BU YAZ SƏNİN YAZIN DEYİLDİR, QOCA…

20.03. 2020

Yaz gəlib, açılmır qaşqabağınsa,

Qoca, bu yaz sənin yazın deyildir!

Nə bir tumurcuğa durub baxırsan,
Nə quşa sevgin var, ötsə də dil-dil.

—

Mehin yumşağı da titrədir indi,
Ötəri yağış da üzür, sarsıdır.

Yağış nemət idi, bərəkət idi,
İndi rütubətdir, yel ağrısıdır.

—

Bəlkə də qlobal istiləşmə var
Hardasa. Gəzirlər bəlkə tumançaq.

Günəş eşq oyadar, qanı qaynadar,
Burdasa işığı üşüdür ancaq.

—

Qoca, bu yaz sənin yazın deyildir!

Yoxdur mövsümlərin yaxşısı daha.

Qışdan müsibətlə çıxmısan, indi
Görək sən bu yazdan necə çıxırsan…

24. 04. 2021, Samara