Архив тегов | yaz haqqında şeirlər

BU YAZ SƏNİN YAZIN DEYİLDİR, QOCA…

20.03. 2020

Yaz gəlib, açılmır qaşqabağınsa,

Qoca, bu yaz sənin yazın deyildir!

Nə bir tumurcuğa durub baxırsan,
Nə quşa sevgin var, ötsə də dil-dil.

Mehin yumşağı da titrədir indi,
Ötəri yağış da üzür, sarsıdır.

Yağış nemət idi, bərəkət idi,
İndi rütubətdir, yel ağrısıdır.

Bəlkə də qlobal istiləşmə var
Hardasa. Gəzirlər bəlkə tumançaq.

Günəş eşq oyadar, qanı qaynadar,
Burdasa işığı üşüdür ancaq.

Qoca, bu yaz sənin yazın deyildir!

Yoxdur mövsümlərin yaxşısı daha.

Qışdan müsibətlə çıxmısan, indi
Görək sən bu yazdan necə çıxırsan…

24. 04. 2021, Samara

«BURDA YAZ EHTİMALDIR…»

05.03. 15 За Волгой 205.03. 15 За Волгой 305.03. 15 За Волгой 405.03. 15 За ВолгойŞəkillər 05.03. 2015-ci ildə Volqanın sağ sahilində çəkilib. Axşama yaxın…

 

SAMARADA MART SƏHƏRİ

Martın sonu. Həyatdan

Ötürdük bir qışı da.

Ancaq iz yox həyətdə,

Fəsil dəyişimindən.

 

Ağaclar donub qalıb,

Həyat əlaməti yox.

Ağardan budaqları

Qarmı belə ya qırov?

 

Səkilərin buzuna,

Külüng çalır dalandar.

Doğrudanmı yazdı bu,

Yoxsa təqvim aldadır?

 

Əllərimdə iynəsi –

Şaxta yenə qovğada.

Üfürürəm – nəfəsim,

Dumanlanır havada.

 

Qar yerişi ləngidir,

Gözdən getmir yuxu da.

Büdrəyirəm. Döngədə

Odur, kimsə yıxıldı.

 

Qucub çuqun qapağı,

İki pişik qızınır.

Sevgi çağı – yaz çağı,

Soyuqlarsa uzanır.

 

Qışsayağı hava sərt,

Bəli, bura şimaldır.

Burda qışdır həqiqət,

Burda yaz ehtimaldır…

21-29 mart 1993, Samara