Yaxşı yadımdadır, dərs otağında
Mismara taxılan xəritələrdə,
Mənə ayrı ölkə kimi gələrdi,
Yaşadığım ölkə, haçan baxardım.
—
Rəngi solğun idi xəritələrin,
Qat kəsiyi vardı neçə yerində,
Ancaq gözü-könlü sevindirərdi,
Ölkələr içində ölkəmin yeri.
—
Gözəl ölkələrdən onu çox olsa,
Santimetrlərdi yalnız ayıran.
Barmağı sürüşdür bir az o yana,
Britaniyadır, ya da Fransa…
—
Çubuğun ucunda dəryanı adla,
Los Ancelesdəsən, Nyu Yorkdasan.
Xalqında tərpəniş, yüksəliş olsa,
Çatar öndəkinə, bəlkə qabaqlar…
—
Yüz ildir baxmıram xəritələrə,
Ölkəmin yerini bilirəm əzbər.
Aşılmır, keçilmir santimetrlər,
Yerimiz-yurdumuz həmindir hələ…
01. 04. 2021, Samara