Архив тегов | xoşbəxtlik haqqında şeir

YAXŞI YER HARADIR? – SƏN, MƏN OLMAYAN…

26 SENT 2019. 2           

Aytəkin Axundzadəyə

Sərnişin qatarı keçəndə bəzən,
Sahildən gəmiyə baxırsan ya da.

Adamlar görürsən pəncərələrdən,

Açıq göyərtədən – yazda və yayda.

 

 

Baxırsan naməlum sərnişinlərə,
Həsəd ürəyini nədənsə didir.

Elə bilirsən ki, hamısı şən və,
Dünyanın ən yaxşı yerinə gedir..

 

 

Mən də vaqonlarda getmişəm axı,
Qol-qıç uzatmışam göyərtələrdə.

Bəlkə kimsə mənə kənardan baxıb,
Məni xoşbəxt sayıb, duyub həsəd də.

 

 

Mənsə yas içində bəlkə həmin an,
Axar qara qanım, çırtmaya bəndəm.

Yaxşı yer haradır? – sən, mən olmayan,

Sən, mən hardayıqsa – ora cəhənnəm…

 

 

Bəlkə bəxtəvərlik bizə  verilir,
Görmürük, duymuruq, ötüşür zaman…

Xoşbəxtdir — özündən kim çıxa bilir,

Dayanıb özünə baxır uzaqdan…

 

20. 01. 2020, Samara

 

DƏNİZ    

                              Bəs harda yaxşıdır?  -“Biz harda yoxsaq!”

                                    A.Qriboyedov

Bəlkə səbəb yaşdır, ayrı şey ya da,
Keçir ürəyimdən dəniz qırağı.

Düyünçə bağlayıb düşəsən yola,
Gedəsən adamsız bir yerə doğru.

 

Tapasan bu yeri son nəfəsində,

Çınqıl ola burda, qum ola burda.

Başqa səs olmaya dəniz səsindən,

Hərdən qıyya çəkə qağayılar da.

 

Göy üzü ağappaq, sularsa gömgöy,

Yalı dalğaların baş hərləndirə.

Nə sərhəd biləsən, nə də ki gömrük,

Gecələr nə qonşu itləri hürə.

 

Sahilə çırpılan taxta-tuxtadan,

Çalışıb bir koma qaralayasan.

Gün keçə, xəbərin olmaya vaxtdan,

Tapdığın, tutduğun bəs ola sənə.

 

İlğım tək görünə sənə uzaqdan,

Sən olmayan yerdən gələn gəmilər.

Yəqin ürəyini sızıldadar da,

Sən olmayan yerə gedən gəmilər.

 

Baxar bəlkə uzaq göyərtələrdən,

Əlini qoyaraq kimsə alnına.

Bəlkə sən olduğun qərib bu yer də,

Cənnət guşəsi tək görünər ona…

 

18.11.17

Samara