Архив тегов | yad

M. TSVETAYEVA KASIB VƏ SADƏ DAXMAM…

                                       Marina TSVETAYEVA

 

Kasıb və sadə daxmam,

Kasıb özüm tək donum.

Adalıyam mən axı,

Uzaq adalardanam.

 

Haçan təkəm – azadam,

Gəldin ki – yuxum haram.

Xörək asmağa yada,

Komamı da odlaram.

 

Baxdın – ev adamısan,

Gəldin – yaşa. Öz evin.

Bizim qanun asandır –

Qanımıza yazılıb.

 

Ayı alıb səmadan,

Sığallarıq ovucda.

Getdin – gəlməmiş oldun,

Yoxam özüm də daha.

 

Bıçaq yarası ancaq,

Sağalarmı birinci

Yad gələnə — çatınca,

Deyər: “Su verin içim.”

 

Aprel 1920

tərcümə:31.12.08 – 01.01.09

 

 

BU QÜSSƏNİN QƏSDİ NƏDİR…

Bu qüssənin qəsdi nədir –

Canımı min yerdən doğrar.

Üzüm qiblə səmtinədir,

Ürəyim vətənə doğru.

 

Ömürdən illər uçulur,

Cavanlığın taxtı sınır.

İsinmir bədən, uçunur,

Rusiyanın şaxtasına.

 

Mərhəmət umuruq yaddan,

Doğmalar bizə yağıdır.

Vətənin ayrılığından,

Vətəndə yaşamaq ağır.

 

Son ümidlər, son istəklər,
Can üstdə, indi keçinər.

Anam, bacım fikir çəkər –

Qocalır evin kiçiyi.

 

Ürəyim payız yarpağı,

Soyuq baxışlardan titrər.

Kipriklər tabut qapağı,

Gözlərin dərdini örtər…

16-17 oktyabr 1984, Moskva