Архив тегов | Vəfa Nağı

SEÇKİLƏRDƏN SONRA. SALYANDA QOÇULUQ VƏ ƏXLAQIN İFLASI

salyan-2009

Salyanlıların uzun illər YerAzil (Fəzail) Ağamalını, indi də onun qızını boyunlarına mindirməyi Salyanı tanımayanlara yerli adamların qonaqsevərliyi, gəlməsevərliyi kimi görünə bilər. Salyanı az-çox tanıya adam kimi deyə bilərm ki, bu belə deyil. Salyanlılar nə qonaqsevən, nə də gəlməsevəndirlər. Əliboş qonağın qabağına orta statistik salyanlı bir stəkan çay da qoymaz. Bundan əlavə, şəhər salyanlıları, özlərinin dədə-babaları kəndçi olsalar da, royonun kəndlərindən işə, oxumağa, alverə gələnlərə qarşı həmişə yuxarıdan baxıb və hətta düşmən münasibət bəsləyiblər. Bir vaxt mənim kəndimdə yeddiillik məktəbi bitirənlər təhsillərini Salyanda davam etdirirdilər. Şəhər (yəni o vaxtlar iki cüt bit tək küçəsi olan Salyan şəhəri) uşaqları ilə kənddən gələnlərlə dostluq münasibəti yaranmırdı, kənd uşaqlarını qaranlıq tinlərdə tutub döyür, qəpik- quruşunu alırdllar. Məhəllələrindən geçən yad adamlar asataşmaq salyanlıların şakəri olub. Azərbaycanda məzuniyyətdə olarkən Salyanda qardaşımgilə ya bacımgilə gedərkən dönə-dönə saçıma, papağıma, ümumi görkəmimə sataşıblar. Özünü saxlaya bilməyib cavab verənlərin bəzən qarnını cırırdılar. Bəlkə indi adamlar dəyişiblər, yaxınlaracan  yanında qadın – arvadı, nişanlısı, bacısı – gedən kişi hər an təhqirə məruz qala bilərdi…

Mənim altımış il, əlli il, qırx il əvvəl Salyanda gördüyüm adamlardan tək-tükü salamaq qalar. Çoxunun sümükləri də çürüyər. Onlar niyə dünyaya gəlmişdilər, niyə yaranmışdılar? Saatlarda tinlərdə durub gələnə-gedənə sataşmağa? Qonşu ilə boğuşmağa? Anaşa satmağa?

İkinci dünya müharibəsindən sonrakı illərdən ta altmışıncı illərin ortalarınacan Salyanda xeyli tanınmış qoçu olub. Onlardan bir neçəsini, qocalan vaxtlarında, görmüşdüm: qoçu Səmidi, qoçu Ərəstunu. Yusif Eloğlu ilə hətta bir dəfə çay da içmişəm – dayımla yaxından tanış idi. Bunların qoçu adını necə qazandıqları mənə məlum deyil. Bir şeyi bilirəm ki, onların hər biri uzun müddət həbsdə olmuşdu və küçə xuliqanı deyildilər. Onların yerini 60-cı illərin ortalarından küçə xuliqanları tutdular. Onlar müxtəlif kalibrli idilər. İri kalibrlilər bir qayda olaraq Salyanın imtiyazlı ailələrindən çıxırdılar. Vəzifəli ataların uşaqlarına məhəbbəti onları harın, qudurğan, aqressiv böyütməklə ifadə olunurdu. Bəziləri məktəbə tapança ilə gəlirdilər – Salyan kiçik yerdir, hamı bir-birini ən azı o vaxtlar tanıyırdı – ad çəkmək istəmirəm…

Salyanda baş verən bıçaqlanmaların sayı-hesabı yoxdur, qətlə yetirilənlər yüzlərlə, mühüm orqanları ciddi zədə alıb şikəst olanlar minlərlədir. Maraqlıdır ki, bıçaq işlədənlərin əksəriyyəti sağlam, cüssəli, hətta idmanla müntəzəm məşğul olan adamlar idi. Yəni davanı əlləriylə də uda bilərdilər. Bıçaqlamaq, qan tökmək, lap türmədə oturmaq ona status qazandırırdı, üç-il beş il yatandan sonra qabağına durmağa hər adam cəsarət eləmirdi, tanınmış bıçaqvuranlar restoranda yeyib-içib hesabı ödəmədən gedə bilirdilər, taksi şoferləri havalı müştəri pul təklif eləməmiş “ala, qoy cibinə, ayıbdir” deyib xatanı özündən sovuşdururdu…

O xuliqanların da yerinə süpürgə çəkildi – narkomaniyadan ölənlər oldu, kimsə bıçaqla vuruldu, kimsə güllə ilə. Onların yerinə tamam cılızları, tüləmişləri gəldi. Canavarların yerini leşyeyənlətr tutdular…

Ancaq belə sərt, fövqəladə sərt təbiətli, hətta aqressiyaya pataloji meylli adamların yaşadığı yerdə hakimiyyətə münasibət hörmətli sayılacaq qədər neytraldır. Sovet vaxtı təyin olunan birinci katibləriin, indi rayonu hərləyən icra başçılarının içində hər cür yaramazı, yəni rüşvətxoru da, arvadbazı da,  hətta narkomanı da olub. Salyanlılar onların şəhərində, onların rayonunda özünü Xudayar katdadan da hampazor aparan bu gəlmə rəhbərlərin çıxardığı bütün hoqqalara dinməzcə susublar. Toy mərasimlərini yasa döndrən əlibıçaqlılar “raykomun” qabağından əyilə-əyilə keçiblər. Bolşevik rejimi hakimiyyıti zıbt etdiyi ilk illərdən ÇK-sı, NKVD-si, KQB-si ilə adamların ürəyinə elə xof salıb ki, onlar “rəhbərə”, “böyüyə” münasibətdə bitkiyə, tərəvəzə çevriliblər. Bir franslz komediyasında deyilir: “Brüssel kələminini götür. O düşünürmü? Yox”.

Əslində sovet-bolşevik rejimi də, indi İlham Əliyev rejiminin də ölkə əhalisinə münasibətdə əsas strateji xətti əhalini brüssel kələmi və ya boranı kimi tərəvəzə, düşünməyə qadir olmayan bitkiyə çevirməkdir. Və İlham Əliyev bu xətti bütün əhali tərəvəz halına gələnə qədər davam etdirəcək. Çünki sülalə hakimiyyətinin qalmaqalsız, arxayın və müddətsiz davamı üçün əhalinin tam itaəti lazımdır. Düşünən, xüsusən müstəqil düşünən adam tam itaətə gətirilə bilməz.

Oğru, korrupsioner olduqları, rayonu çapıb-taladıqları hamıya məlum olan başçılara qarşı əhalidə, xüsusilə onun fəallığa qabil hissəsində dözümlü və hətta hörmətli münasibətin səbəblərindən biri əxlaq problemidir. Azərbaycanlılarda əxlaq haqqında təsəvvür, təəəssüf ki, ailədaxili ya intim münasibətlərlə məhdudlaşır. Adamlar bir-birlərinin gözündə tük axtarırlar, kiməsə “gəzəyən”, “pozğun” damğası vurmaq su içmək kimi asandır. Ancaq yaltaqlıq edən əxlaqsız sayılmır. Analoqu olmyan yaltaq – indi dünyaların ən yaxşısına köçmüş Yavər Cəbrayılov İnternet qəhrəmanı olmuşdu. Bu analoqsuz heyvərə yaltağa Salyanda hörmətli adam deyirdilər, məclislədə yuxarı başda otuturdu… Rüşvət alan adam bizim xalqda əxlaqsız sayılmır. Gödək tuman geyən arvad əxlaqsızdır, dövlət xəstəxanasında xəstənin iynəsini pul almamış vurmayan tibb bacısı əxlaqsız deyil, sevdiyi adamla kəbinsiz yaşayan əxlaqsızdır, pulla işə götürən məmur, xəstəni ya onun yaxınlarını diri-diri soyan həkim xanım əxlaqsız deyil.

Salyana  Fəzail Ağamalının və ya onun qızının deputat təyin olunması həm əxlaq pozğunluğu, həm də insanlarlın Konstitisiya hüquqlarını və seçki qanunvericiliyini pozan ağır cinayətdir. Ancaq əxlaq pozğunluğunu, cinayəti vəzifəli adam, xüsusən dövlət başçısının sanksiyası ilə törədirsə, xalqın gözündə bu, nə əxlaq pozğunluğu, nə də cinayətdir. Azərbaycanlı insan ondan alınmış ləyaqətini  geri almaq üçün həm müstəqil düşünmə qabiliyyətini özünə qaytarmalı, həm də əxlaq haqqında təsəvvürünü dəyişməlidir.

Həm Salyanda, həm Netçalada deputatlığa göndərilən şortuların yanında yerli qoçular var idi. Əslində bunlar nəinki 60-70 il qabağın qoçuları, hətta onlardan sonrakı adlı xuliqanlardan da deyildilər. Bunlar əvvəlki iki zümrənin yerini tutmuş kaftarlar, qəbireşənlər, leşyeyənlər idilər. Fəzail Ağamalının qızınıın və Sabir Rüstəmxanlının kaftar arvadının ora-burasını yalayıb yal və hətta vəzifə də qazanan belə üzdəniraqlar utanmadan xalq içində gəzə bilirsə, bu, xalqın ciddi əxlaq problemi olduğunu göstərir…

05. 09. 2024, Samara

QURBAN MƏMMƏDLİ VƏ TURAL SADIQLI DEDİLƏR: «KUN!»

KUN

Bilən bilir ki, bizim Allahımız üçün mümkün olmayan heç nə yoxdur, hər hansı bir şeyin olmağını istəyirsə, “kun” deməyi kifayətdir. Dünən Qurban Məmmədlinin verilişinə baxanda mənə elə gəldi ki, Tanrı öz səlahiyyətini iki saatlığa verib ona və Tural Sadıqlıya. Və Qurban Məmmədli ilə Tural ikisi bir ağızdan “kun!” deyərək elə efirdəcə “xalq parlamenti” yaratdılar, yaradan kimi də siyahı tutub üzvlər qəbul eləməyə başladılar. Qurban bəyə aramsız zənglər gəlir, hərə öz namizədini irəli sürürdü.

-Yaz, bir oğlum Xəlil, biri Cəlil, hər ikisi parlamentə layiqdir…

— Yaz oğlum Heydəri…

— Yox, Mir Bağır ağanı yazma… O çoxdan ölüb, durub vəkillik edə bilməz…

Pardon! Qarışdırdım. Bu siyahı “Ölülər”dəndir. Ancaq Qurban Məmmədlinin Tural Sadıqlı ilə parlament siyahısı tərtib etməyi “Ölülər”dəki qəbiristanlıq səhnəsini xatırladırdı. Yadınızdadırsa, Şeyx Nəsrullahla Şeyx Əhməd dirildəcəkləri ölülərin siyahısını tərtib edirdilər. (Nə eybəcər çıxdı: “tərtib edirdilər”…)

— Tural bəy, yaz Elvin İsayevi.

-Qurban bəy, bu hansı Elvindir? Bütün talış xalqının adından Donbas separatçılaırına yardım göndərən?

— Odur, Tural bəy. Yeri gəlmişkən, burdan bütün talış separatçılarını salamlayıram. Əlikramın da ruhuna bir salavat! Bir dəqiqə, zəng gəlir. Allo, efirdəsiniz.

-Əllo, Qurban bəy, o nə siyahıdır tutursunuz? Mən burda arvadla boğuşurdum, verilişin əvvəlini görmədim. Arvad üzümə qayıtmışdı, it qızı. Qurban bəy, yardım siyahısı tutursunuzsa, bizim ailəni də yazın…

— Oldu, yazarıq. Tural bəy, davam edək.

-Mirzəlini də yazaq. Deyən dilimizdir.

-Hökmən…Yazdm.

-Məhəmməd yavaş-yavaş fransızcanı öyrənir. Yaxşı söyüşlər bilir.

-Gözəl. Mirzəli bizim intellektual resursumuzdur. Yenə zəng gəlir. Allo, efirdəsiniz, danışın.

-Allo! Qurban bəy, sizin parlament yaratmaq qərarınız məni şoka salıb. Bu, tarixi qərardır. Siz tarixi adamsınız, Tural Sadıqlı tarixi adamdır. Bizim millət tarixi millətdir.

-Sizin namizədiniz varmı?

— Var. Mənim oğlumu yazın. Polisə işə qoymaq istəyirdim, pulum çatmadı. Qoy girsin sizin parlamentə. Siz nə qədər maaş verəcəksiniz?…

— Buzovnalı Cəfəri yaz…

-Maştağalı Qəfəri də yaz…

-Yaz Əvəzi.

-Yaz Məlahəti də. Anasını da yaz.

-Ərəstun Oruclunu yaz. Ərəstunu bəyi iki dəfə yaz. 

-Yazdım. Ərəstun iki mandat. Qurban bəy, bəlkə sizin arvadınızı da yazaq?

— Yox, bizim arvad pərdeyi-ismətdədir. Validə ananı yaz…

Seçkilər ərəfəsindəki iki həfdədən çox vaxt ərzində Qurban Məmmədli həqiqətən çox ciddi siyasi maarifçilik işi görmüşdü, seçkilərə həsr olunmuş verilişlərindən bundan sonra da seçki qanunvericiliyinin təbliği, öyrənilməsi və tətbiqi sahəsində yaxşı əyani vəsait kimi istifadə etmək olar. Çox təəssüf ki, Qurban Məmmədli həftələrlə gördüyü yaxşı işi bir saatın içində po… məzhəkəyə döndərdi.

Nə xalq parlamenti? Hanı xalq? Seçki ərəfəsində başlanan siyasi maarifçiliyi yorulmadan, lazım gələrsə, illərlə davam etdirmək əvəzinə, bu adamlar balaqan yaradıb özlərini təlxəyə çevirirlər. Studiyada oturub siyahı tutmaqla parlament yaranır? Tofiq Yaqublu parlament yarada bilsəydi, yaradardı, türmədə çürüməzdi. Xalq Azərbaycandadır və bu xalqın parlament tələbatı yoxdur. Parlament adıyla balaqan yox, illərlə işləyib xalqda bu tələbatı yaratmaq lazımdır, hərçənd bu işin uğurlu olacağına heç kim zəmanət verə bilməz. Ancaq “Ölülər”dəki qəbiristanlıq səhnəsini xatırladan siyahıtutma mərasimi gördüyünüz yaxşı işləri də bayağı komediyaya çevirdi…

 

Mirzə ƏLİL

05.09. 2024, Samara