Kim deyib nemətdir qocalıq çağı?
Bunu uşaq deyib, gənc deyib ya da?
Qocalıq – bilmirsən haran ağrımır,
Hamı at belində, sənsə piyada…
—
Ağrıyan bilmirsən damaq ya dişdir,
Ağrı beyninəcən işləyir ancaq.
Tikən boğazında elə ilişir,
Sanki nəfəsini kəsib boğacaq.
—
Gəzirsən, hər addım bir işgəncədir,
Ayaq ağrısının çeşidi zəngin.
Baxırsan, bilmirsən gördüyün nədir,
Çırpınır ürəyin sinəndə gərgin.
—
Bütün nemətləri verən Tanrıdır,
Həqir duaçıyıq biz ona daim.
Varmı göndərəni ağrıların da? –
İnsan ağrısından nəşələnən kim?
—
Elə bil əbədi yetimlərik biz,
Soyuq, daşürəkli yiyə duran da.
Yedirdər pis-yaxşı, yağlı ya yağsız,
Hər tikə verəndə qapaz vurandır…
13.04. 2021, Samara