunu da elə o vaxtlar oxumuşdum. Sonralar başa düşdüm ki, təklik böyük ədəbiyyatçı üçün yalnız qeyri-rəsmi status deyil, təklik – tale və həyat tərzidir…

13-15 noyabr 2023, Samara

26-LARLA ÜZBƏÜZ. VAQİF CƏBRAYILZADƏ

Vidadi Məmmədoun özündən yox, başqalarından eşitmişəm ki, Vaqif Cəbrayılzadənin sərgərdanlıqdan qirtarıb adam içinə çıxmağına və ən yaxşı ədəbiyyat vəzifələrindən birini tutmağında onun ciddi rolu olub. Təhsilsiz olsa da, Vidadi Məmmədovda ədəbi istedadları tanımaq məsələsində əsil ovçu instinktinin olduğunu deyirdilər. Vaqif Cəbrayılzadədə isə ədəbi istedad şübhəsiz ki, vardı. Səhv etmirəmsə, 1978-ci ildə onun “Ulduz” jurnalında çıxmış şeirlərindən mən özüm də çox təsirlənmişdim. Ancaq mənim yerimə yaradıcılıq və yaradıcı insan  məsələlərində daha bilikli, daha həssas, daha uzaqgörən adam Vaqif Cəbrayılzadədə tezliklə başlanacaq deqradasiyanı da görməliydi. Bəlkə artıq deqradasiya başlanmışdı. “Ulduz”dakı şeirlər yəqin ki, çoxdan, on il əvvəl  yazılmışdı. 1979-80-cı illərdə Əkrəm Əylisli Vaqif Cəbrayılzadənin şeirlərini «Azərbaycan» jurnalında  şələ-şələ çap eləyəndə məlum oldu ki, o, mahir xalturaçıdır, bunu özü də gözəl başa düşür, başqalarının hay-küy salmamağı üçün hay-küyü özü salır, hamıya həmlə edir, özü də aqressiv formada. Mən onun adamlarla təhqirli rəftarının özüm şahidi olmuşam və təhqir olunanların buna niyə dözdükləri məni çox təəccübləndirirdi. Çoxlarının onun xeyirxahı saydığı Vidadi Məmmədovu Vaqif  az qala qulağı eşidə-eşidə çox ayıb bir ləqəblə çağırırdı. Mənə məlum olmayan səbəblərdən uzun illərin heçkimliyindən, məhrumiyyətlərindən çıxan Vaqif despota çevrilmişdi və yəqin ki, öz yaşadığı alçalmaların intiqamını dişinə fənd insanlardan çıxırdı. Əlbəttə, yalnız dişinə fəndlərdən. Əkrəm Əylislinin adını o da hamı kimi riqqətlə çəkir, onu “ustad” adlandırırdı. Anar kimi, Elçin kimi yükək statusluların yanında o, əlbəttə, öz yerini bilirdi…

Mən “deqradasiya” sözünü işlətdim və bunu Vaqif Cəbtrayılzadəni gözdən salmaq üçün eləmədim. Bu, sözün onun yaradıcılığının gerçık xarakteristikasıdır, diaqnozdur.

Hər iki dünya üçün də
                                daha tez ayılar qadınlar,

hamını hər an sevgiyə,

gözəlliyə yönəldən Tanrını da onlar

çox anlar kişilərdən daha tez duyar, anlar,

elə ona görə də Tanrı

onu daha çox duyduqları anlarda

qat-qat, çin-çin gözəllik yaradar qadınlarda,

o Tanrı gözəlliyi anları

Bu, poeziyadırmı? Yox, poeziya deyil! Elə bil, Qoqolun dediyi kimi, incə alətlərdən deyil, yalnız balta ağzından çıxmış “misralar” hansı dildənsə sətri tərcüməni xatırladır, həm də elə bil ki, tərceməçi dili elə də yaxşı bilmir, özü də hər iki dili – orijinalın da dilini, öz dilin də… Və deqradasiyanı görmək üçün 1978-ci ildə çao olunan bir şeirə baxın, səhv etmirəmsə, “bu dünyada kimlər yeyim”lə başlanır. Orda ən azı səmimilik var. Bu parça və onun götürüldüyü şeirin hamısı başdan-ayağa yalandır, yəni qadın, Tanrı haqqında burda dediklərinə, əlbəttə, Vaqif bircə saniyəliyə də olsun inanmır. Və necə bərbad dildir! “Qat-qat, çın-çin gözəllik” – bu necə olur? Hansı qadınlarda? Qadınlar hamısı gözəl yaransaydı, gözəl qadın söhbəti ümumiyyətlə olmazdı…. Hamlet deyirdi ki, hər şey müqayisədə tanınır…

Əslində mən nahaq yerə baş ağrıdıram və öz başımı da ağrıdıram. Yüz milyonlarla insan inanır ki, doğrudan da Maleviçin “Kvadrat”ı şedevrdir və o qaralıqda bizim görmədiyimiz nəsə var. Onları “Qara kvadrat”ın yalnız və yalnız qara rəng çəkilmiş kvadrat kətan olduğuna inandırmağa dəyərmi? Axı bu, mümkün də deyil. “Qara kvadrat”çılar aqressiv sektadır, yaxşı olar ki, başını soxmayasan…

Eləcə də Vaqif Cəbrayılzadə (Bayatlı, pardon…). Qırx ildən çoxdur ki, fasiləsiz yerüzü, göyüzü öpülür, şair diz üstdə, əlləri ya Tanrıya uzanıb, yaxud şərab badəsinə…

Yeri gəlmişkən, bir dəfə mənimlə bir yerdə Vaqif Cəbrayılzadə  “şırab bədəsi” içib, dəli dərdinə düşüb “…Azərbaycanın …lap….”

Bu, Moskvada olub. Hər ikimizi restorana indi ləzgi rəhbəri olan Arif Kərimov aparmışdı…

(ardı var)

XATİRƏLƏR: İYİRMİALTILARLA ÜZBƏÜZ

Səhv etmirəmsə, 1978-ci  ildə Azərbaycan Yazıçılar İttifaqı özünün yaratdığı “Gənc tənqidçilər birliyi”nə üzvlüyə müsabiqə elan etdi. Yazıçı Elçinin tövsiyəsi ilə mən də yazılarımı müsabiqəyə göndərdim, bir müddət sonra xəbər gəldi ki, mən Birliyə qəbul olunmuşam, məşğələlər haqqında əlavə məlumat veriləcək.

Sonra Birliyin adını tutan olmadı, bircə məşğələsi də keçirilmədi. Ancaq İttifaqın katibi Elçin mənə yazdı ki, “Ulduz” jurnalında işləyən Vidadi Məmmədovla görüşüm, o mənə məqalə sifariş verəcək.

Mən qiyabi oxuyurdum, hərdənbir Bakıya gəlirdim, gələn dəfə şəhərdə olanda “Ulduz” a gəlib Vidadi Məmmədovu tapdım.

Jurnalda tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri işləyən V. Məmmədovun oturduğu otaq birinci mərtəbədəydi, pəncərəsi 26-lar bağına açılırdı. Təxminən 20 kv m-lik otaqda iki köhnə, üstü örtüksüz stol var idi ki, onlar rayon çayxanalarının mebelinə oxşayırdılar. Stolların üstündə heç nə, hətta kağız-qələm də yox idi, mən ora gəlib-gedən vaxtlar nə vidadi Məmmədovun, nə şeir şöbəsinin təzə mdiri Vaqif Cəbrayılzadənin oturub nə isə yazdıqlarını bir dəfə görməmişdim. Stolların yeşikləri vardı, çəkilirdi, sonra bağlanmaq istəmirdi. Bir dəfə Vidadi Məmmədov elə ayaq üstə (onun oturduğunu da görməmişdim)  yeşiyi çəkib ordan bir qalın əlyazma bağlaması çıxarıdı və avazla oxumaöa başladı: “İyirminci əsrin böyük şairi Səməd Vurğun…” Və dayanııb başladı deyinməyə: “İyirminci əsrin! Bəs indi hansı əsrdir? Mən mən olmaram bunu çap eləsəm!”  — deyib əlyazmanı təzədən yeşiyə soxdu və geri basdı. Yeşik isə geri çəkilmək istəmirdi, pərçim olub qalmışdı yarıda, ancaq Vidadi Məmmədov bütün hidətini və gücünü yığıb elə yumruq vurdu ki, yeşik şaqqıltı ilə girdi yuvasına…

Deməliyəm ki, Vidadi Məmmədov alçaq boylu olsa da, əzələli qolları vardı, yeriyəndə də Azərbaycan güləşçiləri kimi çiyinlərini qövs şəklinə salırdı. Yəqin boy məsələsiylə qayğılandığından dikdaban çəkmə geyirdi…

O ki qaldı əlyazmaya, bu, mərhum İmamverdi Əbilovun idi. Məqalənin çap olunduğuna şübhəm yoxdur. Səməd Vurğun haqqında məqalə Yusif Səmədoğlunun redaktor olduğu jurnalda necə getməyə bilər? Vidadi Məmmədov elə mənim yanmda kişilənirdi…

Vidadi Məmmədov tənqidçi-zad deyildi, niyə o, tənqid və ədəbiyyatçılıq şöbəsinin müdiri olmuşdu, bu mənim üçün əvvəlcə qaranlıq idi. Ancaq az sonra daha bir neçə “görkəmli” yazanla tanış oldum və məlumatım sürətlə artdı. Ədəbiyyatçılar mühitində ikinci adamla tanış olan kimi birinci haqqında istədiyin məlumatı alırsan, ücüncü ilə tanışlıqdan sonra məlumatların həndəsi proqressiya ilə artır, hamı bir-birindən danışır. Özü də təmənnasız, gözləmirlər ki, sən də nəsə danışasan. Mən heç kim haqqında heç nə bilmirdim…

Vidadi Məmmədov haqqında az vaxtda öyrəndiklərim: 1. Elçin müəllimin qohumudur. 2. Ali təhsili yoxdur. 2. Arvadı ermənidir, iki uşaqğı var…

Deyirdilər ki, haçansa bir neçə hekayə yazıb. Haçan yazmışdı, nə yazmışdı, bilən yox idi. Ancaq “Ulduz” jurnalında iki müsahibəsini mən özüm görmüşdüm. Biri Niyazi ilə, biri də Müslüm Maqomayev ilə. Müslim Maqomayev ilə müsahibə sonradan ruscaya çevrilib ümumittifaq “Yunost” jurnalında da çap edilmişdi ki, bununla Vidadi Məmmədov fövqəladə fəxr ediridi. Şübhəm yoxdur ki, Moskva nəşri yazıçı Elçinin xidməti idi…

İlk görüşümüzdən Vidadi Məmmədov mənə çox mehribanlıq göstərdi, məndən hansı mövzuda yazmaq istədiyimi soruşdu, bilmirəm hansı mövzunu seçdik, mən də məqaləni yazıb gətirdim. Vidadi Məmmədov məni əmin elədi ki, yaxın nömrələrdə yazım gedəcək…

Yay sessiyası bir ay çəkirdi. Vidadi Məmmədov deyirdi ki, boş vaxtın olan kimi gəl, söhbət edək. Mən də gəlirdim və ikilikdə 26-lar bağında gəzirdik. Bəzən deyirdi: “Sabah hökmən gəl. 6-cı nömrə plıanlaşdırılacaq”. Mən başa düşmürdüm ki, mən küçədə gəzə-gəzə jurnalın təzə nömrəsinin planlaşdırımasına necə təsir edə bilərəm. Ancaq bunu öz-özümə fikirləşirdim, Vidadi Məmmədova demirdim, Bir müddət keçirdi, deyirdi ki, sabah hökmən gəl, 7-ci nömrə planlaşdırılacaq, sənin də yazın salınacaq…

Beləcə təxminən il yarım. Mən Moskvaya gedənə qədər. Məqalə çap olunmadı. Mən bir dəfə də yazı barəsində soruşmadım. Mənə mehribanlığına hörmətlə onu çaşqın sala biləcək sual vermək istəmirdim. Həm də məni hamıya göstərib deyirdi: “Çox istedadlı oğlandır, Salyanın ən istedadlı adamıdır…”

Bəlkə də Vidadi Məmmədov mənim məqaləmi çap etmək istərdi, həm də məni Elçin tövsiyə etmişdi, ancaq Elçin özünə görə bir kişi və bir kişinin, yəni İlyas Əfəndiyevin oğlu idisə, Yusif Səmədoğlu da başqa bir kişinin oğlu idi, şübhə olmasın deyə, “kişi”nin adınıı təxəllüs götürmüşdü və “kişi” kimi bığ buraxmışdı…

Düzdür, eyni zamanda güman edirəm ki, Vidadi Məmmədov məqaləmi heç jurnala təqdim eləməyib. İmamverdi Əbilovun məqaləsini təqdim edib, mənimkini yox…

Vidadi Məmmmədovla və onun ətrafında olan adamlarla ilk tanışlıq vaxtı cavan yazıb-pozanların əsas mövzusu Kamil Vəliyevin toyu idi. Toy yaxınlarda olmuşdu və mən bir neçə dəfə “Qızılgül” çayxanasında bu toyun müzakirəsini eşitmişəm…

(davamı var)