Əliağa Vahidin şeirləri gülməli olduğu qədər aktualdır da. Məsələn, “Mənim səsim” şeiri. Bu qoşma hansı seçkilərəsə həsr olunub. Yaşı qırxdan az olanlar SSRİ-də necə gözəl seçkilər keçirildiyini bilmirlər. Heyf, çox heyf! Dünyanın heç yerində o seçkilərdən yox idi. Qərb ölkələrində seçki sistemini yaradıb təkmilləşdirmək üçün əsrlər sərf olunmuşdu. Bolşeviklər 1917-ci ildə hakimiyyətə gələrək bir neçə ayın içində ən kamil seçki sistemi yaradıb hərcmərclyə son qoydular. Sovet seçki sisteminn əsas üstünlüyü onda idi ki, bir yerə bir namizəd olurdu, kommunist partiyası ilə sovet xalqının vahid namizədi, seçici də çaşbaş qalmırdı, seçki məntəqəsində tələyə düşmüş heyvan kimi həyəcan keçirmirdi ki, necə seçsin, kimi seçsin, bülleteni götürüb rahatca vahid və yeganə namizədə səs verirdi. Nə alternativ, a bala? Deyək ki, Mircəfər Bağırov Quba seçki dairəsindən SSRİ Ali Sovetinə deputatlığa namizəddir. Ona kim aternativ ola bilərdi? Kim onun, türkün məsəli, qabağına çıxa bilərdi? Nə ilə? Bağırovun tapançasının qabağına çıxanın gərək topu olaydı. Hardaydı xalqda top…
Bəli, Əliağa Vahid də yer üzündə ən demokratik seçkilərə hazırlıqda fəal iştirak edir. Əliağa Vahidi sovet demokratiyası elə cuşa gətirib ki, oxumağı gəlir. Aşığa bir “el mahnısı” sifariş verir:
“Çal, aşıq, oxuyum bir el mahnısı,
Sazında dinləsin tellər səsimi”.
Etiraf edək ki, ikinci misra basməmmədidir, buna seçki saxtakarlığı demək olmaz, ancaq basməmmədidir. Tellər səs dinləyir ya tellərindən çıxan səs dinlənilir?
Sonra Vahid özünü “qocaman bülbül” adlandırır. Düzü, mən ömründə bülbülün qocamanını görməmişəm. Heç bilmirəm ki, qoca bülbül cavan bülbüldən necə seçilir…
“Yurdumun qocaman bir bülbülüyəm”…
“Qoy səsim ən uca dağlara yetsin.
Hava dalğalansın, dumanlar getsin.”
Dumanlar hara getsin? Hava niyə dalğalanmalıdır? Havanın dalğalanmağı Azərbaycan seçkiləri üçün vacibdir?
“Dərələr, təpələr hərəkət etsin.
Öyrənsin nəhrlər, sellər səsimi.”
Dərələr, təpələr necə və hansı sımtə hərəkət etməlidirlər? Sellər Əliağa Vahidin səsindən nəyi və necə öyrənməlidirlər?
“İçilsin toylarda sərin qımızlar”
Getdi çıxdı Orta Asiyaya. Yəqin Ümumittifaq seçkiləridir. Əliağa Vahid də Səməd Vurğun kimi bütün sovet xalqının şairidir.
“Qımızları” yaman deyib! Əsl şair belə olur! “Sərin qımızlar”…
“Türkmən elləri, igid qırğızlar,
Qazaxlar, özbəklər dinlər səsimi.”
Vahid dəqiqləşdirmir: rus da qımız içməlidir ya elə öz arağını ya samoqonunu?
Dalı çox maraqlıdır.
“Rus, erməni, gürcü can bir qardaşıq”.
Bunu qəzəlxan yaman deyib. Vardanyana bunu çatdırmaq lazımdır.
“Tacik, tatar, beloruslar yoldaşıq”.
Bu misra da çox aktualdır. Elə bil bu gün üçün yazılıb. Bakının ən əziz qonaqları kimdir? İmaməli Rahmon, Lukaşenko…
“Səslər Ukraynada çöllər səsimi.”
Bu misranı dəyişmək lazımdır, Birincisi; necə yəni «səsimi səslər»? İkincisi, bu misra Rusiyanı bizdən incik sala bilər. Ramiz Rövşəndən xahiş eləmək lazımdır ki, bunun əvəzinə ayrı misra yazsın. Mənzil vəd eləsən, birinin yerinə ikisini yazar…
“Yalan söz bilmərəm, sözüm gerçəkdir,
Ölkəmiz günəşdən şəndir, göyçəkdir..”
Yalançının lap belə…
“Şairəm, sevgimə uyğundur ölkəm,
Əməkçi xalqımın dostuyam möhkəm”
Zalım oğlu, sənin xalqdan xəbərin var idi? Elə zülf, əğyar, işrət, meyxanə…Xanəndələr qırmızı onluqları basırdılar cibinə, sən də nə bilim, ay zülfün belə əsiriyəm, yar əğyarla belə gəzir, elə gəzir…
“Kəsə bilməz xain əllər səsimi.”
Səs təndir çörəyi deyil ki, əllə kəsilə…
“Budur dilimizin gözəl şüarı,
Sədaqətlə hər bir oğlan, qız, qarı
Seçib-seçilməyə var ixtiyarı. “
Aha! Elə bil İlham Əliyevin dilindən yazılıb. Oğlanın, qızın, qarının seçib-seçilməyə ixtiyarı var. Var!
İxtiyar, əlbəttə, var. Ancaq nəsə çatışmır. O çatışmayan nə şoğəribdirsə, oğlan, qız, qarı seçilmək ixtiyarını həyata keçirə bilmir. Neftçaladan bir qız möcüzə ilə bələdiyyəyə seçilmişdi, başına bir oyun açdılar ki, mandatını təhvil verib dedi ki, poxunuza yiyə durun, məndən əl çəkin…
“Zalımlar seçkidən bütün qovuldu”
Aha! İlham Əliyev deyəndir! Antimilli ünsürlər seçkidən qovulublar!.
“Düşmənin gözləri çıxdı, ovuldu”
Əliağa Vahid necə də uzaqgörən olub! Bu misranı o, Tofiq Yaqubluya həsr edib…
“Xalqımız xoş günə çıxandan bəri,
Leninin adıdır dillər əzbəri,
Heç zaman unutmaz Vahid rəhbəri,
Yazsınlar tarixə illər səsimi.”
Gözəl, çox gözəl. Ancaq mənim alaverdim var. Lenini İlhamla əvəz eləmək. Əminəm ki, Vahid sağ olsaydı, özü əvəz elərdi.
“İlhamın addır dillər əzbəri,
Heç zaman unutmaz Vahid rəhbəri…”
Mirzə Əlil
16. 07. 2024. Samara
